Əcnəbilərin Azərbaycan banklarına qoyduqları əmanətlərin miqdarı azalıb. Bu ilin iyul ayı ərzində qeyri-rezidentlərin Azərbaycanın kommersiya banklarındakı əmanətlərinin həcmi 15,5 mln. manat və ya 2,1% azalaraq avqustun 1-nə 714,8 mln. manat təşkil edib. Azalma əsasən xarici valyutada yerləşdirilən əmanətlərdə qeydə alınıb.
Qeyri-rezindetlərin iyul ayı ərzində manatla əmanətləri isə əksinə artıb. Hesabata əsasən, illik müqayisədə isə əmanətlərin həcmində 91,8 mln. manat və ya 11,4% azalma qeydə alınıb. Avqustun 1-nə əsasən, qeyri-rezidentlərin banklardakı əmanətlərinin 633,1 mln. manat və ya 88,6%-i xarici, 81,7 mln. manat və ya 11,4%-i milli valyutada yerləşdirilib.
Məsələyə münasibət bildirən bank məsələləri üzrə ekspert Əkram Həsənov "Sherg.az”a bildirib ki, bu, normal haldır. Ekspertin sözlərinə görə, xaricilərin bizim banklarda müəyyən miqdarda əmanətləri batıb:"Devalvasiyalardan sonra ölkədə bir sıra banklar bağlandı. Həmin banklarda olan vəsaitlər geriyə qaytarılmadı. Bundan əlavə banklarda əmanət üzrə faiz dərəcələri çox yüksək idi. Hazırda banklarımızda xarici valyutalarla qoyulan əmanəıtlərin faiz dərəcələri azalıb. Hətta bəzi banklarda əmanətlərə bir-iki faiz dərəcəsi müəyyən olunur.
Bu tendensiya xarici ölkələrdə də belədir. Bizim banklarda əsas problem milli valyuta şəklində olan əmanətlərin faiz dərəcəsinin yüksək olmasıdır. Həmçinin xarici vətandaşların bizim milli valyutaya etibar etmirlər”.
Kənan Eynuroğlu