Əməliyyat çıxış yoludur

Ətrafı yaxşı görmək sağlam həyatla bağlıdır“Dünya statistikasında kataraktanın inkişafını dayandıran bir dərman preparatı mövcud deyil”
Azərbaycanlı həkim Mehriban Əlizadə Qərbi Afrika dövləti Nigeriyada anadan kor doğulan qızı 25 il sonra uğurlu əməliyyat edərək gözlərini açıb. Bakıda özəl xəstəxanalardan birində çalışan Əlizadə Türkiyə həkimlərinin qurduğu "Könüllülər dərnəyi”nin Afrikada korluqla mübarizə layihəsi çərçivəsində İslam İnkişaf Bankının dəstəklədiyi "Bir milyon katarakt əməliyyatı” çərçivəsində həkim qrupu tərkibində Nigeriyaya gedib.
O, 25 ildir kor olan Xədicə Şəfahət adlı qadını müayinə edərkən gözündə katarakta (mirvari suyu) olduğunu öyrənib. Xəstəni təcili əməliyyat edərək gözlərinə linza qoyub.
Qeyd edək ki, insanın görmə qabiliyyəti və görmə itiliyi gözün optik mühitlərinin şəffaflığından, torlu qişanın sinir aparatının və beynin görmə mərkəzinə informasiya daşıyan sinirlərin vəziyyətindən asılıdır. Bu zəncirin hər hansı bir həlqəsində baş verən patoloji dəyişiklik görmə itiliyinin zəifləməsi ilə nəticələnir. Belə patologiyalardan biri katarakta və ya el arasında deyildiyi kimi, "mirvari suyu”dur.
Bəs, katarakta xəstəliyi nədən yaranır və onu necə müalicə etmək lazımdır?
Oftalmoloq-cərrah Əsmər Cümşüdovanın "Şərq” qəzetinə açıqlamasına görə, eynək nömrəsindəki sürətli və ani artımlar, bulanıq görmə kataraktanın ən əhəmiyyətli əlamətləridir:
 "Anadangəlmə katarakta uşağın 6 ayında əməliyyat olunmalıdır. Katarakta zamanı gözün dibinə işıq düşmədiyi üçün uşaqların gözü funksional baxımdan inkişafdan qalır”.
Uşaq doğulanda gözün görmə funksiyalarının çox aşağı olduğunu vurğulayan oftalmoloqun sözlərinə görə, katarakta zamanı göz billurunun şəffaflığı pozulur. Billurun bulanması işığın gözün içinə düşməsinə mane olur ki, nəticədə görmədə müxtəlif pozulmalar inkişaf edir - görmə pisləşməsi, ikili görmə, parlaq işığa qarşı həssaslığın artması. Kataraktası olan insan obyektlərin konturlarını aydın görmür, dumanlı görür. Katarakta ilə doğulan uşaq 2-3 yaşında əməliyyat olunsa belə onun görmə qabiliyyəti yaşıdlarındakı kimi aydın olmayacaq. Maksimum 30-40 faiz görə biləcək. Ona görə də, gözündə "mirvari suyu” olan uşaqları bacardıqca erkən yaşda əməliyyata almaq lazımdır: "Anadangəlmə kataraktanın səbəbi irsi sindromlardır. Birbaşa infeksion xəstəliklərlə bağlılığı var. Hamilə qadınların keçirdiyi məxmərək və herpetik infeksiyalar katarakta yarada bilir. Spirtli içkilər və digər zərərli içkilər də bu xəstəliyin yaranmasına gətirib çıxarır. Genetik xəstəliklərlə bağlı olanda isə gözün quruluşunda gizli anomaniyalar olur”.
Həkimin sözlərinə görə, sonradan yaranan kataraktalar yaş ötdükcə inkişaf edir. Səbəblər müxtəlif olsa da bu xəstəliyin əsas səbəbi orqanizmin qocalmasıdır: 
"Adətən katarakta 40 yaşdan sonra yaranır və hər yaş artımında faizi artır. Nə qədər gəncik, orqanizm bu zərbələrə birtəhər dözür. 40 yaşa çatanda daha tab gətirə bilmir. Və müxtəlif orqanlar bir-bir sıradan çıxır. Katarakta da əslində orqanizmin tamlığının pozulmasından başqa bir şey deyil.
Əgər ata-anada katarakta olubsa, övladda da müəyyən yaşdan sonra bu xəstəlik inkişaf edir. İrsiyyət faktoru mühüm rol oynayır. Şəkər xəstələrinin də əksəriyyətində katarakta olur. Sağlam olmayan həyat tərzindən uzaq durmaqla bu xəstəlikdən qorunmaq olar”.
Ə.Cümşüdovanın sözlərinə görə, "mirvari suyu”nun dərmanla müalicəsi bir o qədər də effektiv deyil, daha doğrusu, mümkün deyil. 
Apteklərdə antikataraktal damcılar adı altında satılan dərmanları bəzi poliklinika həkimləri tövsiyə edirlər. Çünki o damcıların tərkibində olan nəmləndirici müəyyən qədər komfort yaradır. Lakin dünya statistikasında kataraktanın inkişafını dayandıran bir dərman preparatı mövcud deyil: "Əməliyyatdan başqa müalicəsi olmayan katarakta xəstəliyi, göz içində olan və görməmizi təmin edən mərcəyin gedərək görmə funksiyasını itirməsidir. Katarakta əmələ gəlibsə, bir müddətdən sonra "mirvari suyu” bulanacaq və görmə qabiliyyətini zəiflədəcək. Onun inkişaf faizi isə insan orqanizmindən asılıdır. Bəzi adamda 5 ilə, bəzisində isə 15 ilə görməni tamamilə məhdudlaşdıra bilər. Müasir dövrdə heç bir həkim kataraktanın yetişməsini gözləmir, əgər artıq görmədə problem varsa, biz əməliyyatla bu problemi aradan qaldırırıq. 20-30 il bundan əvvəl isə kataraktanın tam yetişməsini gözləyirdilər”.
Həkim kataraktanın həm yaxın, həm də uzaq görmə üçün ciddi problem yaratdığını deyib: 
"Katarakta göz bəbəyinin arxasında mərci boyda billurdur. O bulanan zaman işığın qarşısını kəsir. Bəzən billurda gedən dəyişiklik müvəqqəti olaraq mənfilik yaradır. Müsbət eynək taxan adamlar bunu yaxını görmə kimi dəyərləndirib sevinir. Amma biz həkimləri bu narahat edir. Çünki katarakta başladığı andan etibarən insanın ictimai həyatına mənfi təsir edəcək şəkildə həm uzaq, həm də yaxını görmək qabiliyyətinin gedərək pozulmasına səbəb olur”.
Şəymən