Kolinda Kitaroviç: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”
“Ermənistan sülh istəmir”
Prezident İlham Əliyev: “Beynəlxalq ictimaiyyət Ermənistanı bizə məxsus olan əraziləri heç bir şərt irəli sürmədən geri qaytarmağa məcbur etməlidir”
Kolinda Kitaroviç: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”
Kolinda Kitaroviç: “Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyirik”
Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç Azərbaycana rəsmi səfərə gəlib. Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiya Prezidenti xanım Kolinda Kitaroviç ilə təkbətək görüşü olub. Görüşdə Xorvatiya Prezidentinin Azərbaycana səfərinin əhəmiyyəti vurğulanıb. Dövlət başçısı bu ilin əvvəlində Londonda keçirilən "Suriyaya və regiona dəstək” konfransı çərçivəsində Prezident Kolinda Qrabar-Kitaroviç ilə görüşünü və Xorvatiyaya səfərlərini xatırlayıb. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu deyib.
Azərbaycana səfər etməkdən məmnunluğunu bildirən Xorvatiya Prezidenti səfər çərçivəsində keçiriləcək biznes-forumun önəmini vurğulayıb. Kolinda Qrabar-Kitaroviç Xorvatiya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməkdə maraqlı olduqlarını qeyd edib. Söhbət zamanı ikitərəfli əlaqələrin müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, münasibətlərimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. Görüşdə ikitərəfli və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Daha sonra Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər.
"İkitərəfli əməkdaşlığı inkişaf etdirmək lazımdır”
Prezident İlham Əliyev Xorvatiya rəhbəri ilə görüşündə bu səfərin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib: "Bizim ikitərəfli, regional və təhlükəsizlik məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparmaq imkanımız oldu. Gördüyünüz kimi, mövqelərimiz üst-üstə düşür”. Dövlət başçısı bildirib ki, ikitərəfli əməkdaşlığı inkişaf etdirmək lazımdır: "İndi bunun üçün yaxşı imkanlar var. Bizim müxtəlif sahələrdə yaxın siyasi əlaqələrimiz var. Xorvatiya Prezidentinin səfəri bunu bir daha nümayiş etdirir. Sabah biznes dairələrinin çox maraqlı toplantısı keçiriləcək. Biz ticarət mübadiləsinin səviyyəsini və investisiyaları necə artıra biləcəyimizə və digər imkanlara nəzər salmalıyıq”.
"Bizim çox geniş gündəliyimiz var”
Prezident vurğulayıb ki, enerji sahəsində əməkdaşlıq böyük əhəmiyyət kəsb edir: "Biz qrafik üzrə icra olunan Cənub Qaz Dəhlizində tərəfdaşıq. Bizim çox geniş gündəliyimiz var. Xorvatiyanın mühüm rol oynadığı Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq var. Bütün bu sahələrdə daha çox irəliləyiş görmək istəyirik. Düşünürəm ki, ölkələrimiz bir çox sahədə yaxın tərəfdaşlıq əlaqələri qurub. Biz xüsusən, ticarət, iqtisadi inkişaf, şirkətlər arasında əlaqələr sahəsində daha nələr edə biləcəyimizə nəzər salmalıyıq. Çünki siyasi əlaqələr çox yaxşıdır və bu səfərdən sonra daha da yaxşı olacaq. Mən əminəm ki, səfər çox uğurlu keçəcək və dostluq əlaqələrimizin inkişafında daha mühüm bir addım olacaq”.
"Bizim aramızda açıq qalan məsələlər yoxdur”
Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç çox səmimi qarşılanmaya görə, Azərbaycan rəhbərliyinə təşəkkür edib. O bildirib ki, Bakıda və Azərbaycanın digər yerlərində yaşayan xorvat icması ilə görüş keçirib: "Mən çox şadam ki, Azərbaycan milli yığmasının baş məşqçisi ilə yanaşı, iqtisadiyyat, əczaçılıq, nəqliyyat, mühəndislik və digər sahələrdə çalışan bir çox xorvat var. Sizin 2013-cü ildə Zaqrebə səfərinizdən və bu il Suriya ilə bağlı Londonda keçirilən konfrans çərçivəsində görüşümüzdən sonra bu gün əlaqələrimizi daha da inkişaf etdirməklə bağlı müzakirələr aparmaq üçün yaxşı imkanlar var. Bizim aramızda açıq qalan məsələlər yoxdur. Siyasi əlaqələrimiz çox yaxşıdır. Lakin bu əlaqələri inkişaf etdirmək üçün daha çox imkanlar var. Xüsusən iqtisadiyyat, investisiya, ticarət, mədəniyyət, təhsil, müdafiə, təhlükəsizlik sahələrində əlaqələr və bizim hamımıza təsir edən regional və qlobal təhlükəsizliklə bağlı hərtərəfli əməkdaşlığı koordinasiya və məsləhətləşmələrlə dərinləşdirmək, genişləndirmək üçün çoxlu imkanlar mövcuddur”. Kitaroviç qeyd edib ki, Xorvatiya Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir.
