Dərindən nəfəs ala bilərik

Yoluxma sayı azaldığına görə ayın sonundan müəyyən yumşalmalar olacağı mümkün görünür

Ölkəmizdə COVİD-19 infeksiyasına 532 yeni yoluxma faktı qeydə alınıb. 1879 nəfər isə sağalaraq evə buraxılıb. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar son sutka ərzində 8383, ümumilikdə isə 2,250,291 test aparılıb. 
Rəqəmlərdən göründüyü kimi artıq Azərbaycan  kritik dönəmi geridə qoyub. Sərt karantin rejimi tətbiq edildiyi gündən etibarən müsbət dinamika müşahidə olunur və bu hal bir aydır ki, davam edir.  

Yoluxma sayının nəzarətə alınması və  aktiv xəstə sayının azalması insanları sərt karantin rejiminin bitməsinə dair ümidləndirir. 

Ölkəmizdə koronavirus infeksiyası ilə bağlı vəziyyəti şərh edən həkim-allerqoloq Şahvələd Məmmədov "Şərq"ə açıqlamasında bildirib ki, yanvar ayının 18-dən sonra  müəyyən yumşaldılmalara gedilə bilər:

"Son vaxtlar Azərbaycanda yoluxma dinamikasına nəzər yetirəndə müsbətə doğru dəyişim müşahidə edildiyini görürük. Sağalanların sayı yoluxanlara nisbətən 3-4 dəfə artıb. Ölkəmizdə vəziyyətin yaxşıya doğru dəyişməsində koronavirus infeksiyası ilə bağlı görülən işlərin rolu olduqca vacibdir.  Artıq küçədə olan insanların hamısı qoruyucu vasitələrdən istifadə edir. Maska taxmayan birinə rast gəlmək demək olar ki, mümkün deyil. Vətəndaşlarımız tətbiq edilən qayda-qanunlara çox ciddi şəkildə riayət edirlər. Riskli günlər daha geridə qalıb. İnsanların məsuliyyətli davranması nəticəsində yoluxma sayı əvvəlkinə nisbətən aşağı düşüb. Düşünürəm ki, müsbət tendensiya davam edərsə bəzi qadağalar ləğv oluna bilər". 

Ş.Məmmədov ölkəmizdə aparılacaq vaksinasiya məsələsinə də toxunub:

"Avropa ölkələrində bu vaksinin  adətən risk qrupuna daxil olan insanlara vurulması nəzərdə tutulub. Azərbaycanda isə dünyanın əksər ölkələrində olduğu kimi  vaksinin tətbiq edilməsində ilk olaraq tibb işçilərinə üstünlük veriləcək. Növbəti sırada təhsil işçiləri yer alır. Bunun da səbəbi onların insanlarla daha çox əlaqədə olmasıdır". 

Aytac Ali