"Ermənistanı bataqlığa düşənin vəziyyəti ilə müqayisə etmək olar" - Politoloq

Sədrəddin Soltan: "Bataqlığa düşənə tərpənməz qalmaq məsləhət görülür. Əks halda, o, tez batacaq"
"Belarus prezidenti Aleksandr Lukaşenkonun Ermənistanın indiki və keçmiş dövlət başçılarına tutduğu iradlar, əslində, rəsmi İrəvana dərs kimi də dəyərləndirilə bilər”.
Bu barədə "Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib.
Onun sözlərinə görə, keçmiş prezident Serj Sarqsyana işğal edilən Azərbaycan torpaqlarından çıxması ilə bağlı deyilənlər Ermənistandakı hakimiyyətin qorxaqlığını təsdiqləyir:
"Ölkənin baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın işğal altında olan Azərbaycan torpaqlarına səfərlər etməsi bu halın davam etdiyini göstərir. Belarus lideri Ermənistanın indiki liderlərini qorxaqlıqda açıq şəkildə ittiham edərək Azərbaycana daha çox silah satan ölkənin Rusiya olduğunu söylədiyini vurğulayıb. Lukaşenkonun dediklərini ikinci plana keçirmək üçün Ermənistan KİV-ləri dəridən-qabıqdan çıxır. Onlar Belarus liderinin dediklərinin təsirini azaltmaq üçün Moskvanı, keçmiş hakimiyyəti ittiham edir, hətta Qarabağ kartından belə yararlanmağa səy göstərirlər.
Erməni siyasətşünasları bildirirlər ki, Qarabağ problemini Lukaşenko həll edə bilməz. Axı o, məlum çıxışında bu iddiada olduğunu deməyib. Əslində, Belarus lideri bu məsələ ilə bağlı hamının bildiyi həqiqəti təkrarlayıb: - "Ötən illər ərzində beynəlxalq vasitəçilər Dağlıq Qarabağ münaqişəsinin gerçək həlli istiqamətində heç bir iş görməyiblər”. İş o yerə çatıb ki, erməni siyasilər Rusiyanı ərazi bütövlüyünün pozulması ilə də hədələyirlər”.
Analitik bildirib ki, Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr hansısa kənar qüvvənin qarşısında öhdəlik götürüb:
"Bu öhdəliyin əsasını Rusiyanın təsir dairəsindən çıxmaq, 102 saylı hərbi bazanın fəaliyyətinə etiraz etmək, Qarabağın işğal altında qalmasını uzatmaq kimi məsələlər təşkil etməkdədir. Yerevanın bu kimi iddiaları həyata keçirmək üçün isə resursu yoxdur. Odur ki, Ermənistandakı şəraiti bataqlığa düşənin vəziyyəti ilə müqayisə etmək olar. Bataqlığa düşənə tərpənməz qalmaq məsləhət görülür. Əks halda, o, tez batacaq. Bir də rəsmi Yerevan özünü çoxbilmiş kimi göstərməyə cəhd edir. Bu vəziyyət üçün də deyiblər: "Çoxbilmiş quş dimdiyindən tələyə düşər”.
Qeyd edək ki, Ermənistanda hakimiyyətə gələn yeni siyasi qüvvə yönünü müəyyənləşdirə bilmir. Bir yandan onlar üçün dövlət qurmuş, Azərbaycan torpaqlarında yerləşdirmiş Rusiyadan qopmağa çalışır, digər yandan da bunun qarşılığında Qərbdən daha çox yardım almağa cəhd göstərir. Başqa sözlə, Rusiya ilə Qərb arasında çabalayır. Belə bir vəziyyət isə yeni hakimiyyətin ciddi qüvvə olmadığı təsirini bağışlayır.
İsmayıl