"Türkiyənin təhlükəsizliyi Naxçıvandan başlayır”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Ərdoğan vurğulayıb ki, Türkiyə terror təşkilatlarının birgə hücumu altındadır: "Bu millət ər meydanından heç vaxt qaçmayıb. Bizi bir vaxtlar "İŞİD-lə mübarizə aparmır” deyə günahlandıranların daha sonra İŞİD-in üzərinə gedəndə "irəli getməyin” demələri təsadüfi deyil.
Kişi kimi qarşımıza çıxa bilməyənlər terror təşkilatları ilə bizi arxadan bıçaqlamağa çalışırlar”. Türkiyə rəhbəri bəyan edib ki, regionda qeyri-sabitlik və terror təhdidi var: "Biz qonşu ölkələrdə bu təhdidi aradan qaldırmasaq, təhlükəsiz şəraitdə yaşaya bilmərik. Terror təhdidinin kökünü kəsməliyik. Bu mənada Türkiyənin təhlükəsizliyi ölkə sərhədlərindən yox, Naxçıvandan, Batumidən, Balkanlardan və Hələbdən başlayır”. Məlumat üçün bildirək ki, Türkiyənin Naxçıvan bağlılığı 1921-ci ilin oktyabrında Rusiya ilə Türkiyə arasında imzalanan Qars müqaviləsinə dayanır.
Müqavilənin 5-ci maddəsi bilavasitə Naxçıvanın taleyi ilə bağlı olub. Orada Naxçıvanın Azərbaycanın tərkibində saxlanması və muxtariyyət verilməsi məsələsi təsbit olunub. Üstəlik, Naxçıvanın statusu məsələsində razılığa gələn tərəflər müəyyən edilib. Xatırladaq ki, Qars müqaviləsi müddətsiz imzalanıb və bu müqaviləni imzalayan dövlətlərdən hər hansı biri onu birtərəfli qaydada ləğv edə bilməz. Doğrudur, bu günə kimi bu razılaşmanın denonsasiyası haqda danışıq olmayıb. Amma Ermənistan vaxtaşırı Naxçıvana haqq iddia etməyə cəhd edib.
Türk politoloqu və jurnalisti Bülənt Erentaç Naxçıvanın Türkiyə üçün əhəmiyyətini nəzərə alaraq, Ərdoğanın dediklərini vaxtında verilmiş bəyanat hesab edib:
"Türkiyə Prezidenti öz bəyanatı ilə 1921-ci ilin Qars müqaviləsinin möhkəmliyini yenidən gündəmə qaytarır. Bu sənəd yalnız Naxçıvanın təhlükəsizliyi üçün deyil, həm də Türkiyənin özü üçün əhəmiyyətlidir. Çünki Türkiyənin indiki sərhədlərinin möhkəmliyi həmin ərazilərlə müəyyən edilir. Qars müqaviləsi Ermənistanın Türkiyə torpaqlarına iştahasının qarşısını birdəfəlik və həmişəlik kəsib. Ərdoğan bu bəyanatı ilə faktiki olaraq Ermənistandakı müəyyən dairələrə xatırladıb ki, onlar Naxçıvanı hətta hədələmək barədə belə düşünməsinlər”.
Tarixçi-alim Dilavər Əzimli "Şərq”ə açıqlamasında Naxçıvanın önəmini vurğulayıb və Türkiyə Böyük Millət Məclisi ilə Rusiya arasında imzalanmış Qars müqaviləsinə diqqət çəkib:
"Naxçıvan Atatürkün sayəsində, onun Rusiya ilə bağladığı müqavilənin nəticəsində Azərbaycanın tərkib hissəsi olaraq qalıb. Məhz bu müqaviləyə əsasən qardaş ölkə ilə 11 kilometrlik sərhəddimizi qoruyub saxlaya bilmişik. Türkiyə rəhbərləri Naxçıvan deyəndə əslində bütöv Azərbaycanı nəzərdə tuturlar. Naxçıvan coğrafi olaraq strateji məkanda yerləşir. Prezident Ərdoğanın Naxçıvanın əhəmiyyətini xüsusi qeyd etməsi də təsadüfi deyil. Ermənilərin təhdidi ilə yanaşı, zaman-zaman PKK da bu ərazilərdən İrana keçid üçün istifadə etməyə cəhd göstərir. Bu baxımdan Naxçıvanın təhlükəsizliyinin təmin olunması birbaşa Türkiyənin təhlükəsizliyinin təmin olunması deməkdir. Ona görə də Türkiyə hökuməti Naxçıvana İstanbul və Ankara qədər ciddi önəm verir”.
İsmayıl