"Ermənistanı poliqona çevirmək istəyən qüvvələr artıq “düyməyə basıb” "






"Ermənistanda vətəndaş müharibəsinin qarşısını almaq mümkün deyil”.

Bu barədə "Sherg.az”a Ermənistanda Nikol Paşinyanın baş nazir seçilməməsini şərh edərkən siyasi şərhçi, "Tolerantlıq” Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu bildirib. 

Onun fikrincə, N.Paşinyan etirazçıların təzyiqi ilə baş nazir seçilməyi qarşısına məqsəd qoyub:

"Bu qarşıdurmaların fonunda siyasi böhran dərinləşəcək. Hazırda sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyət iddiaları olmadığına görə, digər eks-prezident Robert Koçaryan meydana çıxa bilər. Ancaq onun baş nazir gətirilməsi, siyasi proseslərə liderlik etməsi Paşinyan tərəfdarlarının etirazına səbəb olacaq.

N. Paşinyan nazir seçiləcəyi təqdirdə, ilk olaraq, Qarabağ klanının əmlakını əlindən alacaq. Bankların rəhbərliklərini həbs edəcək. Bu addımlar isə vəziyyəti daha da gərginləşdirəcək. İstənilən halda Ermənistanda qan töküləcək”.

A.Rəşidoğlu supergüclərin Ermənistandakı gərginliyə münasibətini də açıqlayıb:

"Rusiya Vladimir Jirinovskinin dili ilə İrəvandakı etirazı dövlət çevrilişi adlandırır. ABŞ isə dolayısıyla olsa belə N.Paşinyana dəstək verir. Güman ki, nəticədə kompromis fiqur ətrafında birləşmə baş tutacaq.

Ermənistanda Kremlin 102-ci hərbi hissəsi yerləşir. "Məxməri inqilab” baş verərsə, həmin ordu müdaxilə edə bilər. Heç bir halda bu cür inqilabın perspektivi yoxdur.

İki supergücün razılaşdığı fiqurun hakimiyyətə gəlməsi də problemin həlli olmayacaq. Ermənistanı poliqona çevirmək istəyən qüvvələr artıq "düyməyə basıb””.

Qeyd edək ki, Ermənistanda etiraz aksiyalarının lideri Nikol Paşinyanın baş nazir postuna namizədliyi yenidən irəli sürüləcək.

Aysel Aslan