“Ərdoğan iqtidarını gözdən salmağa çalışacaqlar” - ŞƏRH

"Türkiyə siyasətində yeni bir siyasi partiyanın təməl daşları atılır”.
Bunu "Sherg.az”a açıqlamasında "Atlas” Araşdırmalar Mərkəzinin eksperti Zeynal Əmralıyev deyib.
Analitik bildirib ki, keçmiş baş nazir Əhməd Davudoğlunun başında durduğu bu hərakatın məqsədi seçkilərdən zəif çıxmış AK Partiyanı parçalayıb Türkiyə siyasətində öz yerini tutmaqdır:
"Davudoğlu ilə bərabər keçmiş xarici işlər naziri Əli Babacan, keçmiş gənclər və idman naziri Suat Kılıç kimi AKP zamanındakı məşhur funksionerlərində yer alacağı bildirilən yeni siyasi partiyanın siyasətin sağ mərkəzində duracağı bildirilir. Yeni partiyaya rəsmən üzv olmasa da, keçmiş prezident Abdullah Gülün də dəstək verəcəyi bəllidir. Əslində elə bu hərəkatın başının Gül olduğunu bilməyən yoxdur. Əgər partiya Türkiyə siyasətində uğur qazana bilərsə, 2023-cü ildəki prezident seçkilərində Ərdoğanın qarşısına Abdullah Gülün namizədliyi ilə çıxa bilər. Gül həm də birləşdirici fiqur kimi bir neçə siyasi partiyanı da öz ətrafında birləşdirəcək çəkili bir siyasətçidir”.
Ekspertin sözlərinə görə, Abdullah Gül Ərdoğana qarşı olan müxaliflərin son sığınacaq yeri hesab olunur:
"Yeni quruluş AK Partiyadan az, ya da çox səs aparacaq, ancaq mütləq səs aparacaq, bu mübahisəsiz məsələdir. Əslində bu proses çoxdan gözlənilirdi. Ərdoğan partiyanın səs itirəcəyinin fərqindədir və bunu bərpa etməyin yollarını axtarır. Qarşıda iki formul var. Birincisi, mərhum siyasətçi Muhsin Yazıcıoğlunun əsasını qoyduğu və hazırda Mustafa Dəstəcinin rəhbərlik etdiyi Böyük Birlik Partiyası AK Partiyaya birləşəcək. 
İkincisi isə "Milli Görüş” hərakatının öndəri Nəcməddin Ərbakanın oğlu Fateh Ərbakanın tərafdarları ilə birlikdə AK Partiyaya qəbul edilməsidir. Bu yolla irilən səslər bərpa oluna bilər. İkinci formul əslində daha inandırıcı görünür. Çünki oğul Ərbakan son dövrlər verdiyi açıqlamalarla sanki Ərdoğana yaxınlığını biruzə verir və qarşı tərəfdən təklif gözləyir. Fateh Ərbakana qoşulma qarşılığında bir nazirlik hədiyyə edilə bilər. Bu formul vaxtilə Səadətdən ayrılıb AKP-yə qatılan Numan Kurtulmuşa və Demokrat Partiyanın sədrliyindən istefa verib hakim partiyaya keçən Süleyman Soyluya tətbiq olunmuşdu”.
Siyasi şərhçinin fikrincə, 2023-cü ilə qədər Ərdoğan güclü şəkildə işləməlidir:
 "Xalq açıq şəkildə sonuncu bələdiyyə seçkilərində liderə xəbardarlığını etdi. İndi Ərdoğan əleyhinə olan qüvvələr səfərbər olaraq iqtidarı xalqın gözündən salmağa çalışacaqlar. Yaxşı olar ki, AKP İstanbuldakı prossesi yekunlaşdırıb, bütün gücünü 2023-ci il üçün səfərbər etsin”.
İsmayıl