Əlillik dərəcəsinin verilməsini “ASAN Xidmət”ə həvalə etmək olar

Bir şərtlə ki, bütün səlahiyyətlər nazirlikdən alınsın



Azərbaycanda əlilliklə bağlı problemlərin, əlillik dərəcəsinin müəyyənləşdirilməsi məsələsinin "ASAN Xidmət”ə verilməsi təklif olunur. Bu təkliflə çıxış edən Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun fikrincə, "ASAN Xidmət”in texniki imkanları cavab verirsə, bu məsələni birdəfəlik ona həvalə etmək lazımdır. Deputat hesab edir ki, bu yolla problem birdəfəlik həll olunsa, deputatların da, nazirliyin də canı qurtarar.

Z.Əsgərovun təklifini dəyərləndirən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, ölkədə bir problem yaşanan kimi "ASAN Xidmət” yada düşür. Bütün səlahiyyətlərin uğurlu layihə olaraq özünü doğruldan "ASAN Xidmət”ə verilməsi tövsiyə olunur. 

Ancaq problem ondadır ki, "ASAN Xidmət”ə verilən sahə ənənəvi strukturların da nəzdində qalır və paralel idarəetmə forması yaradılır.

N.Cəfərlinin sözlərinə görə, "ASAN Xidmət” formulu uğurludur: "ASAN Xidmət”in uğurlu layihə olduğunu heç kim inkar etmir. Bu qurum doğrudan da çox iş görür, uğurlu layihələr həyata keçirir. Mənim qəbul etmədiyim "ASAN”a verilən səlahiyyətlərin paralel olaraq nazirliklərdə, komitələrdə qalmasıdır. Əgər bütün problemlərin həlli "ASAN Xidmət”də görülürsə, onda nazirliklər ancaq siyasi quruma çevrilsin. Strateji qərarlar verib, analiz aparan bir düşüncə mərkəzlərinə çevrilsin. Paralel idarəçilik dövlət büdcəsi üçün əlavə yükdür”.

Ekspertin sözlərinə görə, deputatların bu cür açıqlamaları Azərbaycanda fəaliyyət göstərən ənənəvi nazirliklər və digər dövlət qurumlarındakı mövcud problemlərin olduğunu göstərir. Vəziyyətdən çıxış yolu kimi problemli sahələrin "ASAN Xidmət”ə verilməsini tövsiyə edirlər: "Yenə deyirəm, deputatın təklifi məntiqə uyğundur. Bir şərtlə ki, əlilliklə bağlı problemlərin, əlillik dərəcəsinin müəyyənləşdirilməsi kimi məsələlər nazirliyin əlindən alınsın. Ya da ki islahatlar yolu ilə nazirliklərin iş prinsiplərinin dəyişilməsinə nail olunmalıdır”.

Şəymən