Ermənistanda 5-ci kalon hərəkətə keçib

Paşinyan hökumətinin 10 yarıtmaz fəaliyyəti ölkəsində ciddi narahatlıq dalğası yaradıb



Ermənistanın Nikol Paşinyan iqtidarı erməni ictimai rəyində tənqid olunmaqda davam edir. İrəli sürülən ittihamların hər biri real faktlara əsaslanır. Xüsusilə, köhnə sistemdən, Serj Sarkisyan hakimiyyətindən olan siyasilər Paşinyanın özünütərif metodlarını hədəfə alaraq, ən kəskin fikirlərini ifadə edirlər. Belə şəxslərdən biri də Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanovdur. Onun sözlərinə görə, son 8 ayda Ermənistanda baş verən siyasi və iqtisadi böhranla yanaşı, sosial və s. sahələrdə yaranmış ağır vəziyyət ölçüyəgəlməz dərəcəyə çatıb. Daha dəqiq desək, Şarmazanov əlində olan danılmaz faktları və arqumentləri necə deyərlər, ard-arda düzərək, onu zəncirvari şəklə salıb: "Baş nazir vəzifəsini icra edən onunla fəxr edir ki, konstitusiyanın qəbulundan sonra ilk dəfədir ki, konstitusiya məhkəməsində seçkilərlə bağlı şikayətlər olmayıb”. Paşinyanın bu fikirlərini şərh edən keçmiş iqtidar partiyasının təmsilçisi öz "Facebook” səhifəsində mövcud Ermənistan iqtidarına istehzalı münasibət sərgiləyərək, 2018-ci ilin TOP-10-nu təqdim edib. Göründüyü kimi, artıq erməni ictimai-siyasi rəyində yeni iqtidarla bağlı ciddi parçalanmalar, ziddiyyət və qarşıdurmalar baş qaldırmaqdadır.

Düşmən ölkədə cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev deyib ki, Paşinyanın tam qələbədən sonra "Qarabağ klanını” cəzalandıracağı şübhəsizdir. Ekspertin sözlərinə görə, Paşinyanın rusiyapərəst qüvvələr üzərində total qələbəsi 5-ci kalonu yenidən hərəkətə keçməyə vadar edir: 

"Təbii ki, Rusiya Ermənistanı öz təsir dairəsində saxlamaq cəhdlərini davam etdirəcək. Bu səbəbdən də Paşinyana təzyiqlər artmaq üzrədir. Təzyiqlər qarşısında sıxılan Paşinyan Moskvaya nəzərdə tutulmamış səfərə yollanıb. Səfər çərçivəsində Paşinyanın Putinə müəyyən güzəştlər barədə söz verəcəyi gözlənilir. Lakin bütün bunlar sadəcə manevrdir. Nə Rusiya öz təzyiqini dayandıracaq, nə də Paşinyan qərbyönlü siyasətindən əl çəkəcək”.

Siyasi şərhçi bildirib ki, Paşinyan hökuməti Avropa İttifaqı ilə müqavilələr imzalamaq barədə hərəkətə keçib: "İrəvan hökuməti düşünür ki, Avropa Birliyi ölkələri ilə viza rejimi qaldırılarsa, Qərb ölkələri Ermənistan iqtisadiyyatını Avropa standartlarına uyğunlaşdırmaq üçün 50 milyard dollara qədər yardım edəcəklər. Ermənistanın tanınmış siyasətçisi, yunan əsilli Eduard Şarmazanov Paşinyan hökumətinin 10 yaritmaz fəaliyyəti barədə dedikləri həqiqətdir. Təpədən dırnağa qədər korrupsiyalaşmış bir sistemi qısa zamanda dəyişmək mümkünsüzdür. Bundan ötrü ilk növbədə maliyyə və ciddi dəstək lazımdır”.

İsmayıl