Ermənistan silahlı qüvvələri cəbhə xəttində növbəti təxribata əl atıblar.
Dekabrın 26-da Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin Ağdam rayonunun Mirəşelli kəndi ərazisində mülki şəxsləri atəşə tutması nəticəsində bir nəfər xəsarət alıb. Bakıdan rayona gələrək şəhid qardaşı oğlunun və qardaşının məzarını ziyarət etməyə gedən Ağdam rayonunun Baş Qərvənd kənd sakini, 1945-ci il təvəllüdlü Allahverdiyeva Dilşad Allahverdi qızı və bir neçə yaxın qohumu düşmən tərəfindən atəşə tutulub. Düşmənin atəşi nəticəsində yaşlı qadın qulaq nahiyəsindən xəsarət alıb.
Ağdam rayon xəstəxanasına aparılan D.Allahverdiyevaya ilkin tibbi yardım göstərilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Qeyd edək ki, bu hal ilk dəfə baş vermir. Düşmənin məhz bu qəbiristanlığı atəşə tutması nəticəsində əvvəllər də xeyli sayda dinc sakin müxtəlif güllə yarası alıb. Onlar arasında həyatını itirənlər də olub.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Elman Məmmədov Sherg.az-a açıqlamasına görə, mülki əhaliyə atəş açmaq bütün beynəlxalq konvensiyalarla qadağan olunur və yolverilməzdir:
"Buna rəğmən ermənilər davamlı olaraq bizim yaşayıq məntəqələrini, mülki əhalinin yaşadıqları əraziləri ağır artileriyadan atəşə tuturlar. Beynəlxalq qurumlar, dünya ictimaiyyəti də bu reallığı bilir, amma özlərini kor yerinə qoyub görməzdən gəlirlər”.
Ermənilərin tarixən dinc əhaliyə qarşı vəhşilik, kütləvi qırğınlar törətdiklərini vurğulayan millət vəkli deyib ki, 100 ildən artıq tarix, sənədlər bunu sübut edir. Xocalıda ordu vardı? Ev- eşiyində oturub, torpaqlarını qoruyan dinc əhali bir gecənin içində yerlə yeksan edildi:
"Əzizlərini qəbrini ziyarət edən insanların erməni əsgərləri tərəfindən atəşə tutulması faktı birinci dəfə deyil ki? Ötən il, ondan əvvəl də mülki əhaliyə atılan atəş nəticəsində xəsarət alan, dünyasını dəyişən insanlarımız olub. Amma bu günə qədər nə münaqişənin həllində vasitəçi olan dövlətlər,nə də ildə bir neçə dəfə regiona səfər edib, cəbhə xəttində monitorinq keçirən Anjey Kaspşik dinc azərbaycanlılara qarşı törətdikləri bu vəhşiliyə görə bir sanksiya tətbiq edib, bir kəlmə söz deməyiblər. Bu cəzasızlıq isə erməniləri daha da həvəsləndirir”.
E. Məmmədovun fikrincə ermənilərin bu özbaşınalığının qarşısını almaq, əhalimizin dinc yaşayışını təmin etmək üçün danışıqlar prosesinə ümid etmək faydasızdır:
"Azərbaycan Silahlı Qüvvələri hərəkətə keçib erməni mənfurlarına və onların himayədarlarına öz gücünü göstərməlidir. Ordumuz işğal altında qalan torpaqlarımızdan düşmən əsgərlərini süpürüb, kənara atmalıdırlar. Əgər kimsə ermənilərin öz xoşu ilə bizim torpaqları tərk edəcəyini gözləyirsə, yanılır. Belə bir şey olmayacaq. Onların başını əzib, torpaqlarımızdan çıxartmasaq bu cür xoşagəlməz hadisələr çox olacaq. Ona görə də vaxt itirmədən Azərbaycan özünün mövcud hərbi gücündən istifadə edib, ərazi bütövlüyünü bərpa etməlidir”.
Şəymən