Dünya “Mixail” filminə baxır...

ABŞ Saakaşvilini bu səhnədə tək buraxmayacaq
Rusiya isə “Kiyev də, Mixail də növbəti dəfə bizi təəccübləndirir” deyir




Xəbər verdiyimiz kimi, Ukrayna Baş Prokurorluğu Mixail Saakaşvili barəsində axtarış elan edib. Saakaşvili "dövlət çevrilişinə cəhd”də və bir sıra cinayətkar əməllərdə təqsirləndirilir. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Larisa Sarqan Saakaşvilinin axtarışa verildiyini deyib: "Milli polis və Təhlükəsizlik Xidmətinə onu tutmaq göstərişi verilib”. Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili isə istintaqa izahat verməkdən imtina edib. "Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar bildirib ki, Saakaşvili heç bir prosessual sənəd imzalamayıb: "Nə o özü, nə də vəkilləri qanunsuz iş görməyib.

Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib. Dekabrın 6-da Ali Radanın qarşısında keçiriləcək brifinqdə Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək”.
Xatırladaq ki, Kiyevdə Marinski parkı yaxınlığında Mixail Saakaşvili tərəfdarlarının düşərgəsinə hücum olub. Hücum hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilib. Nəticədə bir neçə nəfər xəsarət alıb. Daha sonra aktivistlər çadır düşərgəsini gücləndiriblər. Deputat Semen Semençenko çadır düşərgəsinin mühafizəsi ilə bağlı özünümüdafiə instruksiyası paylamağa başlayıb. Məlumata görə, Saakaşvili hazırda düşərgə ərazisində yox, "Kiyev” mehmanaxasında qalır.

Saakaşvilinin tərəfdarları silahlanır, barrikada qururlar

Hüquq-mühafizə orqanlarının Ali Radanın qarşısında çadırlara hücum etməsindən sonra Saakaşvilinin tərəfdarları növbəti hücumun qarşısını almaq üçün barrikada hazırlamağa başlayıblar. Saakaşvilini tərəfdarları çomaq, armatur və yanğınsöndürən balonlarla silahlanıb, avtomobil şinləri və səki daşlarından maneələr qurublar. Meydanda olanların çoxu kamuflyaj forma və əleyhqazlar geyiblər. Növbəti hücumu dəf etməyə hazırlaşan fəalların sayı 50-yə yaxın olub.

"Onları mənimlə səhv saldılar”

Odessanın sabiq qubernatoru Mixail Saakaşvili Ali Radanın qarşısındakı çadırda qalan tərəfdarlarının qəddar şəkildə döyülməsinə sərt reaksiya verib. O bildirib ki, fəalları gecə yatarkən döyüblər: "Onlar məni çadırdan çıxarmaq istəyirdilər. Lakin səhv saldılar və fəalların olduğu qonşu çadıra hücum çəkdilər, adamları qəddarcasına döydülər”.

ABŞ-dan Saakaşvili ilə bağlı Kiyevə mühüm çağırış

Amerika Ukraynadakı bütün tərəfləri Mixail Saakaşvili məsələsində güc tətbiqindən qaçmağa çağırır. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Hizer Noyert situasiyanı diqqətlə izlədiklərini deyib. Onun sözlərinə görə, Ukrayna hökuməti ilə sıx əlaqə saxlayırlar: "Vaşinqtonun Kiyevlə yaxşı münasibəti var. Amma bu o demək deyil ki, biz hər şeylə razıyıq. Ukrayna hökumətini situasiyanın deskalasiyasına çağırırıq. Əgər Ukrayna hökuməti kimisə həbs edirsə, bu ölkənin qanunları və insan haqları çərçivəsindəki beynəlxalq öhdəliklər əsasında olmalıdır”.

Rusiyadan Saakaşvilinin həbsinə reaksiya...

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kiyev də, Saakaşvili də növbəti dəfə bizi təəccübləndirir: "Qalstukun yeyilməsindən dama çıxmağa qədər, o, siyasətdə müəyyən yol keçib. Yol çox qaranlıq olub. Biz baş verənləri diqqətlə izləyirik. Əlbəttə ki, bu, Ukraynanın baş ağrısıdır. Belə bir vəziyyəti düşmənə də arzulamazdım”.

"Həbs və ya ona qarşı ittihamlar Saakaşvilinin...”

Ukraynada yaşanan olaylarla bağlı "Şərq”ə danışan politoloq Sədrəddin Soltan deyib ki, Gürcüstanın keçmiş prezidenti ətrafında baş verənlər yeni hadisələr üçün təkan sayıla bilər. Ekspertin sözlərinə görə, Saakaşvili problemi Ukrayna Prezidenti Petro Poroşenkonun sədrliyi ilə 2015-ci il dekabrın 16-da keçirilən müşavirədə açıq müstəviyə keçib: 


"Həmin iclasda Odessanın qubernatoru M.Saakaşvili daxili işlər naziri Arsen Avakovu korrupsiyada ittiham etdi. Saakşvilinin bu ittihamı qarşısında acız qalan Avakov onun üstünə su atdı. Bu, Ukrayna hakimiyyətində vəziyyətin heç də normal olmadığının təzahürü idi. Gürcüstanın keçmiş prezidentinin sonrakı addımları, hakimiyyətə qarşı çıxışları vəziyyətin dəyişməsinə şərait yaratdı. Bu isə ölkənin qubernatoru olmuş şəxsin miqrasiya ilə bağlı sənədlərində saxtakarlıq aşkarlanması ilə nəticələndi.

Hər halda Ukraynada baş verənlər heç də göründüyü kimi, Saakaşvili ilə Kiyevdə hakimiyyətdə olan qüvvələr arasındakı çəkişmədən ibarət deyil. Keçmiş qubernator daha çox qərbyönlü siyasətçi olaraq tanınır. Onda belə çıxır ki, Qərb öz tərəfdarını taleyin ümidinə buraxır?! Saakaşvilinin Ukrayna siyasi səhnəsindən getməsi, yaxud yola salınmasını Krımın Rusiya tərəfindən ilhaqına da oxşatmaq olar. Qərbyönlü demokratların Ukraynanın Avropa İttifaqına inteqrasiyası istiqamətində atdıqları ilk addım Krımın ilhaqı ilə yekunlaşdı. 

O zaman Qərb dövlətləri Rusiyaya qarşı demək olar ki, ciddi müqavimət göstərmədi. İndi isə Qərb demokratik dəyərlərini tərənnüm edən Mixail Saakaşviliyə qarşı təzyiqlər sükutla qarşılanır. Ancaq fikrimizcə, bu, hələ son deyil. Ehtimal etmək olar ki, həbs və ya ona qarşı ittihamlar Saakaşvilinin Ukrayna siyasi səhnəsində siyasi reabilitasiyasına səbəb ola bilər. Çünki 2018-ci ildə Ukraynada növbəti parlament, 2019-cu ildə isə prezident seçkiləri keçiriləcək. Bu siyasi kampaniyalar məsələyə bir az fərqli ehtimalların irəli sürülməsinə səbəb olur”.

İsmayıl