Döyüşə tam hazırıq

Ordumuz 50 ən güclü ordu sırasında yer alır



Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının iqtisadi yekunlarına dair iclasında çıxış edən Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinə də toxunub və bir sıra əhəmiyyətli məqamlar barədə fikirlərini bildirib. Dövlət başçısı ölkəmizin ordu potensialının güclənməsi, bu istiqamətdə reytinqin artması barədə önəmli faktları açıqlayıb. Azərbaycan Ordusunun dünya miqyasında 50 ən güclü ordu sırasında yer aldığını xatırladan Prezident İlham Əliyev hərbi qüdrətimizin daha da artırılacağını bildirib:

 "Biz, öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır. Beynəlxalq reytinqlər də bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir”. Dövlət başçısı Silahlı Qüvvələrimizin gücünü göstərən iki paradın keçirilməsinə də diqqət çəkib. Bildirib ki, bu qürurlu hadisə Silahlı Qüvvələrimizin ən müasir və qüdrətli ordular sırasında yer almasına dəlalət edir. Ali Baş Komandan vurğulayıb ki, Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib və bu proses davam etdirilir: "Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi isə göstərilməyib”. Prezident diqqətə çatdırıb ki, iqtisadi gücümüz və maliyyə imkanlarımız yaxın gələcəkdə daha intensiv silahlanma prosesinin əldə edilməsinə şərait yaradacaq. Çünki bir çox silah istehsal edən ölkələr var ki, onlar bilavasitə Azərbaycanla iş birliyini həyata keçirməkdə maraqlıdırlar.

Dövlət başçısının ordu quruculuğu ilə bağlı ifadələrini "Şərq”ə dəyərləndirən hərbi-ekspert Ramil Məmmədli deyib ki, milli ordumuzun 50 ölkənin arasında göstərilməsi təsadüf sayıla bilməz. Ekspertin sözlərinə görə, dövlətimiz milli müdafiə sənayesi sektorunun daha da inkişaf etdirilməsi və istehsal sahəsinin genişləndirilməsində çox maraqlıdır: 

"Dövlət başçısı iclasda çıxışı zamanı Azərbaycanın hərbi imkanları haqda önəmli məqamları xüsusi vurğuladı. Ali Baş Komandan İlham Əliyev ordumuzun arsenalındakı müasir texnikaların sayının artırılacağını, bu məqsədlə yeni texnikaların alınacağını söylədi. Həmçinin qeyd etdi ki, ordu müasir silah və texnikalarla tam təmin olunsa da, proses yerli imkanlar sayəsində də davam etdiriləcək. İclasda vurğulandı ki, hərbi texnikanın, sursatların istehsalı ilə bağlı dövlətin yeni planları var və onlar da həyata keçiriləcək. Buradan irəli gələrək bildirmək olar ki, Prezidentin "yeni planlar var” deməsi məhz buna işarədir. Dövlət başçısının dediyi kimi bütün bu amillər ordunun döyüş qabiliyyətinin artmasına xidmət edir. Bu il keçirilən iki hərbi paraddakı nümunəvi keçid və nümayiş olunan silah və texnika bunu təsdiq edən faktlardan biridir”.

R.Məmmədli bildirib ki, Prezidentin çıxışından irəli gələn məqamları analiz etdikdə və müqayisəli təhlil apardıqda görürük ki, bu gün Azərbaycan Silahlı Qüvvələri 20 il əvvəlin ordusu deyil: 

"Beynəlxalq araşdırma mərkəzlərinin öz gücünə görə Azərbaycan Ordusu 50 ölkənin silahlı qüvvələri arasında göstərilir. Buna qısqanclıqla yanaşanlar bilməlidirlər ki, bu təhlil dünyanın ən iri hərbi araşdırma mərkəzləri tərəfindən də qəbul edilir. Hətta deyərdim ki, Azərbaycan Silahlı Qüvvələri keçmiş SSRİ respublikaları silahlı qüvvələri arasında gücünə və döyüş bacarığına görə, 2-ci yerdədir. Bu faktdır”.

İsmayıl