Dünya çalxalanır

Bəşəriyyət III Dünya müharibəsinə heç zaman bu qədər yaxın olmayıb
Rusiya-ABŞ arasında böhranın dərinləşməsi hərbi qarşıdurmanı qaçılmaz edir


Suriyada Əsəd rejiminin sivil insanlara qarşı kimyəvi silah tətbiq etməsi dünya ictimaiyyətinin kəskin etirazına səbəb olub. Əsədi qatı cinayətkar adlandıran Qərb ölkələrinin rəsmiləri Dəməşq hökuməti ilə yanaşı, onları müdafiə edən Rusiyanı da suçlayıblar. ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, Moskva kimyəvi silahdan istifadə ilə bağlı razılaşmaya xəyanət edib. Lakin həm Kreml, həm də Əsəd rejimi kimyəvi silahla heç bir əlaqələrinin olmadığını iddia ediblər. Lakin qarşı tərəfin müdafiəsinə inanmayan Vaşinqton Suriyaya cavab zərbəsi endirəcəyini deyib. Amerika ordusunun sözçüsü polkovnik Patrik Rider hərbi variantın qəti şəkildə dəyərləndirildiyini deyib: "Potensial hərbi variantlara baxırıq və onları prezident Donald Trampa təqdim edirik”.

ABŞ xəritə hazırladı - Suriya yerlə-yeksan ediləcək

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Suriya rejiminə məxsus 22 mühüm hədəfin xəritəsini hazırlayıb. Hədəflər arasında İranın dəstəklədiyi qüvvələrlə bərabər, rus əsgərlərinin də olduğu Xüms və Tartus bazaları var. Məlumata görə, vurulması nəzərdə tutulan hərbi bazalarla bağlı Fransa, İngiltərə, ABŞ və İsrail birgə hərəkət edəcək. Suriyaya məxsus hərbi qərargahlar dəniz, hava və qurudan raketlərlə vurulacaq. Suriyanın beynəlxalq əlaqələr üzrə mütəxəssisi Zəkəriyyə Molaxafçi də ABŞ-ın geniş xəritə hazırladığını, Suriyada 20-dən çox hərbi nöqtəni bir neçə gün ərzində vuracağını bildirib. Vurulması nəzərdə tutulan hədəflərin arasında hava limanları da var.

ABŞ-ın hərbi gəmiləri Suriyaya çatıb

Amerikanın "Donald Kuk” adlı hərbi gəmisi Suriya sahillərinə yaxınlaşıb. Aralıq dənizində hərəkət edən gəmi Tartusdakı Rusiya hərbi dəniz bazasının 100 kilometrliyində özünə yer edib. Rusiya hərbi təyyarələri isə azı 4 dəfə gəmi üzərindən uçuş həyata keçiriblər. ABŞ mətbuatı bu gəminin Suriyaya Kiprdən gəldiyini bildirib. Hərbi gəmi 60 ədəd "Tomaqavk” raketləri ilə təchiz edilib. Bir neçə gün sonra daha bir ABŞ hərbi gəmisi olan "Porter”in də Suriyaya gələcəyi açıqlanıb. Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebenzya ABŞ-ı Suriyaya zərbə endirməkdən imtinaya çağırıb. O, əks təqdirdə bunun ciddi nəticələrinin olacağını bildirib.

ABŞ-la Rusiya arasında savaş başlaya bilərmi?

Suriya məsələsindən dolayı ABŞ-la münasibətləri gərginləşən Rusiyadan ard-arda açıqlamalar gəlməkdədir. Rusiya Xarici işlər nazirinin müavini Mixail Boqdanov Amerika ilə baş verə biləcək savaşı istisna edib. Boqdanov Suriyadakı mövcud gərginliyin iki ölkə arasında hərbi qarşıdurmaya çevrilməsi kimi bir təhdidin olmadığını deyib: "ABŞ ilə Suriya məsələsində müzakirələri davam etdiririk. İnanıram ki, ağıllı insanlar olaraq bu məsələlərdə həll yolunu tapacağıq”.

"Suriyada kimyəvi silahın tətbiqi ilə bağlı çox aydın sübutlar var”

Almaniya kansleri Angela Merkel Suriyanın Duma şəhərində kimyəvi silahın tətbiqinə dair sübutların yetərli olduğunu bildirib. Merkel deyib ki, orada kimyəvi silahın tətbiqinə dair sübutlar aydındır: "Bunu bir daha yoxlamaq olar, lakin nəticə bizim qiymətləndirməmizi dəyişməyəcək. Açıq şəkildə bəyan etdik ki, kimyəvi silah tətbiqini qətiyyətlə qınayırıq. Deməliyəm ki, bu qədər beynəlxalq diskussiyadan sonra yenə də kimyəvi silahdan istifadə olunması dəhşət doğurur. Biz bu barədə açıq dillə danışmalıyıq”.

"ABŞ və Rusiya arasında hərbi toqquşma baş verə bilər”

Rusiyanın "Kommersant” qəzetində dərc edilən məqaləyə görə, Suriyada kimyəvi silahdan istifadə ABŞ və Rusiya arasında hərbi toqquşmalara səbəb ola bilər. Qəzet iddia edib ki, Rusiya-ABŞ arasında böhranın dərinləşməsi hərbi qarşıdurmanı qaçılmaz edir. Trampın Rusiyanı kimyəvi silahdan istifadəyə görə qəti şəkildə günahlandırması da Vaşinqton tərəfindən hərbi addımın atılacağına şərait yaradır.

