Polis İrəvanın mərkəzində həbslərə başlayıb
Ermənistanda Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları davam etməkdədir. Xatırladaq ki, etirazlara rəhbərlik edən müxalif deputat Nikol Paşinyan ötən gün "məxməri inqilab” komitəsinin yaradıldığını elan edib. O deyib ki, yaradılmış komitə hərəkatın idarə edilməsi ilə məşğul olacaq və prosesi qələbə ilə nəticələndirəcək.
İrəvanda küçələrə axışan etirazçılar "Ermənistan artıq Rusiyanın arvadı olmaq istəmir”, "Sarkisyan Kremlin itidir” kimi şüarlar səsləndirirlər. Bir həftədir davam edən etirazlarda yüzlərlə nümayişçi həbs olunub. Ermənistanın yeni seçilmiş baş naziri Serj Sarkisyan deyib ki, müxalifətçi qüvvələr anlamalıdırlar ki, polislə toqquşma və hökumət binalarına hücumlar heç bir nəticə verməyəcək. Sarkisyan radikal müxalifəti təmsil edən "Yelk” blokuna müraciət edərək Nikol Paşinyanı küçələrdən parlamentə qayıtmağa səsləyib:
"Polislə toqquşmanı və hökumət binalarının zəbtini dinc nümayiş adlandırmaq olmaz. Biz çox qan görmüşük, amma heç vaxt heç düşmənimizin də qanına susamamışıq”. Düşmən ölkədəki nümayişlərə Rusiyadan da reaksiya gəlib. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Kreml İrəvandakı situasiyanı diqqətlə izləyir və ümid edir ki, hadisələr qanun çərçivəsində davam edəcək.
Ermənistanın daha iki şəhəri ayağa qalxdı
Ermənistanda etiraz dalğası paytaxtdan sonra digər şəhərlərə də yayılıb. APA TV-nin erməni mətbuatına istinadən məlumatına görə, Gümrü və Vanadzor şəhərlərində tələbələr küçələrə çıxaraq, hakimiyyətin istefasını tələb ediblər. Vanadzordakı aksiyalara müxalifət liderlərindən Zarui Postancyan başçılıq edir.
Z. Postancyan kütlə qarşısında çıxış edərək, tezliklə etirazların genişləndiriləcəyini və ölkəni mitinq dalğasının bürüyəcəyini bildirib.
İrəvanda saxlanılanların sayı 91-ə çatdı
İrəvanda Serj Sarkisyanın baş nazir təyinatına etiraz əlaməti olaraq keçirilən aksiya nəticəsində saxlanılanların sayı 91 nəfərə çatıb. APA-nın "Sputnik Armeniya” ya istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan polisinin mətbuat xidmətindən məlumat verilib.
Saxlanılanlardan 37 nəfərə inzibati iş açılıb, daha 54 nəfərin işi üzrə materiallar isə mümkün cinayət tərkibinin təsdiqlənməsi üçün istintaqa verilib.
Ermənistandakı prosesləri şərh edən politoloq İlqar Vəlizadə deyib ki, sərhədlərinin 80 faizi işləməyən və dağlıq regionda yerləşən Ermənistanın heç bir gələcəyi yoxdur. Ekspertin sözlərinə görə, Ermənistanda bütün problemlər hazırkı iqtidardan və Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş vəziyyətdə saxlanılmasından qaynaqlanır:
"Sarkisyan etiraf etdi ki, Ermənistanın insan resursu ölkəsinin sərhədlərinin təhlükəsizliyini təmin edə bilməyəcək səviyyədədir. Bu etiraf əslində çox şeydən xəbər verir. Nə qədər ki, Dağlıq Qarabağ məsələsi həll edilməyib, erməni cəmiyyəti problemlərdən çıxış yolu tapa bilməyəcək. Hətta Ermənistanda siyasi və iqtisadi vəziyyət o həddə çatıb ki, İrəvanın Bakı ilə razılaşmaqdan başqa çarəsi qalmayıb. Qarabağ probleminin həlli isə Ermənistanın nəinki Azərbaycanla, eyni zamanda, Türkiyə ilə sərhədlərini açmış olur, iqtisadi dirçəliş vəd edir. Ermənistan istəsə, regionda gedən iqtisadi proseslərə inteqrasiya oluna, bir tranzit ölkəsinə çevrilə və nəticədə ağır iqtisadi sosial problemlərini həll edə bilər. Görünən odur ki, Bakı iqtisadi blokadaya almaqla Ermənistan ictimaiyyətini düşünməyə məcbur edir və bu, gec-tez öz nəticəsini verəcək”.
Politoloq hesab edir ki, rəsmi Bakı hazırkı siyasətini davam etdirməli və Ermənistanın çöküşünü sürətləndirməlidir: "O zaman dağlıq regionda yerləşən Ermənistanın Azərbaycanla razılaşmaqdan başqa çıxış yolu olmayacaq. Ermənistanın siyasi gələcəyi və iqtisadi taleyi qonşu ölkələrlə münasibətləri yaxşılaşdırmaqdan keçir. Fikir verin, Ermənistandakı etiraz aksiyaları hazırda daxili məsələlərə diqqəti daha çox cəlb edir. Bu isə onu deməyə əsas verir ki, sözügedən insanlar Sarkisyandan fərqli düşünürlər və öz ölkələrinin problemlərinin həllini başqa cür görürlər. Bu isə Bakı üçün yeni şans deməkdir. Bir sözlə, Ermənistan cəmiyyəti gec-tez düzgün qərar qəbul edəcək”.
İsmayıl