Ekspert naziri "TOP"A TUTDU

Nabatəli Qulamoğlu: "Repetitorluğa şərait yaradılmalıdır"


Bu gün təhsildə repetitor fəaliyyəti olmasa idi, təhsilin səviyyəsi çökə bilərdi.

Bunu Sherg.az- a təhsil üzrə ekspert Nabatəli Qulamoğlu deyib. Onun sözlərinə görə ali məktəbə hazırlaşanların 99 faizi repetitor yanına gedir: 

"Repetitor xidmətinin məhsuldarlığının səbəbi maraqların uyğun gəlməsidir. Yəni valideyn müəyyən məbləği ödəyir, müəllim isə aldığı ödənişə uyğun keyfiyyetli təhsil verə bilir. Aydındır ki, hər müəllim də məktəbdən kənar abituriyent hazırlaşdıra bilmir. Cəmiyyət özü müəllimlərin bilik və bacarıqlarını müəyyən edir. Hazırda təhsilin prioritet məsələ hesab olunmaması dövlət sektoruna üstünlük verilməsinə gətirib çıxarır.
Azərbaycanda isə bugünkü dövlət sektoru 50-80-ci illərdəki kolxoz quruluşunu xatırladır. Yeyinti, dağıntı, səmərəsizlik özünü göstərir. Dövlətin pulu havayı israf olunur. Təhsil Nazirliyi də bütün dövlət sektorları kimi tapşırıqla işləyən qurumdur. Ona görə də nazirliyin fəaliyyətində də müəyyən boşluqlar hiss olunur”.

N. Qulamoğlu onu da əlavə edib ki, özəl sektorun inkişafına, repetitor xidmətlərinin sərbəst fəaliyyətinə şərait yaradılmalıdır: 

"Repetitor xidmətinin sistemli şəkilə salınması üçün dövlətin maddi və təşkilati dəstəyi, monopoliyaların aradan qaldırılması vacibdir. Bu gün özəl sahələrə yaradılan əngəllər xüsusilə təhsilin boğazını üzür”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Lənkəranda keçirilən seminarda bildirib ki, hər bir məktəbdə IX sinfə kimi orta nəticə 30% olarsa, XI sinifdə bu göstərici 40-45% olur. IX sinifdə əldə olunan nəticə XI sinifdə 10-20% arasında artır. Bu isə o deməkdir ki, IX sinfə kimi şagirdin bünövrəsi necədirsə, sonradan valideyn nə etsə də, nə qədər yaxşı müəllimlərə hazırlığa qoysa da, nəticələrə maksimum 20% təsir etmək mümkün olur”.

Aysel Aslan