Elmi gəncləşdirmək lazımdır

Azərbaycanda alimlərin, elmlər doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır
AMEA-nın tərkibindəki elmi tədqiqat institutları ortaya ciddi işlər qoya bilmirlər



Millət vəkilləri elmlə təhsilin birləşdirilməsini təklif edir. Əvvəllər Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) sadəcə ictimaiyyət üzvləri tərəfindən tez-tez tənqidlərə tuş gəlir. İndi isə bu tənqidlər hətta rəsmi şəxslərin dilindən eşidilir. Hər il dövlət büdcəsindən AMEA-ya xeyli vəsait ayrıldığı, amma bunun müqabilində yüksək səviyyəli işlərin görülmədiyi vurğulanır. Hətta AMEA-da bəzi institutların bağlanması təklifləri də gündəmə gətirilir.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimlinin sözlərinə görə, bütün elmi tədqiqat işlərinin hamısını universitetlərin özlərinə aid etmək lazımdır: "Yəni təhsillə elmi birləşdirmək lazımdır. Bu çox çətin prosesdir. Çünki biz illərlə müzakirəsi sürən elm və təhsil sahələrinə aid qanunları bu yaxınlarda qəbul edə bildik. Alimlərin özlərinin təqsiri deyil ki, vaxtilə onlar dövlət tərəfindən müəyyən edilmiş kateqoriyalarla Elmlər Akademiyası sistemində çalışmağa məcbur olublar. Bu, açıqdan-açığa rentabelli deyil. Azərbaycan Milli Elmlər Akademiyasında elmi tədqiqat işləri kifayət qədər yüksək deyil. Onların əməkhaqqı çox aşağıdır”.

Deputat bildirib ki, əvvəllər 11 mindən yuxarı alim AMEA-da fəaliyyət göstərib.

"Amma çox təəssüflər olsun ki, bu rəqəm hazırda çox aşağı düşüb. Hər hansı tədbirlərin görülməsinə baxmayaraq, elmi tədqiqat institutları istənilən rentabelliyi verə bilmir. Düşünürəm ki, universitetlərə getdikcə daha çox müstəqillik hüququ verilməlidir. Onlar öz laboratoriyalarında tədqiqat materiallarından istifadə etməklə yaradıcı işlərlə məşğul olmalıdır. 

Necə ki, bu tendensiya xarici ölkələrdə var. Sovet dövründə akademiya sistemində kosmik, nüvə tədqiqatları sahəsində dünyada tayı-bərabəri olmayan işlər görülüb. Mən inkar etmirəm ki, dövlətin dəstəyilə az işlər görülüb. Bu sistemin müəyyən qədər faydaları olur. Amma keyfiyyət deyil, kəmiyyət göstəriciləri daha çox olur. Biz bazar iqtisadiyyatına keçsək də, təhsil müəssisələrimiz buna keçə bilməyib. Yəni universitetlərimizin sifariş qəbul etmək, elmi tədqiqatlar aparmaq sahəsində işlərini dərinləşdirmək lazımdır. Biz AMEA sistemi ilə təhsil sistemini birləşdirməyin yollarını axtarmalıyıq. Hamını qane edəcək variant tapmaq çox çətindir, amma buna gedilməlidir” (modern.az).

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa isə dünyada elmi tədqiqat institutlarının xüsusi sifarişlərlə çalışdığını bildirib.

"Bizdə isə AMEA-ya dövlət büdcəsindən ayrılan vəsait daha çox əməkhaqqına yönəldilir. Ona görə də elmi ixtiralara, kəşflərə və yaxud da bu istiqamətdə məsələlərin həllinə həmin vəsaiti sərf etmək imkansızdır. Bu baxımdan da məsələnin fundamental həllinə ehtiyac var. AMEA-nın nəzdində olan institutların laboratoriyalarının müəyyən dərəcədə universitet bazasına köçürülməsinə ehtiyac var. Yeni universitet modelinə ehtiyac var. Bu model qurulmadığına görə, çox təəssüf ki, problemlər yaşanır. Bizdə elmin inkişafı o səviyyədə deyil ki, elmi tədqiqat institutları müəyyən layihələr hazırlasınlar, proqnozlar versinlər. Ona görə də bu istiqamətdə hərtərəfli işlərin görülməsinə ehtiyac var”.

