DİQQƏT: Sosial şəbəkələrdə verilən tibbi məsləhətlərə ehtiyatlı yanaşın ! - Ziyanlıdır





"İnsanlar internetdən, sosial şəbəkələrdən götürdüyü tibbi məsləhətlərin, maskaların kim tərəfindən verildiyinə diqqət etməlidir”.

Bu barədə "Sherg.az”a tibb və fəlsəfə üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı bildirib.

O vurğulayıb ki, sosial şəbəkələrdə bunları paylaşanlar tibdən xəbəri olmayan şəxslər də ola bilər:

"Əvvəl araşdırmaq lazımdır ki, bu məsləhətləri verənlər həkimdirmi? Həkim olsa belə, hər maska, hər evdə hazırlanan müalicəvi vasitə, yaxud məsləhətlər hamıya eyni cür təsir etmir. Tutaq ki, narahatlığı olan şəxs sosial şəbəkədə bitki tərkibli hansısa dərmanı qəbul etmək haqqında məsləhət alıb. Onun mədəsində daxili orqanlarında problem varsa, həmin qarışıqlardan ziyan çəkə bilər. Daxilə qəbul edilən tibbi vasitələrin fəsadları daha da artar, mədənin turşuluğunu yüksəlməsi, qanaxma baş verməsi, digər orqanların zədələnməsi kimi ciddi problemlər ortaya çıxar.

Əsas geniş yayılan məsələ üzdə, bədəndə olan müxtəlif problemlər üçün hazırlanan maskaların yayılmasıdır. Sosial şəbəkələrdə, internetdə yerləşdirilən bu maskaları necə gəldi istifadə etmək olmaz. Elə insan ola bilər ki, dərisinin xüsusiyyəti başqa olsun və istifadə etdiyi maskalar mənfi təsirlər yaratsın. Ona görə, bütün bunları həm daxilə qəbul etdikdə, həm də xaricə tətbiq etdikdə ciddi yanaşmaq lazımdır.

Müasir dövrdə bəzən kosmetik əməliyyatlar, dəri altına vurulan, amin turşu tərkibli olduğu deyilən vasitələr ömürlük aradan qaldırılmayan fəsadlara yol açır. Bunları məsləhət görən şəxslərin savadı, tibbi bilikləri, ən azından səhiyyə haqqında minimal məlumatları olmasa, hər cür fəsad ortaya çıxacaqdır”.

Qeyd edək ki, ötənlərdə adınının çəkilməsini istəməyən paytaxt sakinlərindən biri sosial şəbəkələrdə geniş yayılan tibbi məsləhətlərin ziyanları barədə redaksiyamıza şikayət edib. O bildirib ki, 23 yaşlı qız övladı  üzündəki sızanaqdan yaxa qurtarmaq üçün sosial şəbəkədəki tibbi məsləhətə əməl edib.  Belə ki, soğanı qaynadaraq onun suyunu içdikdən sonra 23 yaşlı xanımın mədəsində ciddi ağrılar baş qaldırıb. Həmin reseptin isə sızanaqlara heç bir müsbət təsiri olmayıb.   

Aysel Aslan