"Əks halda Azərbaycan özü ərazi bütövlüyünü hərbi yolla təmin edəcək" - Deputat




"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi başlayandan bu günə qədər erməni tərəfi həmişə ən müxtəlif təxribatlarla məşğul olub. Buna informasiya müstəvisində edilən provokasiyalar da daxildir”.

Bu barədə "Sherg.az”a avropalı jurnalistin Dağlıq Qarabağa qanunsuz səfərinə münasibət bildirərkən Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.  

O qeyd edib ki, xarici jurnalistin Qarabağa qanunsuz səfərində erməni lobbisinin və onların arxasında duran islamafob mərkəzlərin əli var:

"Bu, xüsusi təşkil olunmuş səfər olub və məqsəd də Azərbaycanın erməni təxribatına qarşı apardığı qətiyyətli mübarizədə Azərbaycanın əzmini qırmaqdan ibarətdir.

Bu gün Azərbaycan Respublikası beynəlxalq proseslərin mühüm aktoruna çevrilib. Azərbaycanın icazəsi olmadan Qarabağa səfər edən şəxslər ya xəbərdarlıq alıblar, ya da üzr istəyərək adlarının qara siyahıdan çıxarılmasını xahiş ediblər. Bunu etməyənlər isə Aleksandr Lapşinin timsalında Azərbaycana ekstradisiya olunaraq, hüquq sistemi qarşısında cavab verməli olublar. Azərbaycan bundan sonra eyni qətiyyətli mövqeyini davam etdirəcəkdir.

Düşünürəm ki, belə təxribatlar davam edəcək. Nə qədər ki, işğal faktoru ortadadır, bunları gözləmək mümkündür. Belə halların qarşısını almaq üçün beynəlxalq qurumlar məsələni həll etməkdə əzm nümayiş etdirməlidirlər. Əks təqdirdə Azərbaycan özü ərazi bütövlüyünü hərbi yolla təmin edəcək  və bunlara son qoyulacaq.

İndiki vəziyyətdə ən effektiv mübarizə vasitəsi ənənəvi olaraq Azərbaycanın diplomatiyası və nüfuzudur. Azərbaycanın izni olmadan Dağlıq Qarabağa səfər edən hər bir jurnalist və ya başqa peşə sahibi cəzalandırılacaqdır”.

Qeyd edək ki, iyun-iyul aylarında regionda olan və aprel döyüşlərindən sonra Qarabağdakı erməni hərbçilərinin əhval-ruhiyyəsini əks etdirməyə çalışan fotojurnalist Emanuele Amigettinin məqaləsi və çəkdiyi fotolar Britaniyanın "Huck” jurnalında dərc olunub.

Fotojurnalistin Azərbaycan XİN-nin icazəsi olmadan Dağlıq Qarabağa getdiyi bildirilir.

Aysel Aslan