"Əsas hədəf idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmək olmalıdır"






"Azərbaycanın Rusiyada logistika mərkəzlərinin yaradılmasını müsbət hal hesab etmirəm”.

Bu sözləri "Sherg.az”a Azərbaycanın Rusiyanda logistika mərkəzlərinin yaradılması haqqında danışarkən iqtisadçı-ekspert Nazim Bəydəmirli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Rusiyada və ya hər hansısa bir xarici ölkələrdə dövlət xətti ilə logistika layihəsi həyata keçirməsinin tərəfdarı deyiləm:

"Həmin ölkələrin özləri ixrac potensialını nəzərə alıb, bu kimi işlərdə özləri maraqlı olmalıdır. Azərbaycan Rusiyadan ildə bir milyon yarım ton taxıl alırsa, bu taxılın ölkəmizə çatdırılmasını onlar təmin etməlidir. Ya da bu işlə sahibkarlar məşğul olmalıdır. Hazırda ölkəmizdə federal ticarət, bazar anlayışı var. 

Yəni bu kimi işlərlə dövlət orqanları məşğul olmur. Ona görə logistika layihələrə vəsait ayrılması doğru deyil. Çünki ölkəyə ixrac olunan malların çatdırılmasını ya ixracatçı ölkə, ya da sahibkarlar təmin etməlidir. Bu kimi layihələrin Azərbaycan üçün heç bir perspektivini görmürəm. Azərbaycan və Rusiyanın iqtisadi, siyasi və digər əlaqələrinin tərəfdarıyam. 

Lakin ölkəmizin şimal-cənub, qərb-şərq nəqliyyat dəhlizi üzrə ipək yolu İrandan keçərək Hindistana qədər gedəcək. Bu kimi ərazilərdə mərkəzlər yaratsalar, onu alqışlamaq olar. 

Lakin Dağıstan və Stavropolda dövlətimizin və ya dövlət qurumlarımızın bu kimi işlər görməsini məqbul saymıram. Əsas hədəf isə idxalçı ölkədən ixracatçı ölkəyə çevrilmək olmalıdır. Doğrudur, bu istiqamətdə addımlar atılır. Yəni ölkəmizin taxıla olan tələbatını yerli istehsalla təmin etmək olar. Buna bizim potenmsialımız çatır. Bu sahədəki işləri sürətləndirmək lazımdır".

Qeyd edək ki, Azərbaycan Rusiyanın diyarlarında logistika mərkəzləri yaradır. Rusiya və Azərbaycan Stavropol diyarında logistika mərkəzlərinin yaradılması üzrə layihənin reallaşdırılmasına başlayır. Bunu Rusiyanın Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib. O.Ruhullayevanın sözlərinə görə, Rusiyanın bu regionu Azərbaycana taxılın ən əsas tədarükçülərindəndir. Azərbaycan tərəfi fasiləsiz taxıl tədarükünün təmin olunması üçün şəraitin yaradılmasında maraqlıdır. Azərbaycan şirkətləri həmçinin kənd təsərrüfatı məhsullarının yetişdirilməsi və emalı üçün müəssisələrin yaradılması üzrə layihələrə böyük maraq göstərir. Hazırda Azərbaycan Rusiyanın 70-dən çox regionu ilə əməkdaşlıq edir.

Kənan Eynuroğlu