“5 qadının ölümünə haqq qazandırmaq ağılsızlıqdır. Bizim cəmiyyətdə kimsə kimisə öldürməyi qarşısına məqsəd qoyursa, mütləq əxlaqi dəyərlərin arxasında gizlənir”
Salyanda ailə başçısı tərəfindən öldürülən beş nəfərin meyiti ailəsinə təhvil verilib. Bütün araşdırmalar aparıldıqdan sonra, dünən səhər meyitlər ailənin yaxınlarına təhvil verilib. Qeyd edək ki, ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi "Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının "Səni axtarıram” verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdirilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.
Daha sonra hüquq-mühafizə orqanları məsələ ilə bağlı araşdırmaya başlayıb və cinayəti törədən ata və oğul həbs edilib. Cinayətin törədildiyi yer bəlli edilərək meyitlər -Mehparə Nadir qızı Əliyeva və dörd qızı - İradə Əliyeva, Rəqibə Əliyeva, Sevda və Ümidə Əliyevalar çıxarılıb və Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Salyan şöbəsinə aparılıb.
Onu da deyək ki, əməkdar artist Yusif Mustafayevin baş verən faciə ilə bağlı fikirləri cəmiyyətdə böyük səs-küyə səbəb olub. Onun 4 qızını və arvadını öldürən ata haqqında söylədikləri birmənalı qarşılanmayıb: "İmam üçün ağlayanda gərək yezid üçün də ağlayasan. Mən o adama burda bəraət qazandırmıram. O, ən qatı bir cinayətkardır. Amma burda bir şey var. Onu bu səviyyəyə gətirib çıxaran səbəblər də var. O da bir kişi olub da. Çıxıb çölə-bayıra. Bəlkə də onun qulağına bunlardan müəyyən sözlər gəlib. Namus-qeyrət gedir. Qoy bu, cavanlarımıza dərs olsun”.
Sözügedən cinayətlə bağlı "Şərq”ə açıqlama verən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da, əvvəla, Y.Mustafayevin açıqlamasına toxunub. Mehriban xanım deyib ki, həmin andaca əməkdar artist efirdən uzaqlaşdırılmalı idi:
"Bu adam faktiki olaraq efirdə cinayəti təbliğ edib. Hesab edirəm ki, aparıcılar belə məsələlərə həssas yanaşmalı və bu cür təhrikedici açıqlamaları dərhal kəsməlidir. Əks halda bu çağırışlar ailədaxili münaqişələrin və qadın qətllərinin daha da artmasına gətirib çıxara bilər. Birincisi, qadınların Türkiyəyə getmə faktı öz təsdiqini tapmayıb. İkincisi də, bu, reallıq olsa belə 5 qadının ölümünə haqq qazandırmaq ağılsızlıqdır. Bizim cəmiyyətdə kimsə kimisə öldürməyi qarşısına məqsəd qoyursa, mütləq əxlaqi dəyərlərin arxasında gizlənir. Hesab edirlər ki, qətli namus üstündə törətdiklərini iddia etsələr, ya məsuliyyətdən azad olacaqlar, ya da ki hüquq-mühafizə orqanları onlara "çox sağ ol” deyib, cəzalarını yüngülləşdirəcək. Ancaq bu gün o gün deyil axı! 30 il bundan əvvəl bu cinayəti törədən şəxslər cəmiyyətin böyük bir qismi tərəfindən dəstəklənə bilərdi”.
M.Zeynalova hesab edir ki, namus məsələsindənsə cinayətin pula görə törədilməsi daha inandırıcıdır.
Məlumatda qadının işlədiyi və pul qazandığı yer alıb. Ola bilsin ki, qadın öz gəlirini əri ilə paylaşmaq istəmədiyindən də bu cür faciəvi hadisə baş vermiş ola bilər. "Sən işlə, mən də yeyim-içim” prinsipi ilə yaşayan bir kişiyə dözmək elə də asan məsələ deyil”.
Birlik rəhbərinin sözlərinə görə, maraq doğuran bir məsələ də 5 nəfərin qətlindən insanların bixəbər olmasıdır. Ən azından birini tutanda digəri qışqır-bağır sala, qaçıb köməyə adam çağıra bilərdi. Mütləq şəkildə cinayətin bu tərəfi araşdırılmalıdır. Necə olur ki, bir nəfər onların səsini eşidib, dadına çatmayıb.
Şəymən