Ekstremal situasiyalara hazır olmalıyıq

Azər Həsrət: “Ümumilikdə 9 jurnalistimiz məhz ekstremal şəraitlərin qurbanı olub”
Ramil Məmmədli: “Rus səfirin öldürülməsi kimi təhlükəli və gözlənilməz olaylarda jurnalistin qorxmadan işini davam etdirməsi birbaşa təcrübə məsələsidir”


Xalid Kazımlı :"Jurnalistlər psixoloji baxımdan hər cür situasiyaya hazır olmalıdırlar”

Cavid İsmayıl: "Peşəkar davranışı planlaşdırmaq mümkün deyil”

Ruslan Bəşirli: "Qərb mediasından olan jurnalistlərin hadisə baş verən anda orada 
olması bir qədər şübhəli görünür”

Kütləvi İnformasiya Vasitələri müasir cəmiyyətdə kifayət qədər əhəmiyyətli rol oynayır. Media bəzi hallarda mühüm hadisələrin inkişaf istiqamətini yönləndirən əsas tərəflərdən biri kimi çıxış edir. İlk növbədə ona görə ki, insanların psixologiyasına, onların həyat tərzinin inkişafına mətbuat qədər təsir göstərən ikinci bir vasitə tapmaq çətindir. Bu mənada heç bir şübhə yoxdur ki, müharibə, terror və digər ekstremal vəziyyətlərdə jurnalistikanın kütləvi şüura təsiri daha böyük interferensiya gücünə malik olur. Çünki belə vəziyyətlərdə insanlar daha çox informasiya əldə etməyə can atırlar.

Vaxt və imkan məhdudiyyəti olduğundan oxucuların bu informasiyaların nə dərəcədə həqiqəti əks etdirdiyini dəqiqləşdirməsi arxa plana keçir. Amma bu, məsələnin başqa tərəfidir. Əsas məqam ekstremal hallarda səhih məlumatların operativ şəkildə çatdırılması, obyektiv, qərəzsiz, ucuz sensasiyadan uzaq informasiyaların cəmiyyətə verilməsində jurnalistin peşəkarlığı və məsuliyyətidir. Son illər ərzində dünyada təhlükəli hadisələrin, terrorların sayı durmadan artmaqdadır. Ona görə də ekstremal jurnalistikaya, onun öyrənilməsinə diqqət daim artan xətt üzrə inkişaf etməkdədir. Bəzən ekstremal vəziyyətlər üçün jurnalistlər xüsusi yetişdirilir, təcrübə toplayırlar. Amma bir sıra hallarda hadisələr gözlənilmədən baş verir. O zaman isə bu və ya digər

formada hadisəyə şahidlik edən jurnalistin, foto-reportyorun üzərinə xüsusi məsuliyyət düşür. Ötən gün Rusiya səfirinin Türkiyədə öldürülməsi dünya gündəmini zəbt etdi. Rusiyalı səfirin ölüm anını çəkən "Associated Press” agentliyinin fotoqrafı Burhan Özbilici təsadüfən hadisə yerinə gəldiyini dedi. Onun sözlərinə görə, standart bir tədbirdə qara kostyumlu və qalstuklu şəxsin tapança çıxardığını görəndə şoka düşüb: "İlk anda düşündüm ki, bunların hamısı diqqət cəlb etmək üçün bir oyundur. Amma sonradan hər şeyin qabaqcadan düşünülmüş bir amansız cinayət olduğunu anladım. Hamı kimi qorxmuşdum, amma divara söykənib öz işimlə - foto çəkməklə məşğul oldum”. Burhan Özbilici hələ də hadisənin şokunu yaşadığını deyib. Fotoqraf onu da vurğulayıb ki, qatil səfirə atəş açan zaman zaldakılar dəhşət içində sürünüb gizlənməyə çalışırdılar: "Yanımda bir insan öldü, gözümün önündə bir həyat itdi”. Məlumdur ki, jurnalistin özünü itirmədən, həyatını təhlükəyə ataraq çəkdiyi fotolar bütün dünya mediasında yayıldı, manşetlərə çıxdı. Foto-müxbir ən kritik anda fotokamerasının yaddaşına köçürdüyü şəkillərlə qanlı olayın dünya ictimaiyyətində işıqlandırılmasına nail oldu. Amma ümumilikdə bu hadisə jurnalistlərin, fotoqrafların, reportyorların ekstremal vəziyyətlərdə necə işləməyini, hansı formada davranmalı olduğunu bir daha gündəmə gətirdi. Müharibə, terror və digər təhlükəli durumlarla üzləşən media nümayəndələri üçün sadəcə təcrübə, peşəkarlıq amili və peşə sevgisi kifayət edirmi, yoxsa, həmin anda jurnalistlərdə başqa xüsusiyyətlərin olması da vacibdir?

Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət tarixdə belə hadisələrin çox olduğunu deyib: "Burada qəribə heç nə yoxdur. Uzağa getməyək, Azərbaycan mediasında Salatın Əsgərovadan başlayaraq, sonrakı illərdə ümumilikdə 9 jurnalistimiz məhz ekstremal şəraitlərin qurbanı olub. Onlar hara getdiklərini, başlarına nə gələ biləcəyini yaxşı bilsələr də, peşələrinə sadiq qalaraq, ictmaiyyyəti məlumatlandırmaqdan çəkinməyiblər. Rus səfirin öldürülməsi zamanı da jurnalist soyuqqanlı davranmağı bacarıb. Özünü deyil, peşəsini düşünüb və bütün dünya üçün zəruri dəlilə sahib olub. Təbii ki, peşəkarlıq belə hallarda tələb olunan tək keyfiyyət deyil. Burada mətanət, təcrübə, çevik düşünüb qərar vermə bacarıqları da öz rolunu oynayır. Hələ nəzərə alsaq ki, müharibə şəraitindən fərqli olaraq, ən adi vəziyyətdə bu hadisə baş verib, deməli, adıçəkilən jurnalist bütün sadaladığım göstəricilərə cavab verir”.

Hərbi-siyasi icmalçı, "AzeriDefence” hərbi-texnoloji jurnalın redaktoru Ramil Məmmədli də "Şərq”ə bildirib ki, səfirin öldürülmə anını çəkən reportyor öz təcrübəsindən yararlanıb: 

"Kommunist liderlərdən biri deyirdi ki, "hər şey təcrübədən keçir”. Ekstremal durumlarda, çətin anlarda media nümayəndələrinin hansı formada davranacağı, necə addım atacağı nəzəri baxımdan reportyorlara və foto-müxbirlərə təhsil aldıqları müddətdə öyrədilir. Digər vəziyyətlərdə, xüsusən rus səfirin öldürülməsi kimi təhlükəli və gözlənilməz olaylarda jurnalistin qorxmadan işini davam etdirməsi isə birbaşa təcrübə məsələsidir. Belə zamanlarda təcrübəli foto-müxbirlər qorxu hissini arxa plana ataraq necə çəkiliş aparacaqları haqda düşünürlər. Doğrusu, hesab etmirəm ki, həmin anda foto-reportyor "tarix yazdığını” düşünüb. Məncə, jurnalist qanlı hadisəyə çox düzgün reaksiya verərək öz peşəsini layiqincə yerinə yetirib”.

 Ekspertin sözlərinə görə, ümumiyyətlə, jurnalistikada buna bənzər hadisələr çox olub: "Adətən, müharibə jurnalistlərimiz belə hallarla çox tez-tez rastlaşıblar. Onlar qorxmaz davranışlar sərgiləyərək, çəkiliş aparıblar və həyatlarını xüsusi məqsəd naminə riskə atmayıblar. Hadisəyə şahidlik edən müxbir canını xilas etmək barədə də düşünə bilərdi. Çünki istənilən halda qatil öz silahı ilə olayın şahidlərini öldürə və aradan çıxa bilərdi. Lakin bunun əksinə jurnalist canını düşünüb qaçmadı və peşəsini sona qədər icra etmək üçün həyatını riskə atdı”. R.Məmmədli bildirib ki, bu cür vəziyyətlərdə, digər ekstremal şəraitlərdə bütün jurnalistlər eyni cür davrana bilməz: "Bu, sırf təcrübə və xarakter məsələsidir. Gərgin vəziyyətlərdə stressə düşməmək, özünü itirməmək və peşə fəaliyyətini yerinə yetirmək çox mühüm bacarıq tələb edir. Dəfələrlə şahidi olmuşam ki, bəzi jurnalistlər aksiyalarda, mitinqlərdə fotoaparatlarını çantada gizlədib, ərazidən qaçıblar. Amma şəxsən tanıdığım elə jurnalistlər var ki, onlar istənilən çətin vəziyyətlərdə öz peşələrini nəyin bahasına olursa-olsun yerinə yetiriblər və missiyalarını

tamamlayıblar. Bir sözlə, nəzəriyyə, təcrübə və xarakter, bunların üçü bir yerdə olduqda jurnalistlər peşələrini yüksək səviyyədə həyata keçirə bilirlər. Təbii ki, eyni zamanda adlarını tarixə yazırlar”.

