Düşmənlə dil tapmaq mümkünsüzdür

Azərbaycan və Ermənistan parlamentarilərinin bir araya gəlməsi ciddi siyasi nəticə doğurmayacaq



Azərbaycan və Ermənistanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti
arasında görüş barədə ilkin razılaşmalar əldə edilib. Bu barədə Ermənistanın AŞ PA-dakı
nümayəndə heyətinin üzvü Ermine Naqdalyan məlumat verib.

Naqdalyan deyib ki, görüşün təşəbbüskarı AŞ PA-nın sədri Pedro Aqramuntdur. Görüş baş tutacağı
təqdirdə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin həlli ilə bağlı
məsələnin müzakirə ediləcəyi ehtimal olunur. 

Gözlənilən görüşlə bağlı "Şərq”ə danışan politoloq Natiq Miri bunun xalq diplomatiyasının tərkib hissəsi olduğunu deyib: "

Bilirsiz ki, xalq diplomatiyası çərçivəsində ictimai fəallar, QHT-çilər, parlament üzvləri və gələcəkdə, ola bilsin, hökumət nümayəndələri də bu cür görüşlər keçirə bilərlər. Bu, münaqişə tərəflərinin, xüsusən ictimaiyyətin biri-birinə yaxınlaşması, ən azından normal dialoq mühitinin yaradılmasına xidmət edir. Hesab edirlər ki, belə görüşlərin baş tutması tərəflər arasında qarşılıqlı güzəştlərə gətirib
çıxaracaq. Ancaq Ermənistanın təxribatçı hakimiyyəti fonunda düşmən tərəflə dil tapmaq, müsbət
nəticə əldə etmək mümkünsüzdür. Ermənistanda demokratik idarəetmə rejimi mövcud deyil. Oradabaşda duranlar Rusiya tərəfindən hakimiyyətə gətirilmiş Qarabağ klanından ibarət hərbi xuntanın
üzvləridir. İrəvan bu gün də Rusiyanın iradəsi ilə idarə olunur”. 

Ekspertin fikrincə, Ermənistan müstəqil siyasi iradəyə malik olmadığı üçün ictimai görüşlər, parlament üzvləri ilə keçirilən yığıncaqlar ciddi siyasi nəticə doğurmayacaq: "Nəzərə almaq lazımdır ki, Ermənistanda seçkilər demokratik keçirilmir və parlament üzvləri rejim tərəfindən təyin olunurlar. Belə görüşlərdə ümidverici nəticə əldə etmək çətindir. Ona görə də bu cür toplantılar imitasiya xarakteri daşıyır”.

N.Miri bildirib ki, Azərbaycan xalq diplomatiyasına önəm verir və bu istiqamətdə konkret addımlar
atır: "Erməni QHT nümayəndələri, hüquq müdafiəçiləri Azərbaycana gəldilər. Elə həmin insanların
təşəbbüsü ilə tərəflər arasında sülh platforması yaradıldı. Belə təşəbbüslər tərəfimizdən müsbət
qarşılanır. Çünki bütün məsələlər ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmur. Qarşılıqlı
olaraq hər iki tərəfin ictimaiyyətinin görüşüb fikir yürütməsi də vacibdir. Həm də bu cür siyasətlə
Azərbaycan erməni hakimiyyətinin əlindəki kozurları almış olur. Bir müddət sonra bəlli olacaq ki,
Ermənistan münaqişənin sülh yolu ilə çözümünə hazır deyil. O halda Azərbaycan problemi hərbi
yolla həll etmək şansı qazanacaq”.

İsmayıl