Əflatun Amaşovdan TƏKLİF: "Media təmsilçiləri üçün xeyriyyə fondu yaratmaq..."

"...Onun şəffaf idarə olunmasını təmin etmək öz əlimizdədir. Bu fond əsasən media nümayəndələrinin əmək haqlarından cüzi bir hissənin tutulması ilə formalaşa bilər. Yaxud redaksiyaların ödəyəcəkləri vəsaitlərlə"



"Jurnalistlər cavan olsalar da, hər zaman müayinələrdən keçməli, ehtiyac yaranarsa, müalicə olunmalıdırlar”

Bu barədə "Sherg.az”a son aylar bir neçə jurnalistin ürək tutması nəticəsində dünyasını dəyişməsindən danışarkən Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib. 

Onun sözlərinə görə, ümumiyyətlə, əksəriyyət səhhətindəki problemlə bağlı ən son məqamda həkimə müraciət edir ki, onda da iş-işdən keçmiş olur: 

"Təəssüf ki, bizlər ümumən səhhətimizə etinasız yanaşan toplumuq. Yalnız media nümayəndələri deyil, hər kəs vaxtlı-vaxtında müayinələrdən keçməlidir. Belə olmadıqda meydana çıxan durumdan üzülürük. Jurnalist Nicat Məlikovun dünyasını dəyişməsindən də üzüldük və sarsıntı keçirdik. Ailəsi və yaxınlarına səbr diləyirəm. Allah rəhmət eləsin! "

Media sahəsində çalışanların əmək haqlarına toxunan MŞ sədri diqqətə çatdırıb ki, jurnalistlərin maaşları az olur və bəzən elə bu səbəbdən həkimə müraciət edə bilmirlər. Ə.Amaşov diqqəti xeyriyyəçilik məsələlərinə yönəldərək bildirib ki, Sovetlər Birliyi yaranandan sonra Azərbaycanda və digər müttəfiq respublikalarda xeyriyyəçilik aradan qalxdı. "Azərbaycanda Hacı Zeynalabdin Tağıyev də digərləri xəstəxanalar tikdirirdilər, məktəblər açırdılar, tələbələri xaricə təhsil almağa göndərirdilər. O cümlədən xeyriyyə təşkilatı da formalaşdırırdı. Düşünürəm ki, ənənələrin bərpası vacibdir. Əslində indinin özündə də Azərbaycanda xeyriyyəçilik var. 

Bununla bağlı konkret nümunələri görürük. Ancaq hesab edirəm ki, jurnalistlərin sırf bu istiqamətdə də təşkilatlanmaları mütləqdir. Media təmsilçiləri üçün xeyriyyə fondunu yaratmaq, onun şəffaf idarə olunmasını təmin etmək öz əlimizdədir. Bu fond əsasən media nümayəndələrinin əmək haqlarından cüzi bir hissənin tutulması ilə formalaşa bilər. Yaxud redaksiyaların ödəyəcəkləri vəsaitlərlə. Təbii ki, ayrı-ayrı imkanlı şəxslərin də fonda maliyyə yardımı göstərməsi mümkündür. Bununla ehtiyacı olan, əsasən də başçısını vaxtsız itirən media ailələrinin maddi sıxıntılarının aradan qaldırılması asanlaşar".

Jurnalistlər üçün zabitlər və polis nəfərləri kimi dövlət tərəfindən icbari tibbi sığortanın tətbiqinin mümkünlüyünə gəlincə, Ə.Amaşov vurğulayıb ki, Daxili İşlər Nazirliyi, Azərbaycan Silahlı Qüvvələri və digər güc strukturları büdcə təşkilatlarıdır: 

"Daxili işlər, ümumən hüquq-mühafizə orqanlarında və digər dövlət müəssisələrində çalışanlarla bağlı Həmkarlar İttifaqları belə məsələləri həll edir. Xarici ölkələrdə jurnalistika sahəsində belə missiyanı redaksiyaların özləri həyata keçirirlər. Bu təsisatlar maliyyə imkanları hesabına əməkdaşlarının həyat şəraitini, onların pulsuz müayinə-müalicə olunmasını təmin edirlər. Məsələn, ekstremal şəraitdə jurnalist həlak olursa, onun ailəsinə birdəfəlik maliyyə yardımları göstərirlər, pensiya verirlər. Bizdə isə redaksiyaların əməkdaşları azdır, maliyyə imkanları yetərincə deyil. Ona görə, redaksiyalar ayrılıqda bu kimi problemləri həll etməkdə çətinlik çəkərlər. Burada jurnalistikanın özünün daxili mütəşəkkilliyi vacibdir.

Qeyd edək ki, yaxınlarının məlumatına görə, N. Məlikov dükana gedərkən qəfil özünü pis hiss edib və yerindəcə keçinib. Onun ürək tutmasından dünyasını dəyişdiyi ehtimal olunur. Yıxilmasını da deyirlər. Xatırladaq ki, N. Məlikovdan bir neçə ay əvvəl, başqa bir tanınmış jurnalist Natiq Qədimov da eyni aqibətlə üzləşmişdi. O da doğmaları ilə birlikdə yemək yeyərkən, qəfil ürəktutması nəticəsində, elə masa arxasında Allahın rəhmətinə qovuşdu. Son iki ildə cavan yaşında qəfildən ölən jurnalistlərin sırası bunlarla bitmir. Zabil Muqabiloqlu da tutulduğu xəstəlik səbəbindən bizi cavan yaşlarında tərk etdi. Başqa bir dostumuz, istedadlı telejurnalist İlqar Qulusoy da futbol oynadığı yerdə qəfil ürəktuması nəticəsində, elə meydançada həyatını tapşırdı.

Ayyət Əhməd