Elçin nöqtəni qoydu, daha danışmayacaq
"Mən kimsənin ünvanına təhqiramiz fikir, ifadə işlətməmişəm ki, məni buna görə suçlasınlar. Sadəcə verilişlərin birinə müsahibə verərkən sualları ünvanladım"
Sənət aləmində hər zaman söz-söhbətlər, çəkişmələr, intriqaların şahidi oluruq. Xüsusilə də şou-biznes sahəsində qalmaqallar səngimək bilmir. Adətən, muğam ifaçıları, xanəndələr bu kimi dedi-qodulardan uzaq olsalar da, bu dəfə bir neçə xanəndə qalmaqalların mərkəzində oldu. Müğənni Elçin Cəfərovun muğam ifaçıları barədə açıqlaması xanəndələri dilə gətirdi. Hətta illərlə susub qalmaqaldan uzaq olanlar belə cavab verməyə ehtiyac duydular.
Qeyd edək ki, Elçin xanəndələrlə bağlı "Saçlarına xına qoyurdular, qırmızı görsənirdi. Ola bilər ki, yaşlı görsənsinlər. Müəyyən məclislərə onları dəvət etməsinlər” sözləri muğam ifaçılarının qəzəbinə səbəb olub. Elçin Cəfərova bir çox xanəndələrin sərt cavabı oldu.
Əməkdar artist Babək Niftəliyev Elçini tənqid edərək "O, kimsə deyil ki, kiməsə irad bildirsin. O, nə xalq artisti, nə də əməkdar artistdir. Heç kim xanəndələrə qarşı nəsə deyə bilməz. Həddi yoxdur nəsə desin. O, saçını xınalaya da bilər, boyaya da. Mən bunu təhqir formasında qəbul edirəm. Amma estrada ifaçılarına baxanda görürsən ki, saçlarında cürbəcür işlər görür. Qızardır, saraldır, yaşıllaşdırır. Muğam ifaçıları heç görmüsüz ki, bir dəfə kimsə barədə nəsə söz desin?" iradını bildirib.
Əməkdar artist Cabir Abdullayevin ifaçıya məsləhəti olub ki, bu kimi açıqlamalarla özünü nüfuzdan salmasın. "Ona məsləhət görmürəm ki, belə söhbətlər eləsin. Ən azından, bir böyük kimi. Biz gərək böyükləri hörmətli tutaq, gərək onlara hörmət edək".
Müğənni Zakir Əliyev Elçinin sözlərini hörmətsizlik kimi dəyərləndirib: "Elçindən heç gözləməzdim. Əvvəla, muğam ifaçıları haqda söz demək üçün gərək heç olmasa az-çox sənətin olsun. Əgər oxuya bilirsənsə, gəl bir muğam ifaçısını çağır. Onunla yanaşı gəl görək nə oxuyursan. O möhtəşəm sənətin qarşısında bu cür cılız hərəkət etmək özünü gözdən salmaqdır. Ona heç yaraşdırmadım".
Əməkdar artist Ehtiram Hüseynov isə "Elə sənətkarlar var ki, onlar toxunulmazdır. Onlar haqda heç kim heç nə deyə bilməz. Sənətləri o dərəcədə deyil ki, onlar haqda nəsə söz desin" cavabını verib.
Xanəndələrdən müğənni İlkin Əhmədovun Elçinə, sinif yoldaşına cavabı isə daha sərt olub: "Gənc sənətçilərin başı üçün deyil ki, onlar haqda nəsə nöqsan tutsun".
Xanəndələrin Elçinə qarşı sərt açıqlamaları müğənnini bir daha sosial şəbəkədə açıqlama verməyə məcbur edib. Elçin Cəfərov şəxsi səhifəsində «Səmimi, zarafatyana deyilmiş, içində heç bir təhqir olmayan, lakin doğruluq payı olan sözün xanəndələr tərəfindən belə aqressiv qarşılanacağını düşünməzdim. Mən heç kəsin sənəti ilə bağlı heç bir fikir bildirmədim.
Hörmətli Babək Niftəliyev, sizin sözünüzdən belə çıxır ki, dövlət tərəfindən verilmiş ada sahib olan sənətçilər istədikləri sözü hər hansı bir sənətçiyə rahatlıqla deyə bilər? Mən "kimsə" yox, uşaqlıqdan səhnədə xalqımın zövqünü oxşayan və çox şükür ki, hər baxımdan özümü təsdiqləmiş bir sənətçiyəm.
Hörmətli paralel sinif yoldaşım İlkin Əhmədov, xatırladım ki, mənim musiqi təhsilim muğam üzrədir və biz yaşıdıq. Sənətimin kiçikliyinə və böyüklüyünə isə sən yox, xalq qərar verə bilər.
Hörmətli Zakir Əliyev, mənə verilən sual əsasında öz fikrimi söylədim və heç kimin də xətrinə dəyəsi söz demədim, lakin siz bunu birbaşa sənətə bağlayırsınız. Siz özünüz də yaxşı bilirsiniz ki, mənim sənətim var, yoxsa yoxdur.
Əlavə olaraq qeyd etmək istəyirəm ki, mən Tükəzban İsmayılova, Mələkxanım Əyyubova, Tələt Qasımov və İslam Rzayevdən muğam təhsili almışam. Heç kəslə qarşı-qarşıya oxumaqdan da çəkinmirəm. Bu mehribançılığınız və birliyiniz məni çox sevindirdi" paylaşıb. .
Elçin Cəfərovla əlaqə yaratmağa çalışdıq. «Şərq»ə açıqlamasında Elçin Cəfərov bu mövzu barədə bundan sonra danışmaq istəmədiyini dilə gətirdi «istəmirəm bu söhbət barədə hər hansı bir açıqlama verim. Sosial şəbəkədə müəyyən açıqlamam oldu. Bunu yazmağa da məcbur idim. Çünki mən kimsənin ünvanına təhqiramiz fikir, ifadə işlətməmişəm ki, məni buna görə suçlasınlar. Sadəcə verilişlərin birinə müsahibə verərkən sualları ünvanladım. Və zarafatyana bildirdiyim fikir bu qədər aqressiv qəbul olundu. Kiminsə adını çəkməmişəm, kimsəni təhqir etməmişəm. Dediklərim yalan deyil. Sadəcə kimsə elə düşünür ki, mən gənc olduğum üçün fikir bildirmək haqqım yoxdu, bu, yanlış düşüncədir. Mənim sənətim göz önündədir. Bu söhbətin də böyüməyini istəmirəm. Ona görə də gəlin elə bu mövzu burada bağlansın. Mən heç vaxt qalmaqallara qoşulmamışam, bunu özümə yaraşdırmamışam, ehtiyacım da olmayıb. Ona görə də bu barədə mətbuatdan da xahişim bu olar ki, mövzunu yenidən gündəmə gətirmək xatirinə nəsə yazmasınlar».
Tahirə