Dini mesajlar sağlam insanların işi deyil

“Nə qədər maarifləndirmə işi aparsaq da, cahillik dönəminə qayıtdığımızın fərqindəyik”



"Vatsap” istifadəçiləri yayılan dini mesajlardan təngə gəliblər. Diqqət çəkən məqamlardan biri "bu mesajı 25 nəfərə göndərməsən, səni bəla gözləyir” və yaxud "göndərsən 10 dəqiqə sonra sevindirici xəbər alacaqsan” kimi başlıqların olmasıdır.

Qeyd edək ki, göndərilən mesajların bir qismi içməli suların tərkibində ciddi xəstəliklərin olması ilə bağlı idi. Görünür, kimliyi bəlli olmayan bir qrup şəxslər belə məlumatları yaymaqla insanları təşvişə salmaq niyyətindədir. Lakin məqsədin tam olaraq nədən ibarət olduğunu söyləmək, düzü o qədər də asan deyil.

Bu cür mətnlərin hər hansı bir dini əsası olmadığını deyən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli bildirib ki, din ağıla və məntiqə söykənir: "Hansısa bir mesajı göndərmədikdə "bəla gözləyir” demək sağlam düşüncəyə və məntiqə ziddir. Bu, xurafatdır, mövhumatdır və ümumiyyətlə, dinə qarşı, insanların inancına qarşı yönəlir. Sovet dövründə də poçtla məktublar şəklində belə mətnlər yayırdılar, indi bu cür mətnləri mesaj formasında göndərirlər”.


Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli isə sherg.az-a bildirib ki, belə durumların artmasına görə, millətimiz adına çox təəssüflənir: 

"Nə qədər maarifləndirmə işi aparsaq da, cahillik dönəminə qayıtdığımızın fərqindəyik”.

"Bu, artıq cəhalətin, xurafatın və mövhumatın sübutudur. Elmi-texniki tərəqqi dövründə insanların qlobal dünyaya inteqrasiya olunması zamanında insanlar Quranı oxumaq əvəzinə oradan - burdan əldə etdikləri informasiyalara inanırlar. Quranın ayələrini oxusalar, həqiqətin nə olduğunu, islamın gətirdiyi qaydaların nədən ibarət olduğunu bilsələr, bu cür xurafata dayanan mesajlara inanmazlar.
Birmənalı olaraq, dinin gətirdiyi qaydalara dayanaraq, heç bir halda belə mesajların dini dayanıqlığı olmadığını diqqətə çatdırmaq istərdim. Nəyəsə söykənərək fikir söyləmək absurddur. Belə mesajların yayılması insanların dini duyğularını istismar etməyə yönəlmiş çağırışlardır. Bunu yayanlar özləri də islama ən böyük zərbəni vuran dönüklərdir. Çünki onlar insanların dini duyğularını istismar edərək, həqiqi mərhəmət, şəfqət dinini qaralamağa çalışırlar”.

Göndərilən mesajların müvafiq qurumlar tərəfindən araşdırılmalı olduğunu deyən "Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, vatsap istifadəçiləri məsələyə diqqətli yanaşmalıdırlar. Mərkəz direktorunun sözlərinə görə, göndərilən hər mesajı açıb oxumaq və onun təsirinə düşmək, ciddi reaksiya vermək düzgün deyil: 

"Hazırda sosial media kifayət qədər inkişaf edib. Artıq hər kəsin əlində telefon var. Reallıq bundan ibarətdir ki, hər bir şəxs informasiya mənbəyidir. Bununla da onların istənilən sayda informasiyanı yayması mümkündür. Çünki həmin şəxsin olduğu açıq şəbəkədə yüz minlərlə insan var. İnsanlar artıq nəzərə almalıdır ki, onlar yalnız informasiya qəbul edən deyil, həm də sosial medianın bir üzvü kimi fəaliyyət göstərir.

Vatsap istifadəçiləri baxmalıdırlar ki, mesajlar məqsədyönlü şəkildə yayılır və ya səbəb çaşqınlıq yaratmaqdırmı? Birmənalı şəkildə demək olmaz ki, yayılan hər mesajlar ziyanlıdır. Sabah hökumət, ayrı-ayrı qruplar və insanlar tərəfindən elə mesajlar yayıla bilər ki, onlar faydalı olsun, insanlara və cəmiyyətə xeyir versin. Tövsiyə edirəm ki, vatsap, feysbuk, tvitter və s. istifadəçilər bir qədər ayıq və ehtiyalı olsunlar, elementar təhlükəsizlik qaydasına əməl etsinlər və baxsınlar ki, bu mesaj gözləniləndir, ya yox, mesaja reaksiya verməyə dəyər, yoxsa dəyməz? Nə gəldi oxuyub reaksiya vermək də düzgün olmazdı”.

O.Gündüz həmçinin vurğulayıb ki, artıq sosial media gündəlik həyatımızın ayrılmaz hissəsidir, insanlara, cəmiyyətə və dövlətə fayda verir. Amma bunun ziyanlı tərəfləri də ola bilər və gündəlik həyatımızda bunu müşahidə edirik: 

"Elə qruplar, adamlar ola bilər ki, sosial mediadan mənfi məqsədlər üçün istifadə etsinlər. Aidiyyəti təhlükəsizlik qurumlarımız var ki, onlar bu məsələ ilə bağlı monitorinq eləməlidilər. Çalışmalıdırlar ki, bəşəriyyətin bəxş elədiyi bu cür yüksək informasiya mübadiləsi vasitəsi Azərbaycanda insanlığa, cəmiyyətin inkişafına xidmət eləsin, hər bir insanın biznes, karyera qurmasına köməklik göstərsin. Qurumlar çalışmalıdır ki, müharibə şəraitində olan bir ölkədə bu cür resurslardan çaşqınlıq yaratmaq və zərərli informasiya yaymaq üçün istifadə olunmasın. Bu, hər birimizin borcu olmaqla bərabər dövlət qurumlarının diqqətində olmalıdır”.

Yeganə Bayramova