Əlil arabasına məhkum olan QAZİ: "Əməliyyatıma 30 min manat lazımdır, tapa bilmirik " - Səhhəti ağırlaşır

Qarabağ qazisi Amin Sadıqov iki il öncə Ermənistanla Azərbaycan arasında baş vermiş aprel döyüşlərindən sonra yeriyə bilmir. O, döyüşlərdə yaralanıb və Bakıdakı Hərbi Hospitala gətirilib. Altı ay xəstəxanada qaldıqda sonra tərxis olunan A. Sadıqov iki il yarımdır, əlil arabasına məhkum olub.
Səhhəti haqqında "Sherg.az”a danışan qazi söyləyib ki, yataq xəstəsi olduğuna görə, bədənində olan qəlpə yaraları daha da ağırlaşıb və onun üçün ciddi problemlər yaradıb:
"Döyüşlər zamanı aldığım xəsarətlərdən onurğa sütunum sınıb. Əməliyyat edilsə də, proses uğurlu olmayıb. Altı ay yataq xəstəsi olduğuma görə, belimdə, çanaq hissəsində olan qəlpə yaraları ağırlaşıb. Oynaq çanağım sındığından əlil arabasında yaşamağım belə çətinləşir.
Həkimlərin qəbulunda olmuşuq. Xəstəliklərimin müalicəsi olduğunu deyiblər. Lakin maddi durumum çox zəif olduğuna görə, heç bir müalicəni götürə bilmirəm. Onurğa əməliyyatı edildikdə, həkim müəyyən müddətdə ayağa qalxacağımı deyib. Bu əməliyyat üçün 30 min manat vəsait lazımdır, amma tapa bilmirik. Məhz ona görə də, səhhətim getdikcə ağırlaşır”.
Müxtəlif qurumlara müraciət etdiyini vurğulayan A.Sadıqov heç kimin kömək göstərmədiyini söyləyib. Onun sözlərinə görə, hətta ailəsinin, övladlarının dolanışığı üçün belə yardım edənlər olmayıb:
"Artıq üç ilə yaxındır bu durumdayam. İndiyə qədər heç bir maddi yardım olunmayıb. Məktublar yazdığım, müraciətlər etdiyim dövlət orqanlarından da müsbət cavab gəlməyib. Hazırda 3-4 orqana göndərdiyimiz məktubun qəbzləri əlimizdədir. Amma məktublarımıza cavab yoxdur. Mətbuatda problemin qabardılması da köməyimə çatmadı. Ümidimiz Allaha qalıb”.
Döyüş tapşırıqlarını yerinə yetirərkən sağ ayağını və sol gözünü itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi də A.Sadıqovun durumu haqqında ürək ağrısıyla danışıb. O bildirib ki, qaziyə yardım etmək üçün əlindən gələn köməkliyi göstərəcək:
"Amin qardaşımız döyüşlər zamanı qəlpə yaraları alıb. Hazırda aşağı ətrafları iflic vəziyyətdədir. Həmin qəlpə yaraları uzun müddət yataq xəstəsi olduğuna görə, ağırlaşıb. Qazinin durumundan xəbərdar olduqda, mən gücüm çatan qədər kömək etməyə çalışdım. Müraciət etdiyim dostlar yardım edəcəklərini bildirdilər. Həkimlər deyir ki, Aminin yaraları ilkin baxışda ağır xoradır və ən azı iki ay xəstəxanada müalicə olunmalıdır. Müalicə üçün qazinin maddi imkanı yoxdur. Ona köməklik göstərmək mütləqdir. Bunun üçün əlimizdən gələni edəcəyik”.
Aysel Aslan