“Diaqnostik qiymətləndirmə bir süzgəcdir”

Almaz Həsrət: “Müəllimlər çəkinməli, qorxmalı deyillər”



Ölkəmizdə müəllimlərin iş qabiliyyətinin, bilik və bacarıqlarının yoxlanılması ilə bağlı keçirilən
imtahanlar pedaqoqun səviyyəsinin müəyyənləşməsinə olmasına imkan yaradır. İmtahanlardan
uğurlu nəticə əldə edən müəllimlər işlərində yüksək potensiala malik olduqlarını da sübut etmiş
olurlar. Professional pedaqoji təlim və təhsil, peşəkar psixoloji keyfiyyətlərə malik olmaq hər bir
müəllimin işində əsas meyar hesab olunmalıdı.
Öz üzərində daimi olaraq çalışan, yeni texnologiyalarla işləmək bacarığına malik olan
müəllimlər şagirdlərin də hərtərəfli formalaşmasını həyata keçirə bilirlər. Buna baxmayaraq bu
gün öz üzərində işləməyən müəllimlərin də mövcudluğu danılmazdır. İş potensialının
yoxlanılmasına kömək edən diaqnostik qiymətləndirmədə məqbul nəticə göstərən müəllimlərin
əmək haqqının 40 faizədək artımı gözlənilir. Bununla bağlı Təhsil Nazirliyinin İnsan resursları
şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib. O deyib ki, müəllimlərin maaşının artırılmasında
fəxri ad alması, iş stajı, ali təhsilli olması kimi amillərin də təsiri olacaq: "Biz rayonlarda
müəllimlərin maaşlarını hesablayan baş mühasiblər üçün təlimlər keçirik. Müəllimlərin
maaşındakı bu artım yanvarın 1-dən hesablanacaq. Bu il hər rayon üzrə 100-200 arası müəllim
diaqnostik qiymətləndirməyə cəlb olunub ki, onların da 40-50 nəfəri bu il yeni işə qəbul olunub.
Qalanları isə ötən il müəyyən səbəblərdən diaqnostik qiymətləndirməyə qatılmayıb. Ötən il 10
faizdən aşağı nəticə göstərən müəllimlərin sayı qiymətləndirmədə iştirak edən ümumi
müəllimlərin 1 faizini təşkil edib”.

Müəllimlərin peşə biliyinin yoxlanılması ilə bağlı keçirilən imtahanlardan danışan Azərbaycan
Respublikasının Əməkdar müəllimi Almaz Həsrət bildirib ki, bu qiymətləndirmənin keçirilməsi
imtahan verməyən müəllimlərə örnək olacaq. Onun sözlərinə görə, bacarığına və potensialına
güvənən hər bir müəllim bu diaqnostik qiymətləndirmədə iştirak etməlidir: 
"Respublikamızda son zamanlar gedən təhsil islahatlarının göz önündə olması çox təqdirəlayiq bir haldı. Hər bir özünə güvənən müəllim belə qiymətləndirmədə çəkinmədən iştirak edir. O, öz bilik və
bacarığının hansı səviyyədə olmasını sübut edir. Beləliklə də biliyinin səviyyəsinə uyğun
məvacib alacağını göstərmiş olur. Bu qiymətləndirmənin keçirilməsi olduqca yaxşı bir addımdır.
Çünki, bu cür imtahanlarda iştirak etməyən müəllimlər də öz üzərində çalışa bilərlər. Pedaqoji
kadrları hazırlayan ali təhsil müəssisələri var ki, bu müəssisələrdə təhsil alan indiki tələbələr
gələcəyin müəllimləri olacaqlar. Onlar indidən bilirlər ki, müəllimlik sənətinə çox asan nail ola
bilməzlər. Bunun üçün onlar müəyyən imtahanlardan keçməlidirlər. Təbii ki, onlar ali məktəbi
bitirir və müəllimliyi göstərən bir sənəd alır. Bu o demək deyil ki, o artıq müəllim kimiformalaşıb. Buna görə də müəllimlik fəaliyyətini davam etdirmək üçün onlar ilk növbədə
asisstenlikdən keçirlər. Eyni zamanda müəllimlərin dərs keçmə metodikası və sinifdəki
davranışları ilə tanış olandan sonra özlərində bu gücü görürlərsə, müəllimlik sənətini seçirlər. Bu
sənəti seçərkən belə qiymətləndirmədən keçmələri üçün heç vaxt çəkinməli və qorxmalı deyillər.
Diaqnostik qiymətləndirmə bir növ müəllimlərin özlərini sübut etmələridi”.

Əməkdar müəllim həmçinin bildirib ki, diaqnostik qiymətləndirmə bir sıra qüsurların da qarşısını almış olur. Bu qüsurlar da müəllimlərin dərs saatı ilə bağlıdı: "Elə vaxt olur ki, müəllimlərin gileyləndiyini eşidirik. Hansısa müəllimə daha çox dərs saatı verilməsi problemlər yaradır. Qiymətləndirmədən sonra əldə olunan yüksək nəticələr onların dərs saatı, biliyi və metodikasının səviyyəsini göstərir. Yaxşı nəticələr əldə edən müəllimlər də daha çox dərs saatına malik olur. Zəif çalışan, yeniliklərdən uzaq olan və bir sıra texnologiyalardan az istifadə edən müəllimlərin
də dərs saatının az olması bəllidir. O müəllim ki, öz üzərində işləyə bilmir, yeni texnologiyalara
və metodikalara yiyələnmir, mütləq çoxlu çalışmalıdır. Həmçinin əziyyət çəkib dövlət tərəfindən
təşkil olunan kurslara qatılmaqla özlərində müəyyən dəyişiklik yarada və yüksək bal toplamış
müəllimlərə gəlib çatmalıdırlar. Bu hal həm gənc, həm də orta və yaşlı müəllimlərə aiddir. Hər 3
kateqoriyanın nəzdində güclü və zəif müəllimlər var. Diaqnostik qiymətləndirmə onların aşkar
olunmasında bir süzgəcdir”.

Yeganə Bayramova