"Bunun əvəzini çox ağır ödəyəcəksiz”

Türkiyə Prezidenti Rəcəb Tayyib da Əsəd rejiminə kəskin xəbərdarlıq edib. Ərdoğan hücumu lənətlədiyini bəyan edərək, cavabdehləri hədələyib: "Bu hücumu təşkil edənlər, orada qətliam törədənlər bunun əvəzini çox ağır şəkildə ödəyəcəklər”. Ərdoğan Rusiya Prezidenti Putinlə telefonda apardığı müzakirəni də xatırladaraq qeyd edib ki, hazırda kimyəvi silahla bağlı Əsəd rejiminin necə cəzalandırılması ilə bağlı müzakirələr aparır.

Duqin: "Qərb dünya müharibəsi qərarı verdi”

Rusiyalı ideoloq Aleksandr Duqin deyib ki, Skripal işi və Dumaya kimyəvi hücum yeni dünya müharibəsi başlamaq üçün arqumentlərdir. Onun sözlərinə görə, indi tamamilə aydındır ki, ABŞ-da, İngiltərədə, İsraildə müəyyən dairələr əsl dünya müharibəsi başlatmaq niyyətindədir: "Bu, Rusiyanın Suriyadakı böyük zəfərinə reaksiyadır. Buna görə Rusiya və Çinin də iştirak etdiyi BMT Təhlükəsizlik Şurasının iclasında hər hansı bir qərar qəbul edilməyəcək. Bu mümkünsüzdür, çünki Moskva və Pekin istənilən qərarı blok edəcəklər”. Ekspertin sözlərinə görə, BMT Təhlükəsizlik Şurası III Dünya müharibəsi ərəfəsində Qərb ölkələrini bir yerə toplamağa hazırlaşır: "Digər ssenarilər Qərbə müsbət nəticələr gətirə bilməz. Bir çoxları bunun absurd, imkansız olduğunu, Qərbin nöqteyi-nəzərindən rasional olmadığını düşünürlər. Ancaq bu mümkündür və rasionaldır”. Duqin bəşəriyyətin III Dünya müharibəsinə heç zaman bu qədər yaxın olmadığını bildirib: "Vəziyyət çox ciddidir. İlk dəfədir ki, o, həqiqətən ciddidir”.

Trampdan Hitler taktikası - General açıqladı

Rusiya Federal Təhlükəsizlik Xidmətinin ehtiyatda olan generalı Vladimir Cabarov deyib ki, ABŞ hərbi gəmisinin Suriya sahillərində olması çox təhlükəli situasiyadır: "Vaşinqtonda oturanlar bir az sakitləşməlidir. Ona görə ki, Suriyadakı hərbi konflikt yaxşı heç nə vəd etmir. Hərbi konflikt üçün mövcud olmayan kimyəvi hücumdan bəhanə kimi istifadə etmək sadəcə provokasiyaya bənzəyir. Bu situasiya Qlyayvits insidentinə bənzəyir. Biz artıq Amerikanı Suriyaya hücumla bağlı xəbərdar etmişik”.

"Moskva və Vaşinqton arasında birbaşa gərginlik...”

Türkiyədə yaşayan azərbaycanlı ekspert Toğrul İsmayıl deyib ki, kimyəvi hücumlarla bağlı məsələlər BMT-nin Təhlükəsizlik Şurasında bir neçə dəfə gündəmə gətirilsə də, bununla bağlı hər hansı qabaqlayıcı tədbir görülmür. O bildirib ki, kimyəvi silahların istifadəsi beynəlxalq hüququn prinsiplərinin ciddi şəkildə pozulması anlamına gəlir: 

"Dünya ictimaiyyəti Suriyada baş verənlərə əslində ciddi şəkildə reaksiya göstərmir. Son hadisələr, yəni 7 aprel tarixində Duma şəhərində kimyəvi silahdan istifadə edilməsi çox ciddi məsələdir. Baş verən hadisələr bir növ bu ərazidə gedən siyasi mübarizələrin nəticəsidir. Digər tərəfdən, Dumada baş verən hadisə bu bölgədə ilk kimyəvi silah hücumu deyil. Çünki Suriya müxalifəti və böyük güclər Suriya rejimini daha əvvəl də kimyəvi silahdan istifadə etməkdə ittiham etmişdilər. BMT son 5 il ərzində 33 belə hadisəni dəyərləndirir ki, bunun da əsas hissəsi Yaxın Şərq ölkələrində baş verən hücumlardır”.
Ekspertin sözlərinə görə, bölgədəki böhranın həll edilməsi üçün konkret addımlar atılmır:
"ABŞ Prezidenti Donald Tramp Suriyanın Duma bölgəsində baş verən kimyəvi hücumla bağlı Rusiyanı günahlandırır. Suriyada baş verənlər artıq Suriya aspektindən çıxaraq, əsasən Moskva və Vaşinqton arasında birbaşa gərginlik məsələsinə çevrilib. Rusiya-ABŞ əlaqələrinin belə pis olduğu dönəmdə Amerika Suriyaya müdaxilə edə bilər”.

İsmayıl