Dünən, politoloq İlqar Vəlizadə Azərbaycanın BMT-də Krımla bağlı keçirilən səsverməyə qatılmaması barədə Sherg.az-a danışarkən çox maraqlı məqamlara toxunub. Rəsmi Bakının bu addımını dəstəkləyən ekspert qeyd edib ki, Rusiya ilə üz-üzə durmaq Bakı üçün ziyanlıdır. Onun sözlərinə görə, ərazi münaqişələri dövlətlərin daxili məsələsi olmaqdan çıxıb, iri dövlətlərin bir-biri ilə münasibətlərinin aydınlaşdırılması səviyyəsinə çatıb. Qeyd edək ki, politoloqun bu açıqlaması feysbuk sosial şəbəkəsində ciddi polemikaya səbəb olub.
Belə ki, məsələyə ilk olaraq reaksiya verən politoloq Elxan Şahinoğlu məqalə ilə bağlı şərhində həmkarının fikirləri ilə razılaşmadığını yazıb: "
İ. Vəlizadənin fikirləri ilə razılaşmıram. Ona görə ki, işğalçı dövlətlə əlaqələr quran Rusiya ilə strateji müttəfiqlikdən danışmaq absurddur. İlqar mənim yaxın həmkarımdır, dostumdur. Fikirlərinə hörmətlə yanaşıram. Lakin nəzərə almaq lazımdır ki, işğalçı dövlətin hərbi-strateji müttəfiqi olan, hərtərəfli əlaqələr yaradan dövlət avtomatik bizim müttəfiqimiz ola bilməz. Rusiya bizim qonşumuzdur, tərəfdaş münasibətdə də olmalıyıq. Amma bu o demək deyil ki, Ermənistana hər cəhətdən dəstəyinə göz yummalıyıq.
İ. Vəlizadə o mövqedən çıxış edir ki, Rusiya ilə qarşıdurma mənfi nəticələr verə bilər. Lakin bunu nəzərə alıb, düşmən dövlətə hər cür hərbi dəstək göstərilməsinə razı olmamalıyıq. Serj Sarkisyan müsahibəsində qeyd etdi ki, Rusiyadan raketləri Azərbaycanla hərbi balansı bərpa etmək üçün aldıq. Buradan aydın olur ki, aprel döyüşlərindən sonra nəinki rəsmi İrəvan, hətta Rusiya və digər müttəfiqləri də Azərbaycanın işğal altındakı torpaqlarını geri qaytarmasından narahatlıq keçirdi. İndiki halda bunları nəzərə alıb, Rusiyanı strateji müttəfiq hesab etmək qeyri-düzgündür.Bu mənada hesab ediərm ki, ara-sıra dişlərimizi göstərməliyik, yoxsa hər dəfə başımızdan "qapaz" vuracaqlar
İ.Vəlizadə : "Moskva ilə üzbəüz duranların acı taleyi göstərir ki, uduzan hələ onların özləri olub. Son "təyyarə" hadisəsi göstərdi ki hətta Türkiyə belə bunu nəzərə almaq məcburiyyətindədir. Təssüf ki, Qərbin "mənəvi dəstəyinin" qiyməti coxdan devalvasiyaya uğruyub, rusların isə güc strategiyası real nəticələr verməkdədir. Bizim ücün əsas olan vəzifə bu gücü bizə qarşı mümkün qədər neytral vəziyyətdə saxlamaqdır".
E.Şahinoğlu :" Bəs "qapaz"a necə cavab verək?"
İ.Vəlizadə: "Gərək ki, indiki şəraitdə "qapaz" olmasın. Bu, bizə çox baha başa gələr. Bizə vurulan "qapaz"dan yalnız ermənilər udacaq"
E.Şahinoğlu: "İlqar, bizim başımıza vurulan "qapaz" dan (Ermənistana peşkəş verilən "İsgəndər" raketləri, birgə qoşun qrupları nəzərdə tutulur) söhbət gedir".
İ.Vəlizadə :" Elxan, bu belədir. PKK-ya dəstək verən də Luksemburg deyil. Türkiyə nə etməli? İsrail və Pakistandan alınan silahnan balans saxlamağa calışırıq..."
E.Şahinoğlu: "Tamam. Elmar Məmmədyarovun və digər rəsmilərimizin təbirincə desək, "Rusiya bizim strateji tərəfdaşımızdır". Bu cür "tərəfdaşı" əsəbiləşdirməyək, beyninə qan sızar, əlinə keçəni çırpar başımıza. Qoy, bildiyini etsin. Biz kimik, balaca dövlətik, o boyda dövlətə nə deyə bilərik ki?"
İ.Vəlizadə: "Elxan, ruslar demiş, sən bilirsən ki, mən sənin bildiyini bilirəm"
Ayyət Əhməd