"Xorvatiya prezidenti ilə regional təhlükəsizlik məsələlərini müzakirə etdik”. Bunu Azərbaycan prezidenti İlham Əliyevin Xorvatiya prezidenti Kolinda Qrabar-Kitaroviç ilə görüşdən sonra mətbuata bəyanatında deyib. O bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycan və Ermənistan prezidentləri arasında danışıqların hazırkı vəziyyəti barədə Xorvatiya prezidentinə məlumat verib: "Təəssüf ki, uzun illərdir torpaqlarımız işğal altındadır. Azərbaycan ərazisinin 20 faizi, təkcə Dağlıq Qarabağ deyil, həm də Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı 7 rayon işğal olunub. Bu işğal nəticəsində bizim 1 milyondan artıq qaçqın və məcburi köçkünümüz var. Xalqımız Ermənistan tərəfindən etnik təmizləmə siyasətinə məruz qalıb. Beynəlxalq təşkilatlar mühüm qərar və qətnamələr qəbul ediblər. Xüsusən BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr 20 ildən artıqdır ki, kağız üzərində qalır”.
Prezident xatırladıb ki, Avropa Parlamenti, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı kimi təşkilatlar da oxşar sənədlər qəbul edib: "Lakin təəssüf ki, münaqişə həll olunmur. Çünki Ermənistan sülh istəmir, status-kvonu dəyişməz olaraq saxlamaq istəyir. Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrin - ABŞ, Rusiya və Fransa prezidentlərinin status-kvonun qəbuledilməz olması ilə bağlı bir neçə dəfə açıq şəkildə verdikləri bəyanata qulaq asmaq istəmir. Bu, status-kvonu dəyişməz olaraq saxlamaq istəyən və təkcə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq davranış normalarına deyil, həm də dünyanın 3 aparıcı ölkəsinin liderlərinin bəyanatlarına məhəl qoymayan Ermənistan rəhbərliyinə birbaşa mesajdır. Bu, qəbuledilməzdir. Beynəlxalq ictimaiyyət Ermənistanı beynəlxalq hüquqa riayət etməyə və onlara məxsus olmayan, bizə məxsus olan əraziləri heç bir şərt irəli sürülmədən azad etməyə məcbur etməsi üçün ciddi tədbirlər görməlidir. Münaqişənin həlli Azərbaycanın bütün dünya tərəfindən tanınmış ərazi bütövlüyünə əsaslanmalıdır. Dünyada heç bir ölkə, o cümlədən Ermənistan Dağlıq Qarabağın bu oyuncaq rejimini tanımır”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü hər hansı bir ölkənin ərazi bütövlüyü ilə eyni əhəmiyyətə malikdir.
"Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi Prosineçkinin mükəmməl fəaliyyətidir”
"Xorvatiya prezidenti ilə görüşdə enerji sahəsində olduqca ümidverici olan əməkdaşlığı müzakirə etdik. Biz artıq tərəfdaşıq”. Bu sözləri də Azərbaycan prezidenti İlham Əliyev deyib. O bildirib ki, Xorvatiya bu ilin fevralında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ikinci toplantısında iştirak edib və Avropaya qaz nəqli ilə bağlı layihə üzrə ölkələr arasında Anlaşma Memorandumu var: "Cənub Qaz Dəhlizi layihəsi qlobal enerji təhlükəsizliyi layihəsidir. Azərbaycan bu layihədə lider ölkə olaraq çox mühüm rol oynayır. Yeri gəlmişkən, bu rol Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlıq memorandumunda qiymətləndirilir və qeyd olunur. Cənub Qaz Dəhlizi artıq reallıqdır.
Layihənin həyata keçirilməsi qrafik üzrə gedir. Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar. Artıq 7 ölkə, belə demək mümkündürsə, komandanın üzvüdür. Düşünürəm ki, bir neçə ölkə, o cümlədən Xorvatiya tezliklə bu komandaya qoşulacaq”.
Prezident qeyd edib ki, iqtisadiyyatın digər sektorlarının, kənd təsərrüfatının, turizmin, həmçinin xalqlar arasında əlaqələrin inkişafı ilə bağlı çoxlu planlar var: "Düşünürəm ki, xalqlar arasında əlaqələrin və Xorvatiyanın Azərbaycanda təbliğinin yaxşı nümunəsi böyük işlər görən Robert Prosineçkinin mükəmməl fəaliyyətidir. Bu qədər uzun illər gözləyəndən sonra biz indi komandamızla fəxr edirik. Çünki onun rəhbərliyi altında komandamız hazırda qrupda ikinci yerdədir. Üç oyundan sonra onların hesabında 7 xal - 2 qələbə və 1 heç-heçə var. Bu, mühüm nailiyyətdir. Əlbəttə, onun burada etdikləri təkcə futbol fanatları tərəfindən deyil, həm də xalqımız tərəfindən yüksək qiymətləndirilir və təbii ki, hamı onun Xorvatiyadan olduğunu bilir. O, sizin ölkənin yaxşı səfiridir və mən fürsətdən istifadə edərək ona uğurlu işinə görə təşəkkür etmək istərdim. Bu da bizim əməkdaşlığımızın yaxşı nümunəsidir və xanım prezidentin səfəri sözsüz ki, bunun üçün yeni imkanlar açır”.
"Bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyirik”
"Xorvatiya bir və ya bir neçə enerji mənbəyindən asılılığa son qoymaq istəyir. Bu, həm neftə, həm də təbii qaza şamil olunur”.
Bunu Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç bəyan edib. O qeyd edib ki, enerji sektoru çox böyük əhəmiyyət kəsb edir. "Biz TANAP, TAP və digər enerji layihələrinin tamamlanmasını və İon-Adriatik kəmərinin bu şəbəkəyə qoşulmasını səbirsizliklə gözləyirik. Bununla da mənim şəxsi təşəbbüsüm olan üç dənizin birləşməsi, - yəni, nəqliyyat, enerji və rəqəmsallaşdırma infrastrukturu və digər imkanlar vasitəsilə Adriatik, Baltik və Qara dənizlərin birləşdirilməsi təşəbbüsünün reallaşmasını gözləyirik ki, bizim bizneslər iqtisadiyyatımızın rəqabətliliyinə öz töhfəsini verə bilsinlər. Enerji daşınması nöqteyi-nəzərindən və eyni zamanda, məhsullarınızın Qərbi Avropaya çatdırılması üçün Xorvatiyadan və xüsusilə ölkəmizin limanlarından istifadə edilməsi baxımından Xorvatiya və Azərbaycan arasında yaxşı əməkdaşlıq perspektivlərini görürəm. Şimali Atlantika marşrutları ilə müqayisədə bu marşrut əlbəttə ki, nəqletmə vaxtını azaldacaq. Enerji və nəqliyyat sahələrindən savayı, infrastrukturun yaradılması sahəsində əməkdaşlıq üçün bir çox imkanlar var”, - deyə o vurğulayıb.
K. Qrabar-Kitaroviç qeyd edib ki, Xorvatiyanın Azərbaycanda iş görmək marağında olan çoxlu inşaat şirkəti var: "Həmçinin qatarlardan tutmuş gəmiqayırmayadək nəqliyyat vasitələri istehsal edən şirkətlərimiz də var. Müxtəlif təyinatlar üzrə sifariş verən müştərilərin ehtiyaclarına görə layihələrini uyğunlaşdıran, gəmiqayırmanın keyfiyyəti və səmərəliliyi baxımından qlobal bazarda ən səriştəli şirkətlərdən biri olan "Uyanik” ilə sizin iş təcrübəniz var. Lakin əlbəttə ki, təkcə böyük bərələr və yükdaşıyan gəmilər deyil, başqa gəmilər də var. Xəzər dənizində sərhəd mühafizəsini, sülhü və təhlükəsizliyi təmin etmək üçün önəmli olan səyyar gəmilərin hazırlanması imkanları da var”.
"Ümidvaram ki, azərbaycanlı turistlərin sayında artım müşahidə edəcəyik”
"Ümidvaram ki, Azərbaycandan Xorvatiyaya səfər edən turistlərin sayında artım müşahidə edəcəyik”. Xorvatiya prezidenti xanım Kolinda Qrabar-Kitaroviç qeyd edib ki, buna Xorvatiyanın Avropa İttifaqı ilə tətbiq etdiyi viza rejimi də öz töhfəsini verib: "Biz bütün dünyadan, o cümlədən Azərbaycandan turistlərə öz qapılarını açan inklüziv bir ölkə kimi turizmi inkişaf etdiririk. Bizim həmçinin mülki inşaat, kənd təsərrüfatı, ərzaq emalı müəssisələrimiz var. Xorvatiya şirkətlərinin əksəriyyəti "Halal” sertifikatına malikdir”.
Xorvatiya prezidenti ümidvar olduğunu bildirib ki, sabah Bakıda keçiriləcək biznes-forumda Azərbaycan şirkətləri ilə kommunikasiya, informasiya texnologiyaları, innovasiyalar, əczaçılıq, tibb, humanitar, minaların təmizlənməsi sahələri üzrə spesifik və konkret müzakirələr aparılacaq: " Düşünürəm ki, bu səfərdən sonra həmin sahələrdə biz konkret əməkdaşlıq layihələrinə başlaya bilərik. Ümidvarıq ki, hər iki ölkənin biznes dairələri birgə iş görəcəklər və bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklər”.
İsmayıl