Ermənistanda məchul tənlik həll olunur

Azərbaycan parlamentində açıq və ya qapalı Qarabağ müzakirəsinin keçirilməsində fayda var



Parlamentin yaz sessiyasının növbəti iclasında Ermənistandakı vəziyyətlə bağlı müzakirələr aparılıb. Millət vəkili Qüdrət Həsənquliyev Qarabağla bağlı iclasların keçirilməsinə böyük ehtiyac olduğunu deyib:

"Prosesləri diqqətlə izləyən biri olaraq əminəm ki, Ermənistan yaxın zamanlarda vətəndaş qarşıdurmasına girəcək və onlar atəşkəsi poza bilərlər. Paralel şəkildə Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə, Rusiya ilə intensiv danışıqlara başlamalıdır”.

Millət vəkili Zahid Oruc "Şərq”ə bildirib ki, Qarabağla bağlı parlamentdə ayrıca iclasların keçirilməsi istəyi Ermənistanda son 15 gündə yaşanan hadisələrin məntiqi nəticəsi olaraq irəliyə sürülüb. Deputat bildirib ki, son günlər Ermənistanda yaşanan hadisələrlə bağlı müxtəlif mövqelər olmalıdır: 
"Çox istəyirəm ki, Azərbaycan siyasi məkanında çox fikirlilik mövcud olsun. Düşmən tərəf informasiya məkanına çox həssasdır. Onlar istəyirlər ki, inqilab etsinlər, özlərinə milli hökumət formalaşdırsınlar, bölgədə mənafelərini qoruyub Azərbaycana zərbə vursunlar və izolyasiyadan çıxsınlar. Ölkəmizin özəl maraqları isə ondan ibarətdir ki, Ermənistan bir tərəfdən məlum işğal siyasətinə görə, bunun ağırlığını sosial, iqtisadi və siyasi baxımdan yaşasın. Digər tərəfdən istənilən inqilabi proseslərə, hakimiyyət çevrilişlərinə və dəyişikliklərinə baxmayaraq, Azərbaycan torpaq bütövlüyünü əldə etsin. Ona görə də bu zaman irəliyə sürülən hər hansı bir ideyaları anlayışla qarşılamaq lazımdır.

Həmkarım Q.Həsənquliyev mövqeyini irəli sürdü ki, biz Ermənistandakı şəraitdən asılı olaraq öz ərazilərimizin işğaldan azad olunmasına hərbi vasitələrlə addımlar atmalıyıq. Çünki istər Qarabağda, istərsə də Ermənistanda hakimiyyət 90-cı illərin hadisələri fonunda formalaşmışdı. Oradakı səhra komandirləri Azərbaycan xalqının qətliamına nail olaraq öz millətlərinin gözündə qəhrəmana çevrilərək taxt-tacı ələ keçirmişdilər”.

Z.Orucun fikrincə, indiki reallıq ondan ibarətdir ki, əgər Ermənistanda vətəndaş qarşıdurması törənərsə, bu, Qarabağda təxribatlara yol açar, müxtəlif silahlı qüvvələrin bir-biri ilə savaşı meydana çıxar: 

"Belə olan təqdirdə Azərbaycan öz ərazilərini azad etmək vəziyyətinə gələr, Rusiyanın əleyhinə çıxan qüvvələr bizim də ölkəmizin maraqlarına zərbə vurmaq istəyərlər. Yəni, siyasət çoxkomponentlidir, sanki burada müxtəlif məchullu tənliklər həll olunur. Belə olan təqdirdə dövlətin siyasi elitasında, o cümlədən parlamentdə açıq və ya qapalı müzakirələrin keçirilməsinin yalnız faydası olacağını düşünürəm”.

Yeganə Bayramova