Təhsil eksperti, tarixçi-alim Kamran Əsədov da "Şərq”ə açıqlamasında millət vəkilləri ilə həmrəy olmadığını deyib. AMEA-nın tərkibində fəaliyyət göstərən elmi tədqiqat institutlarının fəaliyyətində ciddi problemlər olduğunu qeyd edən ekspert hesab edir ki, bu o demək deyil ki, çıxış yolu AMEA-nın bağlanmasıdır:

"Bu gün Azərbaycan üçün kifayət qədər beynəlxalq əhəmiyyətli layihələri olsa, AMEA-nın bəzi institutları beynəlxalq deyil, yerli, o qədər də ciddi əhəmiyyəti olmayan lokal elmi-tədqiqat işləri aparırlar. Əlbəttə ki, bu, məsələnin bir tərəfi. Digər tərəfdən, AMEA-nın institutlarında ciddi şəkildə qruplaşmalar var ki, onlar da həmin qruplaşmaya daxil olmayanı, onlarla razılaşmayanları məhv etmək missiyasını yerinə yetirirlər.

Təsəvvür edin ki, hazırda Azərbaycanda 30 mindən artıq elmi pedaqoji işçi var. Onların 1918 nəfəri elmlər doktoru, 8976 nəfəri fəlsəfə doktoru və elmlər namizədidir. Amma xarici jurnallarda bizim alimlərimizə istinad demək olar ki, yox səviyyəsindədir”.

K.Əsədovun iddiasına görə, bu gün AMEA-nın İnstitut rəhbərlərinin yaxınlığında olmayan, onun sözü ilə oturub-durmayan gənc alimləri elmi müdafiəyə buraxmırlar. Onlara nomenklatur olaraq ciddi şəkildə problemlər yaradılır: "Lakin Avropa ölkələrində gənclər elmlər doktoru dərəcəsi almaq üçün bir o qədər problemlə rastlaşmırlar. Azərbaycanda da bu qaydalar sadələşdirilməlidir. Həm qaydalar sadələşdirilməlidir, həm də kənar müdaxilələrə yol verilməməlidir.

Təəssüflər olsun ki, Azərbaycanda alimlərin, elmlər doktorlarının böyük əksəriyyəti yaşlı insanlardır. Bu məsələ bizləri çox narahat etməlidir. Hesab edirəm ki, hazırda gənc alimlərin sayı kritik həddədir. Keçirilən gənc alimlərin konfranslarına baxanda görürük ki, böyük əksəriyyət gənc alimin yaşı 40-dan çoxdur. Bu, yaxşı tendensiya deyil”.

"Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında intellektual sərvətin qorunması işində gəncliyin üzərinə böyük vəzifələr qoyulduğunu vurğulayan tarixçi-alim bildirib ki, AMEA-nın institutlarında bu məsələ kağız üzərində həyata keçirilir: "Amma bu o demək deyil ki, AMEA ləğv olunmalıdır. Düzdür, universitetlər də hazırda elmi tədqiqat aparırlar, ancaq bunu kütləvi şəkildə etsək, effektiv olmaz.

Çünki universitetlər əmək bazarı üçün kadr hazırlığını həyata keçirirlər. Əgər onlar tədqiqat aparsalar, müəllimlər tədris prosesindən uzaqlaşa bilər. Düşünürəm ki, hazırda ən yaxşı çıxış yolu AMEA-nın strukturunda və işində ciddi dəyişikliklər və islahatlar aparılması olar”.

Şəymən