Dövlətçiliyə əl uzadanlara heç bir güzəşt olmayacaq
“Azərbaycan xalqı bundan sonra da rahat, təhlükəsiz şəraitdə yaşayacaq”
Gəncədə icra başçısı Elmar Vəliyevə sui-qəsd edildikdən və iki polkovnikin qətlə yetirilməsindən sonra Sumqayıtda da müəyyən şəxslər aranı qarışdırmağa cəhd edib. Ard-arda yaşanan hadisələr prosesin təsadüf olmadığını birmənalı şəkildə ortaya qoyur.
Bu baxımdan Prezident İlham Əliyev iyulun 13-də hüquq-mühafizə orqanlarının rəhbərləri ilə keçirdiyi iclasda çox mühüm mesajlar verdi və ciddi xəbərdarlıqlar etdi. Ölkə rəhbəri açıq şəkildə bəyan etdi ki, iyulun 3-də və iyulun 10-da Gəncə şəhərində baş verənlər dövlətçiliyimizə qarşı cinayətlərdir. Dövlət başçısı hadisənin sıradan bir kriminal deyil, kifayət qədər ciddi mərkəzlərin planlaşdırdığı terror olayı olduğunu rəsmən açıqladı. Onu da vurğuladı ki, "bu cinayətləri törədən terrorçu qruplaşma Azərbaycanda sabitliyi pozmaq istəyir. Cinayətlərin əsas məqsədi bundan ibarətdir. Bu qanlı terror aktları cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədilə törədilib”. Dövlət başçısı din pərdəsi altında məkrli niyyətlərini həyata keçirmək istəyənlərin əməllərindən bəhs edərkən bütün xain planlardan xəbərdar olduğunu da nəzərə çatdırdı.
Prezident terror aktlarının dini şüarlar altında törədilməsinə diqqət çəkərək bunun islam dininə qarşı ən böyük cinayət olduğunu söylədi:
"İslam sülh, mərhəmət dinidir. Azərbaycan dövləti və Azərbaycan xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan islam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Bu cinayəti dinimizə bağlamaq istəyənlər dinimizə qarşı ən böyük cinayət törədiblər. Bu cinayətkarlar müsəlman deyillər və bu cinayətlər cavabsız qalmır”. Prezident qətiyyətli şəkildə dövlətimizin terrorçular və terroru dəstəkləyənlərə qarşı amansız olacağını bildirdi: "Cinayətkarlar və onların arxasında dayananlar heç vaxt öz məkrli arzularına çata bilməyəcəklər. Azərbaycan dövləti və Azərbaycan xalqı buna heç vaxt imkan verməyəcək. Bu cinayətlərdə əli olan bütün şəxslər məsuliyyətə cəlb olunacaq. Hüquq-mühafizə orqanları qarşısında bu vəzifə qoyulub, əminəm ki, biz buna nail olacağıq”. Ölkə başçısı müstəqillik tariximizdə ölkəmizə qarşı bir neçə dəfə təxribatların törədildiyini, o cümlədən terror aktlarını, dövlət çevrilişlərinə cəhdləri xatırladaraq olduqca vacib xəbərdarlıq etdi: "Bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz. Bizi tutduğumuz yoldan heç kim döndərə bilməz. Azərbaycanın müasir tarixi mənim dediklərimi dəfələrlə sübut edib. Kim ki, bizə qarşı çirkin niyyətlərlə hərəkət edib, özü bu hərəkətlərin qurbanı olub. Əvvəllər də belə olub, bu gün də belədir, bundan sonra da belə olacaq”.
Prezidentin məlum müşavirəsini şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, ölkəmizə qarşı müxtəlif təxribatlardan istifadə edərək kampaniya aparmağa cəhd göstərən dairələr var. Onun sözlərinə görə, bu hal xarici media vasitələrində Azərbaycana qarşı provokativ və tamamilə dezinformasiya xarakterli məlumatların yerləşdirilməsində özünü göstərir:
"Cənab Prezident də öz çıxışında bu məsələyə toxunmuşdu. Gedən proseslər bir daha onu göstərdi ki, bu kimi yazıların, kampaniyaların Azərbaycana heç bir təsiri yoxdur. Çünki Azərbaycan dövləti güclüdür. Ölkəmizin gücündə də ilk növbədə xalqın dəstəyi və xalq-iqtidar birliyi dayanır. Gəncədəki son hadisələr bir daha göstərdi ki, yenə də ölkəmizin inkişafı, onun müstəqil siyasəti təkcə Ermənistanı yox, bəzi başqa xarici dairələri də ciddi şəkildə narahat etməkdədir. Azərbaycan öz müstəqillik tarixində bu kimi təxribatları çox görmüşdür. Azərbaycanın müstəqil, sabit və davamlı inkişafı ilk növbədə xalq-iqtidar birliyinə əsaslanır”.
