"Dərman və həkim reklamı yolverilməzdir” - Təmənnaya xidmət edir






"Qeydiyyatsız dərmanın ölkəyə daxil olması, bunların təbliği, reklamı təhlükəli məqamdır”.

Bu barədə "Sherg.az”a dərman preparatlarının reklamının qadağan olunmasına dair təklifin mahiyyətini izah edərkən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.

O diqqətə çatdırıb ki, dərman vasitələri müəyyən laboratoriyalarda yoxlanır, tərkibi haqqında rəy verildikdən sonra qeydiyyata alınır:

"Qeydiyyat ən azından təhlükəsizlik üçün zəmanətdir. Ölkəyə daxil olan hər hansı dərman preparatı təhlükəli də ola bilər. Dərman təhlükəsizliyi konsepsiyası milli təhlükəsizlik konsepsiyasının tərkib hissəsidir. Xüsusi dərmanlarla ölkədə təxribat da yarada bilərlər. Ona görə bu məsələ diqqətdə saxlanmalıdır”.

A.Qeybulla da dərman vasitələrinin reklam olunmasının əleyhinədir:

"Televiziyalarda ayrı-ayrı şəxslərin dərmanları reklam etməsi yalnız xüsusi təmənnaya xidmət edir. Dərman reklamı da, həkim reklamı da yolverilməzdir”.

Qeyd edək ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Azərbaycanda dərman vasitələrinin reklamının qadağan edilməsini təklif edib. O hesab edir ki, dərmanların reklamı alkoqollu içkilərin və siqaretin reklamından da təhlükəlidir: "Bu, Avropada da həssas məsələdir və məhdudiyyətlər var. Bizdə də buna yenidən baxılamlı və məhdudlaşdırmalıyıq. Çünki son vaxtlar baş verənlər buna kifayət qədər əsas verir”.

Aysel Aslan