"Əksər dini icma rəhbəri və ya üzvü dələduz olur" - QMİ nəzarəti itirib ?

"Dini icma, dini mərkəz və idarələr, dini təhsil müəssisələri ilə birlikdə dini qurumlar sırasında yer alır”.
Bu barədə "Sherg.az”a ölkədə qeydiyyatdan keçən dini icmaların fəaliyyətindən danışarkən İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, hüquqşünas-politoloq İlqar Altay deyib. 
O vurğulayıb ki, dini icma Azərbaycan qanunvericiliyində müəyyən olunduğu kimi, ibadət və digər qanuni dini təminatlarını birlikdə edən könüllü insan qrupu, cəmiyyətidir:
"İslam dini icmaları təşkilat məsələlərində Qafqaz Müsəlmanları İdarəsinə (QMİ) tabedir, rəhbərləri də QMİ tərəfindən təyin edilir. İcmaların fəaliyyəti "Dini Etiqad Azadlığı” adlı qanunla tənzimlənir. Göründüyü kimi, rəsmi sənədlər üzrə ölkədəki icmaların fəaliyyəti sistemləşdirilib və nəzarətdədir. Ancaq ölkədəki bütün region və hətta kəndlərə səpələnmiş 800-ə yaxın icma QMİ tərəfindən tam tənzim və nəzarətə alına bilirmi? Faktlar və baş verən hadisələr əksini göstərir. Çox yerlərdə rast gəlinir ki, dini icmaları iqtisadi, siyasi məqsədlə, ya da icma yerləşən bölgəni təsir altında saxlamaq məqsədi ilə yaradılır. Hətta Azərbaycan dövlətçiliyi və xalqın birliyinə, ictimai sabitliyə qarşı fəaliyyət göstərən xarici mənbələrin əli, təşəbbüsü ilə də yaradılır. Həmin icmaların rəhbəri və ya üzvləri ya kriminal avtoritetlər, cinayət törətmiş şəxslər həbsdə olmuş dələduzlar olur. Yaxud da hansısa islam dövlətinin, ya xarici dini mərkəzin bizim ölkədəki şəbəkəsinin təşkil və təşəbbüsü ilə yaradılır və fəaliyyətini də o yöndə qurur.
Bəzən icmalar məscid tikib fəaliyyətə başlayır, axundu olur, qeydiyyatı olmur. Əsas gətirirlər ki, QMİ-də deyiblər gedin açın işlədin qeydiyyat işinə baxarıq. Hansısa icma axundu qanunsuz və absurd olaraq kiməsə seyidlik vəsiqəsi verir. Bundan başqa icma, din, məscid adı ilə əhalidən qanunsuz pul vəsaiti toplama halları da az deyil. Bu sadalananlar bir tərəfə, ortada ölkə üzrə dini radikallaşmanın dini ekstremizmin güclənməsi var. Bunu ən azı təhlükəsizlik orqanlarının məlumatları sübut edir. Sünni məzhəbinin vəhhabi qolu üzvlərinin hazırladığı terror və təxribatları ifşa edilməsi, bu ifşa və zərərsizləşdirmədə təhlükəsizlik orqanlarına aktiv silahlı müqavimət və onların ölümlə nəticələnən zərərsizləşdirilməsi halları var. Hansı ki, qarşılıqlı müqavimətdə bir il ərzində 26 vəhhabi terrorçu ölüdürülüb.
Şiə məzhəbli radikal hüseynçilərin son illərdə fəaliyyət və aqressivlik artımı da göz önündədir. Artıq məscidlərdəki, əzadarlıq mərasimləri meydanlardakı kütləvi mitinq, küçə prospektlərdəki yürüş şəklini alıb. Hansı ki, Bakı, Gəncə və regionlarda polislə toqquşmalarla müşaiyət olunur. Artıq bu radikalların siyasi birlik və partiyalara nüfuz etməsi, siyasi mövqe qoyub, şüar, bəyanat verməsi kimi də faktlar da səsləndirilir”.
Radikal sıralara qoşulan gənclərin sayının artdığını xatırladan İ.Altay vurğulayıb ki, ölkədəki islam dini mühiti içindəki məzhəb bölücülüyü də problem yaradır:
"Sünni və şiə ayrı-seçkiliyi ilə bağlı qarşıdurmalardır var ki, bu da həm dindarlar, həm də o məzhəblərə uyğun xalq təbəqələri arasında təfriqə salır. Bütün bunlar o deməkdir ki, bu məsələ üzrə ölkədə inzibati və ictimai sistemdə boşluq var. Boşluqlar icmaların fəaliyyətinin tənzimi və nəzarəti, həm hüquq-mühafizə orqanlarının bu yöndəki fəaliyyətinin kifayətsizliyində, həm bizim kimi ictimai sektor və medianın maarifləndirmə işinin zəifliyindədir. Demək, bu güclər dini radikalizm, ekstremizmin qarşısını almaqda kifayət etmir.
Düşünürəm ki, ilk növbədə dini mühitin özünü, fəaliyyətini tənzimləyən qanunvericilik mükəmməl hala salınıb, bir qədər də sərtləşdirilməlidir. Düzdür, bu hal etiqad azadlığı kimi beynəlxalq normalara tam uzlaşmaya da bilər. Ancaq Azərbaycanın hansı dini çəkişmələr, terrorlar, təsir və təzyiqlər mühitində olduğu da nəzərə alınmalıdır.
Dini qurumların birbaşa tabe olduğu QMİ güclü struktur və fəaliyyət üzrə reformalar aparmalıdır. Bundan başqa, Dini Qurumlarla İş Üzrə Komitənin də açığı, indiki gərgin dini radikal aktivləşmə dövrünə uyğun tutarlı fəaliyyəti görünmür.
Bu məsələdə hüquq-mühafizə, təhlükəsizlik orqanları, onların fəaliyyətinin zəif olduğunu demək obyektivsizlik olardı. Çünki, bu cür radikal aktivlik içinə bu orqanların zəifliyi olsaydı, onlardan qorxub çəkinməsəydilər, buranı terror və xaos bürümüşdü. Ancaq elə düşünürəm ki, bu orqanların da öz işində korrektə etməsinə ehtiyac olmaya bilməz. Bir də maarifləndirmə məsələsidir ki, bu ümumiyyətlə bərbad haldadır. Ölkədəki dini radikallaşma, fanatizm və ekstremizmə qarşı məsələn, mənim kimi ekspert-hüquqşünas ixtisaslı ictimai adamlar, media bu yöndə təmənnasız əlindən gələni edirlər. Mənim il boyu bu zərərli cərəyanlara qarşı təmənnasız-qrantsız intensiv fəaliyyətim mətbuatda, sosial şəbəkələrdə gündəmdən düşmür.
 Ancaq bu sahə üzrə qrant alıb, effektsiz fəaliyyət göstərən QHT-lərin işi təəccüb yaradır. Ölkənin, dövlətin təhlükəsizliyinə problem olan dini ekstremizmlə mübarizə maarifçiliyi sahəsinə dövlət ola bilməz ki, diqqət, vəsait ayırmasın. QHT-lərə Dövlət Dəstəyi Şurası, QHT-lər birliyi kimi təşkilatlar bir hesabat versinlər ki, get-gedə ölkəni bürüyən, hər gün hər saat yeni-yeni gəncləri təsirinə alıb, beynini yuyub fanatlaşdıran, ya xarici cərəyan təsirlərinə salan bu vacib ağrılı problemlə bağlı nə iş görüblər?”
Qeyd edək ki, Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı 793-ə çatıb.