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan dünya miqyasında ən təhlükəsiz ölkələrdən biridir. Ona görə də belə təxribatların heç bir səmərəsi olmayacaq: "Azərbaycan xalqı bundan sonra da rahat, təhlükəsiz şəraitdə yaşayacaq. Gəncədə baş verən hadisələr dövlətçiliyə qarşı yönəldilmiş təxribatdır. Bu hadisə yaramaz ünsürlərin hansısa mərkəzlərdən öyrədilərək ortaya atılmasıdır. Təbii ki, həmin şəxslər layiqli cəzalarını alacaqlar. Burada ümumxalq birliyindən söhbət gedir. Xalq öz birliyini ortaya qoydu. İqtidar-xalq birliyi, səmimi münasibət özünü büruzə verdi. Polisə qarşı zor tətbiq etmək, polisə əl qaldırmaq Azərbaycan qanunlarına və dövlətə əl qaldırmaq deməkdir. Bu, Azərbaycanda sabitliyi pozmaq, insanları itaətsizliyə və terrora çağırmaqdır. Həmin şəxslər ölkədə iğtişaş yaratmağa, terror törətməyə cəhd ediblər”. Millət vəkili hesab edir ki, həmin şəxslərə heç bir güzəşt edilməməlidir, onlar Azərbaycanın qanunları çərçivəsində maksimum cəzalandırılmalıdırlar.
BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı da bildirib ki, Prezidentin kəskin mövqeyi bir daha sübut etdi ki, müstəqil Azərbaycanın dövlət maraqlarına əl uzadanlar üçün heç bir güzəşt olmayacaq:
"Terrorçularla, ölkənin sabitliyini pozmağa cəhd edənlərlə, cəmiyyətdə qorxu, xof yaratmağa cəhd edənlərlə qanunun ən sərt üzü ilə davranılacaq. Gəncə hadisələri müxtəlif xarici mərkəzlərdən idarə olunan bir təxribatdır. Birmənalı şəkildə Azərbaycan cəmiyyəti də bu cür təxribatları pislədi. Xalq çox gözəl bilir ki, ölkənin sabitliyi toxunulmazdır. Sabitliyimiz göz bəbəyimiz kimi qorunmalıdır. Hansı ölkədə problem yoxdur? Dünyanın ən çox inkişaf etmiş ölkələrində də problemlər var. Təbii ki, məmuların ən başlıca fəaliyyəti mövcud problemləri aradan qaldırmaqdır. Ancaq təxribatçı qüvvələr bundan sui-istifadə etməyə cəhd göstərir, aranı qarışdırmaq üçün hər cür şayiələr yaymağa çalışır. Buna görə də hər kəs baş vermiş hadisəyə həssas yanaşmalıdır. Heç kəs imkan verməməlidir ki, Azərbaycanın uğurlarını gözü götürməyən düşmən hansısa təxribat həyata keçirə bilsin. Görürsünüz ki, aparılan kampaniya əsasən məmurların fəaliyyəti ilə bağlıdır. Xalq hər zaman görür ki, prezidentin bütün müşavirələrdə məmurların qarşısına qoyduğu bir nömrəli tapşırıq xalqa xidmətdir. Xalq çox yaxşı bilir ki, bu gün ölkədə ən çox problemlərdən danışan da məhz Prezident İlham Əliyevdir və onların həllini də birbaşa nəzarətdə saxlayır”. N.Orduxanlı qeyd edib ki, dövlətimizin maraqlarını qorumaq hər bir vətəndaşın şərəf işidir: "Kimsə dövlət maraqlarımıza əl uzadacaqsa, onların kökünü kəsmək təkcə hüquq-mühafizə orqanları deyil, bütövlükdə xalqın işidir və biz bunu edəcəyik!”.
İsmayıl