“İbtidai sinif dərsliklərindəki məntiq çalışmaları ali məktəblərin magistratura pilləsinə hazırlaşan tələbələr tərəfindən belə çətinliklə yazılır""Fransa, Amerika, İngiltərə tarixini o qədər dərindən yazmışıq ki, sanki bu dərsliklər həmin ölkələrin vətəndaşları üçün yazılıb. Hətta onların bilmədikləri faktları belə öz dərsliklərimizdə əks etdirmişik”
"Bizim təhsilə yanaşma tərzimiz dünyada analoqu olmayan səviyyədədir”.
Bunu "Sherg.az”a orta məktəb şagirdlərinin dərs yükünün çox olması ilə bağlı danışarkən təhsil eksperti Kamran Əsədov deyib.
O bildirib ki, savadlı şagird təhsil göstəriciləri yaxşı olan, qəbul imtahanlarında yüksək bal toplayan şagirddir:
"Lakin əmək bazarına baxsaq, bu keyfiyyətlərə malik olan şəxslər o qədər faydalı deyil. Müxtəlif sahələrdə uğur qazananlar isə heç də yüksək təhsil göstəriciləri olmayan, aktiv həyat keçirən şəxslərdir. Lakin biz valideynlərə övladlarını bu cür yetişdirməyi tövsiyə etmirik. Onlar istəyir ki, övladları tədris olunan fənləri yüksək səviyyədə bilsinlər. Hətta humanitar sahəni seçənlərin belə texniki fənləri yaxşı bilməsini, texniki sahəni seçənlərin təbiət elmlərini yüksək mənimsəməsini tələb edirik. Bu, mümkün deyil.
Şagirdləri yükləyən valideynlər deyil. Problem dərsliklərimizdə və ümumi təhsil sistemimizdədir. Dərsliklər tədris prosesində birbaşa iştirak etməyən mütəxəssislər tərəfindən yazılır. Müxtəlif sahələrin mütəxəssisləri olduğundan hesab edirlər ki, dərsliklər akademik səviyyədə olmalıdır.
Avropa məktəblərində istifadə edilən dərslikləri öz kitablarımızla müqayisə etdikdə görürük ki, dünyanın inkişaf etmiş ölkələrində belə kitablar ali təhsil müəssisələrində keçilir. Məsələn, tarix fənnindən yazılan dərsliklər Avropada ali məktəblərdə keçiriləcək səviyyədədir. Fransa, Amerika, İngiltərə tarixini o qədər dərindən yazmışıq ki, sanki bu dərsliklər həmin ölkələrin vətəndaşları üçün yazılıb. Hətta onların bilmədikləri faktları belə öz dərsliklərimizdə əks etdirmişik”.
Dərsliklərin şəxsiyyət yetişdirməli olduğunu diqqətə çatdıran ekspertin sözlərinə görə, dərsliklərimiz buna xidmət etmir:"İbtidai sinif dərsliklərindəki məntiq çalışmaları ali məktəblərin magistratura pilləsinə hazırlaşan tələbələr tərəfindən belə çətinliklə yazılır. Dərsliklərimizin yönləndirmə funksiyasını görə bilmirik.
Günün tələbi budur ki, valideynlər uşaqları təhsilin tələblərinə uyğun yetişdirməyə çalışır. Müəllimlər isə özü səviyyəsində şagird olmağı tələb edir. Təhsil sistemimiz, dərsliklərimiz sadələşdirilməlidir. Şagirdlər bir növ "yarımçıq palançıdırlar”. Öyrəndikləri biliklərin heç biri onlara həyat və fəaliyyətləri üçün lazım deyil".
Qeyd edək ki, pediatr Vaqif Qarayev də valideynlərə şagirdləri dərs yükü ilə yükləməyi məsləhət görüb. Pediatrın sözlərinə görə, bütün uşaqların qavrama qabiliyyəti, dərsə həvəsi, diqqət konsentrasiyası eyni cür olmur. Ona görə uşaq nə qədər oxuya bilirsə, o qədər oxuyacaq.
Aysel Aslan