"Ermənistandakı narazılıqlar güclənə bilər” - Etiraz dalğası genişlənir






"Erməni xalqı 10 il bundan əvvəlki xalq deyil”.

Bunu "Sherg.az”a Ermənistandakı etirazları şərh edərkən politoloq Fikrət Sadıqov deyib. 

O diqqətə çatdırıb ki, gənc nəslin nümayəndələri Ermənistanda heç bir problemin həll olunmadığını anlayır:

"Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyiş yoxdur. Ermənistandan miqrasiya kütləvi xarakter alıb, insanlar iş axtarmaq üçün ölkəni tərk edir. Bütün bunlar ciddi amillərdir.

Son illər müqavimət hərəkatına artıq siyasi qüvvələr, deputatlar başçılıq etməyə başlayıb. Görünür ki, erməni siyasiləri də cana yığılıblar. Serj Sarkisyanın həmkarları da faktiki ondan üz döndəriblər. Bu proseslər davam etsə, kütləvi etiraz hərəkatı genişlənsə, təyin olunan baş nazir ölkəyə nəzarət etməkdə çətinlik çəkəcək. Hakimiyyəti dəyişmək prosesi, iqtidarın əldə saxlanması baş tutdu. Ancaq bundan sonra Ermənistanda baş qaldıran narazılıq daha da güclənə bilər”.

Qeyd edək ki, bu gün İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiyada iştirak edən 68 nəfər saxlanılıb. Məlumat üçün bildirək ki, aprelin 17-də parlamentdə keçirilən xüsusi iclasda Serj Sarkisyan baş nazir elan olunub. Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

Aysel Aslan