Sosial yardımların, eləcə də pensiyaların vaxtında təyinatı baxımından belə bir mərkəzin yaranmasını vacib hesab edən iqtisadçı alimin "Sherg.az"a açıqlamasına görə, "DOST” mərkəzi bir növ Sosial ASAN Mərkəz kimi qiymətləndirilir:
"DOST" sadə vətəndaşların "dost"u olacaq - Asan, əlçatan və rüşvətsiz
Azərbaycanda "DOST” Mərkəzləri yaradılır. Ölkə başçısının müvafiq fərmanına əsasən yaradılan bu mərkəzlərdə əmək və məşğulluq, sosial təminat, ünvanlı sosial yardım, əlillik və reabilitasiya, pensiya, sosial sığorta, sosial rifah, təlim və digər xidmətlər göstəriləcək. Bu xidmətlər fiziki və hüquqi şəxslərə bir pəncərədən operativ və effektiv şəkildə, vahid standartlar əsasında, vətəndaşlarla nəzakətli davranış, açıq iş mühiti şəraitində təqdim olunacaq.
Müraciətlərlə əlaqədar bütün zəruri məlumatlar müvafiq qurumlardan və eləcə də nazirliyin bölmələrindən elektron qaydada əldə ediləcək və emal olunacaq. İlk mərkəzin ilin sonunda fəaliyyətə başlaması gözlənilir. Daha dəqiq desək, ilin sonunadək Bakının Yasamal rayonunda bu rayonun və Səbail rayonunun əhalisinə xidmət edəcək ilk DOST mərkəzinin yaradılması nəzərdə tutulur.
DOST Agentliyi ölkə başçısı İlham Əliyevin 9 avqust 2018-ci il tarixli "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq fəaliyyət göstərəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyndə DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və mərkəzlərinin, habelə cənab Prezidentin 5 sentyabr 2018-ci il tarixli Fərmanı ilə "e-sosial” internet portalının yaradılması istiqamətində konkret işlər aparılır.
DOST agentliyinin fəaliyyətinin təmin edilməsi üçün müvafiq ana sənədlərin hazırlandığını vurğulayan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin mətbuat katibi Fazil Talıbov deyib ki, sənədlər Azərbaycan I vitse prezidentinin katibliynə yaxın zamanlarda təqdim ediləcək: "Bundan sonra həmin sənədlərin Prezident İlham Əliyev tərəfindən təsdiq edilməsi gözlənilir. Hazırda ilk DOST mərkəzinin Bakı şəhərinin hansı rayonunda fəaliyyətə başlayacağı ilə bağlı müzakirələr gedir. Çox güman ki, proqrama uyğun olaraq ilin sonuna kimi ilk DOST mərkəzi açılıb istifadəyə veriləcək”.
Maraqlıdır, Azərbaycanın ikinci "ASAN”ı kimi ictimaiyyətə təqdim edilən "DOST” hamının dostu ola biləcək?
İqtisadi Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri, iqtisadçı alim Vüqar Bayramovun qənaətinə görə, DOST agentliyi və mərkəzlərinin yaradılması cənab prezidentin sosial sahədə apardığı islahatlar proqramına uyğun bu sahədə şəffaflığın, operativliyin, vətəndaş məmnunluğuna nail olunmasına yönələn və sosial cəhətdən həssas əhali qruplarına dövlətin bu sahədə göstərdiyi xidmətlərdən yararlanması məqsədilə əlçatan, bərabərlik prinsipi, şəffaflıq və ünvanlılıq prinsiplərinin tətbiq ediləcəyi mərkəzlər olacaq.
Sosial yardımların, eləcə də pensiyaların vaxtında təyinatı baxımından belə bir mərkəzin yaranmasını vacib hesab edən iqtisadçı alimin "Sherg.az"a açıqlamasına görə, "DOST” mərkəzi bir növ Sosial ASAN Mərkəz kimi qiymətləndirilir: ""DOST” Mərkəzlərinin yaradılması sosial sferada xidmətlərin şəffaflaşmasına, sosial yardımların və pensiyaların verilməsi ilə bağlı müşahidə olunan nöqsanların aradan qaldırılmasına nail olacaq.
Bilirsiniz ki, ünvanlı sosial yardım almaq imkanı olan vətəndaşlarımızın əksəriyyəti bu imkanlardan istifadə edə bilmirdilər. Nazirlik əməkdaşları onlar üçün o qədər bürokratik əngəllər yaradırdı. İnsanlar da bezib müraciətlərini geri çəkirdilər. Nəticədə isə ünvanlı sosial yardım almaq hüququ olmayan insanlar bundan faydalanır, nazirlik işçiləri ilə sövdələşirdilər. Amma "DOST” bu sferada müşahidə olunan bütün problemləri aradan qaldıracaq və şəffaflığı təmin edəcək”.
Sözügedən sahə ilə ölkə başçısının çıxışını xatırladan V. Bayramov deyib ki, bir müddət əvvəl Azərbaycan Prezidenti sosial müavinətlərin verilməsi ilə bağlı müəyyən nöqsanların və çatışmazlıqların olduğunu qeyd etmişdi:
"Bu sahədəki problemlərin aradan qaldırılması məqsədi ilə də 2018-ci il avqustun 9-da "Əhalinin sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən DOST Agentliyinin fəaliyyətinin təşkili və DOST mərkəzlərinin yaradılması, əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi məqsədi ilə prezidentin ehtiyat fondundan ilkin olaraq 2 milyon manat ayrılıb”.
Ekspertin sözlərinə görə, "DOST” vətəndaşların daha qısa zamanda və az proseduradan keçməklə sosial xidmətlərdən istifadəsi üçün yeni bir imkandır. Məmurlarla birbaşa ünsiyyət minimuma endiriləcək, sistemin elektronlaşdırılması vətəndaşların sosial yardımlardan və digər xidmətlərdən istifadəsini asanlaşdıracaq və əlçatanlığın yüksəldilməsinə gətirib çıxaracaq:
"Necə ki ASAN Xidmət əhalinin böyük bir kəsimi tərəfindən şəffaf və korupsiyasız bir qurum kimi qiymətləndirilir, DOST –da həmçinin eyni model əsasında qurulacağı üçün vətəndaşlar tərəfindən müsbət qarşılanacağını zənn edirəm. Bu Mərkəzin ASAN Xidmətin prinsipləri üzrə formalaşması sosial sahədə korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə gətirib çıxaracaq”.
Şəymən