"Düzgün variant "gerb" yox, "herb”dir" - Filologiya elmləri doktoru





" "Gerb” sözü dilimizə rus dili vasitəsilə keçdiyinə görə, bu formada qalıb”.

Bunu "Sherg.az”a millət vəkili Rafael Hüseynovun "gerb” sözünün "herb” şəklində yazılması təklifinə münasibət bildirərkən filologiya elmləri doktoru, professor Bilal İsmayılov deyib. 

Professor da hesab edir ki, düzgün variant "herb”dir:

"Sözün mənşəyi latın dilindən – "herba” sözündən götürülübsə, onun düzgün yazılışı "herb”dir. Latın dilində bu sözün "gerba” versiyası da var. Bundan başqa rus dili lüğətlərində "gerb” sözünün mənşəyi olaraq, iki versiya – polyak və alman dilləri götürülür. 

Alman dilində bu söz "erba”, polyak dilində isə "gerb” şəklində verilib. Rus dili slavyan dilləri qrupuna aid olduğu üçün polyak dili ilə daha yaxındır. Bu baxımdan "gerb” sözünün mənşəyi polyak dilindən qaynaqlana bilər.

İstənilən halda latın dili əsas götürülür. Rus dili vasitəsilə keçdiyinə görə, bu söz dəyişilib. Rus dilində isə "h” səsi yoxdur, "q” hərfi ilə yazılır. Oxunuşda isə, nümunə olaraq, "heroy” yazılır, "geroy” tələffüz edilir. Ona görə, mübahisə yaradan sözün də "herb” olması daha ağlabatandır”.

Aysel Aslan