Elmira Axundovadan sərt ittiham:"Telekanallar qanunlarımıza əməl etmir !"





"Sosial reklam haqqında keçən iclaslarda çox mühüm əlavə və düzəlişlər etmişik. Məsələn, 13-cü maddənin 10-cu bəndində yazılıb ki, Sosial reklam çarxlarının nümayişi üçün ayda 20 dəqiqədən az olmayan efir vaxtı ayrılmalı və həmin verilişlərin daha əlverişli vaxtda yayımını təmin etməlidir". 

"Sherg.az" xəbər verir ki, bunu Milli Məclisin bu gün baş tutan iclasında "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə təklifə münasibət bildirərkən millət vəkili Elmira Axundova deyib. Xanım parlamentari qeyd edib ki, hətta bu bəndi televiziyalar qarşısında vacib bir vəzifə kimi qoyublar: 

" Lakin görürük ki, telekanallar qanunlarımıza əməl etmir. Ümumiyyətlə, sosial reklam məsələsi bir mühüm problem kimi, efir məkanında qalmaqdadır. Eləcə də mobil telefon istifadəçilərinin razılığı olmadan onlara bezdirici reklamların göndərilməsi problemi qalmaqdadır. Halbuki, biz bunu da həmin qanunla qadağan etmişik. Ona görə, mən yenə də qanunlarımızın icrasına görə, nəzarət mexanizmlərinə diqqət yetirmək istəyirəm. Çox gözəl qanunlar işləyib hazırlayırıq, lakin onların icrası çox zəifdir. Bu da Milli Məclisin imicinə xələl gətirir. Ona görə müvafiq orqanlardan tələb etmək lazımdır ki, müvafiq qanunlarımızın icrasına nəzarəti gücləndirsinlər.

Xanım millət vəkili 14.1-maddəyə dair də təklif irəli sürüb: 

"Burada yazılır ki, yayımlanan reklam "vizual (görüntülü) və (və ya) akustik (səsli)" şəkildə fərqlənməlidir. Hesab edirəm ki, bu səsli məsələsinə biz birdə qayıtmalıyıq. Çünki bilirik ki, reklamlar yayımlananda səs birdən birə qalxır və daha da bezdirici formada evlərimizə daxil olur. Mənim yadımdadır ki, Rusiya dumasında, hətta bu məsələyə baxaraq, reklamların yüksək səslə verilməsini qadağan etmişdilər. Bu mənada düşünürəm ki, akustik, yəni səsli şəkildə fərqlənməsi məsələsi qanundan çıxarılmalıdır. Çünki bu reklamçılar tərəfindən sui-istifadələrə gətirib çıxaracaq".

Ayyət Əhməd