"Yeni Müsavat” qəzetinin redaktoru Xalid Kazımlı da deyib ki, əsl jurnalist soyuqqanlı olmalıdır və belə vəziyyətlərdə emosional davranmamalıdır: 

"Yəni qəhrəmanlıq etməyə qalxmamalıdır. Çünki o, onsuz da situasiyanı dəyişə biməyəcək. Əksinə, yanlış hərəkət edərsə, özü qurban gedəcək. Bu vəziyyətdə jurnalistin seyr etdiyi, çəkdiyi mənzərə nə qədər sarsıdıcı olsa da, o, sakitcə öz işini görməlidir. O baxımdan Burhan Özbilici işini peşəkarcasına görüb. Əgər o da hamı kimi qorxub qaçsaydı, biz terrorçunun siması və əməli haqda daha az bilgiyə sahib olardıq”. Redaktor vurğulayıb ki, jurnalistlər psixoloji baxımdan hər cür situasiyaya hazır olmalıdırlar: "Özlərini qorumağı bacarmalıdırlar. Elə bütün bunlara görə jurnalistlik heç də asan peşə deyil”.

APA informasiya agentliyinin baş direktor müavini Cavid İsmayıl söyləyib ki, müharibə, terror və digər təhlükəli durumlarla üzləşəndə sırf insani keyfiyyətlər önə çıxır:

"Bu cür durumlarda qəhrəmanlıq öncədən planlaşdırılmadığı kimi, peşəkar davranışı da planlaşdırmaq mümkün deyil. Çünki peşəsinə sədaqət nümayiş etdirən adamın həmin an sağ qalıb-qalmayacağına Allahdan başqa kimsə zəmanət verə bilməz. Kritik anlarda peşəkarlıqdan daha çox insanın psixoloji hazırlığı və həyatı boyu tapındığı dəyərlər ön plana çıxır”.

"Avropa.info” saytının baş redaktoru Ruslan Bəşirli isə bildirib ki, son hadisələr zamanı Qərb mediasından olan jurnalistlərin hadisə baş verən anda orada olması, açığı, bir qədər şübhəli görünür: 

"Xatirinizdədirsə, İstanbulun Beşiktaş rayonunda terror aktı baş verən zaman BBC-nin müxbirinin hadisə yerində olması və yüksək bir binadan baş verənləri çəkməsi mübahisələrə səbəb oldu. Bilirsiniz ki, analoji hadisələr Türkiyədə deyil, Qərb ölkələrində baş verəndə nüfuzlu media orqanları yayım qadağası prinsipinə əməl edərək, hadisələri ancaq rəsmi məlumatlar çərçivəsində işıqlandırırlar. Türkiyəyə münasibətdə isə fərqli davranırlar. Jurnalist peşəkarlığına gəldikdə isə düşünürəm ki, ekstremal olaylar zamanı əsasən jurnalist peşəkarlığı önə çəkilməlidir. Təbii ki, müəyyən müstəsna hallar istisnadır. Ola bilər ki, jurnalistin yaydığı bir xəbər ictimai təhlükəsizliyə, dövlətin təhlükəsizliyinə və s. mənfi təsir göstərə bilər. Belə hallarda artıq jurnalist peşəkarlığı arxa plana keçməlidir. Daha doğrusu, milli maraqlar önə gəlməlidir. Mən belə düşünürəm”.

Tanınmış araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu da bildirib ki, müharibə və münaqişə bölgələrində işləyən jurnalistlərin xüsusi hazırlığının olması çox vacibdir:

"O cür yerlərə tasadüfi, hazırlıqsız jurnalistin getməsi doğru deyil. Onsuz da o cür müxbirin faydası olmaz. Amma qeyd edilən situasiya şəhərdə rast gəlinən və necə deyərlər, hər kəsin üzləşə biləcəyi situasiyadır: "Təbii ki, hər peşəkar jurnalist o vəziyyətdə vəzifə borcunu yerinə yetirmək, həm də fərqlənmək, ən "orijinal” fotonu çəkmək, qeyri-adi xəbəri birinci vermək istəyər. Bu da peşədən irəli gələn bir xüsusiyyətdir. Amma həyat təhlükəsizliyini qorumaq da önəmlidir. Bəzən bir foto həyat bahasına başa gələ bilər. Bunun bir numunəsi də hər il münaqişə və terror bölgələrində öldürülən onlarla media nümayəndəsidir. Bu mənada hər nə qədər peşəkar olsanız və işinizi sevsəniz də, canı qorumaq birinci məsələdir”.

İsmayıl

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb