"Ermənistan Dağlıq Qarabağ "qəfəs"ində qalıb”
Bu sözləri "Sherg.az”a Ermənistandakı xaosun nəticələrini şərh edərkən politoloq Zərdüşt Əlizadə deyib.
Onun qənaətincə, Dağlıq Qarabağ münaqişəsinin açarı Rusiyanın əlindədir:
"Ermənistanda hakimiyyətin verdiyi imtiyazları, vəzifələri bölmək məsələsi müzakirə olunur. Etirazçıların rəhbərləri hakimiyyət ehtirasını "Yaşasın demokratiya” şüarı ilə pərdələyirlər. Hakimiyyətdən 10 il kənarda qalan qüvvələr Serj Sarkisyanın uzaqlaşmadığını görəndə dəstək qazanıb, ayağa qalxdılar. Serj Sarkisyan hakimiyyəti tərk etdi. Halbuki Respublikaçılar partiyası parlamentdə çoxluq təşkil edir. Başqa Serj Sarkisyan seçə bilərlər.
Şərt qoyulub ki, əvvəla "xalq” küçədə Nikol Paşinyanı baş nazir seçir. Parlament isə bu seçimi təsdiqləyir. Bundan sonra sürətlə seçki məcəlləsi hazırlanır. Yekun olaraq, parlament özünü buraxır, yeni "əsl demokratik” parlament seçilir. Etirazçılar hesab edirlər ki, bununla Ermənistan demokratiya mərhələsinə qədəm qoyur”.
Politoloq parlamentin etirazçıların tələbini qəbul edəcəyi təqdirdə Ermənistanda yaranacaq vəziyyətə də toxunub:
"Parlament özünü buraxandan sonra demokratik seçki keçirilsə, iki namizəd ola bilər. Hansısa qeyri-ciddi ziyalı, yaxud gənc də namizədliyini verəcək, milyonlarla dolları, iri şirkətləri olan varlı erməni də. Sual verirəm, xalq kimə səs verəcək?
Yeni parlament də indiki parlamentdən fərqlənməyəcək. İndiki hakimiyyətə, vəzifəlilərə yeni seçkilərdə iştirak etməyi qadağan etsələr, ordu qarışacaq. Çünki Qarabağ klanın Ermənistan üzərindəki hakimiyyəti üzərində təminatçısı ordudur. Yenidən yaranacaq xaos nəticəsində demokratiyanın müdafiəsi adı ilə beynəlxalq qüvvələr işə qarışacaq. Nəticədə Serj Sarkisyan deyil, daha hörmətli şəxslər təzədən hakimiyyətə qayıdacaq”.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvanda Yelk (Çıxış) Fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi ilə vətəndaş itaətsizliyi mitinqinə start verilib. On minlərlə insan Baqramyan prospekti ilə Respublika meydanının kəsişməsindən dinc yürüşə başlayıb və hökumət binasına doğru irəliləyir.
Aysel Aslan