“Müxalifət partiyaları AKP-MHP ittifaqının qarşısına öz gücləri ilə deyil, beynəlxalq aləmdən aldıqları dəstəklə çıxacaqlar”
Türkiyədə növbədənkənar parlament seçkilərinə 1 aydan çox vaxt qalmış müxalifət partiyaları birləşmək qərarına gəlib. Ayın 4-də dörd partiya - CHP, Səadət, İYİ, Demokrat partiyaları seçkilərdə birgə iştirakla bağlı müvafiq sazişə imza atacaqlar. Hakim Ədalət və İnkişaf Partiyasının namizədi Rəcəb Tayyib Ərdoğana qarşı qurulan müxalif birlik üçün imzalanacaq protokol ayın 6-da Mərkəzi Seçki Komissiyasına təqdim ediləcək.
Ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədinin kimliyi ilə bağlı müəyyən iddialar səslənməkdədir. Deyilənə görə, partiya keçmiş AKP-li Abdullətif Şenəri namizəd olaraq göstərməyə hazırlaşır. Sədr Kamal Kılıcdaroğlunun bunun üçün müşavirlərini Şenərlə danışıqlara göndərdiyi deyilir. Seçkilərdə ən çox diqqət çəkən siyasi qurum isə Səadət Partiyasıdır. Partiyanın sədri Təməl Karamollaoğlu seçkilərdən əvvəl ciddi fəaliyyətə başlayıb. O, bir sıra qurumlarla seçki ittifaqı, müxalifətin vahid namizədinin müəyyən olunması üçün danışıqlar aparıb. Son olaraq Səadət Partiyası eks-prezident Abdulla Gülün vahid namizədliyi üçün həm onun özü, həm də müxalifət partiyaları ilə danışıqlar aparsa da, nəticə uğursuz olub. Eks-prezident seçkilərdə iştirak etməyəcəyini bildirib. Seçkilərdə AKP üçün əsas rəqibin Səadət Partiyası olacağı düşüncəsinin səbəbi hər iki partiyanın eyni "kökdən” gəlməsi ilə izah olunur. Həm Səadət, həm də AKP sabiq baş nazir Nəcməddin Ərbakanın "Milli Görüş” şinelindən çıxıb. Lakin AKP-nin parlaq dövrlərində Səadət Partiyası seçkilərdə baryeri aşaraq parlamentə düşə bilməyib. Ehtimal olunur ki, Səadət Partiyasının İYİ Partiya və CHP ilə birlikdə ittifaqa daxil olub seçkilərə getməsi AKP-nin səslərinə təsir edəcək. Yəni Səadət Partiyası prosesdə əsas güc olmasa da, "bardağı daşıran son damla” rolunu oynaya bilər.
Lakin əksər politoloqların fikrincə, müxalif düşərgənin birgə hərəkəti Ərdoğanın seçkilərdə qalib gəlmək şanslarını azaltmayacaq. Çünki 4 partiyanın birliyini sosial sifariş saymaq olmaz.
ADP sədri, politoloq Sərdar Cəlaloğlu "Şərq”ə açıqlamasında bildirib ki, Türkiyədə seçkilərin taleyini və aktivliyini daxildəki proseslərdən daha çox xarici müdaxilələr müəyyən edir. Onun sözlərinə görə, Qərb dünyası, xüsusən Avropa ölkələrinin rəhbərləri nəyin bahasına olursa-olsun, Rəcəb Tayyib Ərdoğanın hakimiyyətdən getməyini istəyirlər:
"Müəyyən qüvvələr var ki, Türkiyəni öz istədikləri kimi idarə etməyə çalışırlar. Ərdoğan söz sahibi bir dövlət uğrunda mübarizə aparır. Bölgənin real gücünə çevrilmək istəyir. Bu da regionda gözü olan əksər dövlətlərin maraqlarına uyğun gəlmir. Bu səbəbdən seçki ərəfəsində Avropa ölkələrində yaşayan türklər arasında seçki təbliğatının aparılmasına imkan vermirlər. Bu kontekstdə yanaşdıqda ölkədaxili müxalifətin gücündən daha çox xarici müdaxilələr ön planda olacaq. Yəni müxalifət partiyaları AKP-MHP ittifaqının qarşısına öz gücləri ilə deyil, beynəlxalq aləmdən aldıqları dəstəklə çıxacaqlar. Əgər müxalifət pərakəndəliyə yol verməzsə, vahid namizəd ətrafında birləşərsə, seçkidə nəyəsə nail ola bilər. Yox əgər ayrı-ayrı namizədlərlə seçkiyə qatılarlarsa, o halda seçkinin qalibi Rəcəb Tayyib Ərdoğan olacaq”.
İsmayıl