Ərdoğanın Dağlıq Qarabağ açıqlaması... - ŞƏRH





"Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğanın Bakının işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar möhtəşəm paradda iştirak etməsi bir daha qardaş ölkənin Azərbaycan verdiyi dəyərin bariz nümunəsidir".

Bunu "Sherg.az"a analitik Ehtiram Aşırlı bildirib. 

Onun sözlərinə görə, R.T.Ərdoğanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlaması bir daha onu göstərir ki, qardaş ölkə hər zaman Azərbaycanın yanındadır:

"Türkiyə lideri beynəlxalq tribunalarda çıxış edərkən hər zaman Dağlıq Qarabağ münaqişəsinə toxunur və həqiqətləri dünya ictimaiyyətinə çatdırır. Hesab edirəm ki, R.T.Ərdoğanın bütün bu təşəbbüsləri ölkəmiz tərəfindən təqdirəlayiq addımlar olaraq qiymətləndirilir.

Azərbaycan və Türkiyə silahlı qüvvələrinin birgə iştirakı ilə Bakının işğaldan azad olunmasının 100 illiyinə həsr olumuş möhtəşəm paradın keçirilməsi Ermənistanı vahiməyə salıb. Məhz ona görə, Ermənistan Milli Məclisinin vitse-spikeri E.Şarmazanovun səsləndirdiyi bəyanatlar əhəmiyyətsiz olmaqla yanaşı həm də onların qorxu içində olduqlarını götərir
.
Ermənistan özünü Azərbaycan və Türkiyənin düşməni kimi aparır. İrəvan bəyan edir ki, xarici siyasətdə əsas məqsədi "türk ekspansiyasının qarşısını almaqdan ibarətdir". Yəni Ermənistanın bütün gücü Azərbaycan -Türkiyə strateji tərəfdaşlığın qarşısını almağa yönəlib.Türkiyə və Azərbaycan regionun ən güclü dövlətləridir və getdikcə imkanları daha da artır. Eyni zamanda bu cür anti -humanist, orta əsr təfəkkürü ilə siyasətdə hansı uğuru qazanmaq olar? Ermənilərin sözü ilə bütün dünya türklərə düşmən olmalıdır? Təbii ki, absurd məsələlərdir.

Əslində, Ermənistanın yeganə çıxış yolu var. Regionun güclü dövlətləri olan Azərbaycan və Türkiyəyə qarşı siyasətində köklü dəyişikliklər etməlidir. İşğal etdiyi torpaqları dərhal tərk etməlidir. Bu üsulla Ermənistan müxtəlif beynəlxalq layihələrə qoşula və tədricən müstəqil dövlət kimi ayağa dura bilər. Əks təqdirdə Ermənistan regionda həyata keçirilən bütün iqtisadi layihələrdən kənarda qalması, həm də regiondan təcrid olunması halı davam edəcək".

Ayyət Əhməd