Trampın tərəddüdü Qərb dövlətləri tərəfindən normal qarşılanmayıb
ABŞ Prezidenti Donald Tramp Suriyadakı Amerika və Rusiya qüvvələrinin münaqişəsindən danışıb. Ağ Ev rəhbəri bildirib ki, Trampdan başqa heç kəs Rusiya ilə bu qədər sərt davranmayıb. Prezidentin dediyinə görə, bir ay əvvəl amerikalı əsgərlərlə ruslar arasında silahlı qarşıdurma yaşanıb və döyüşdə xeyli adam ölüb. Tramp döyüşün mart ayında baş verdiyini söyləyib. ABŞ liderinin açıqlamasını dəyərləndirən ekspertlərə görə, Ağ Ev başçısı fevralın əvvəlində Deyr-əz-Zor ətrafında baş verən döyüşdən danışıb. O zaman amerikalılar havadan bombardman ilə rus muzdlu əsgərlərin hücumunu dəf edib. Nəticədə xeyli sayda rus muzdlusu ölüb.
Tramp yeni sanksiyaların nə vaxt olacağını açıqladı
ABŞ Prezidenti Donald Tramp Suriya lideri Bəşər Əsədə açıq dəstək verən Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə münasibət bildirib. Trampın sözlərinə görə, Kreml növbəti sanksiyaya "layiq” olan kimi təzyiqlər dərhal işə salınacaq. Xatırladaq ki, ABŞ-ın Suriyaya verdiyi dəstəyə görə Rusiyaya sanksiyalar tətbiqi gözlənilsə də, Tramp sanksiya sənədini imzalamayıb. Moskvaya qarşı sərt açıqlamalar verən Ağ Ev rəhbərinin tərəddüdü Qərb dövlətləri tərəfindən normal qarşılanmayıb. Avropa ölkələrinin bir sıra rəsmiləri Donald Trampı qətiyyətsiz və etibarsız siyasətçi adlandırıblar.
Suriya ABŞ-ın partlamayan raketlərini Rusiyaya göndərdi
Suriya hərbçiləri koalisiyanın hücumu zamanı bölgəyə atılan, lakin partlamayan ABŞ-a məxsus 2 qanadlı raketi Rusiyaya göndərib. Aprelin 17-də Rusiya hərbiçilərinə təhvil verilən raketlərin kifayət qədər yaxşı vəziyyətdə olduğu vurğulanıb. Rus mediasının yazdığına görə, Amerika ordusuna aid raketlər Rusiyanın silah mütəxəssisləri tərəfindən incələnəcək.
"Əsəd bu prosesin bir parçası ola bilərmi?”
Son illər baş verən hadisələri nəzərə alanda Bəşər Əsəd hakimiyyətdə qala bilməz. Bu açıqlama ilə Britaniyanın Rusiyadakı səfiri Lori Bristou çıxış edib. Səfir bəyan edib ki, Qərbə bütün suriyalılar tərəfindən qəbul olunacaq, ölkənin yeni hökuməti tərəfindən formalaşdırılacaq dayanıqlı siyasi proses lazımdır: "Sual budur ki, Əsəd bu prosesin bir parçası ola bilərmi? Bunu dünya ictimaiyyətinin dəstəyi ilə Suriya ictimaiyyəti özü müəyyən edəcək. Bizim fikrimiz odur ki, son illərin hadisələrini diqqətə alanda Əsəd hakimiyyətdə qala bilməz”. Britsu deyib ki, Britaniya Suriyadakı vəziyyətin BMT qətnamələri əsasında sülh yolu ilə həllinə çalışır.
"Suriyadan çıxmasa, onunla müharibə qaçılmaz olacaq”
Ehtiyatda olan yəhudi general Yakov Amidror "Yediot Ahronot” qəzetinə müsahibəsində bildirib ki, Livandan sonra Suriyanın da İranın təsiri altına düşməsi İsraili bərk narahat edir: "Biz Tehranın Suriyada təsirini genişlətməsinə imkan verməyəcəyik. Belə olacağı təqdirdə aramızdakı savaş qaçılmaz olacaq. Bu savaşda hər iki tərəf böyük itkilər verəcək. İran ən yaxşı hərbi texnikasını Suriyaya gətirir. Bu isə Əsədi müdafiə üçün edilmir”.
Əsədin kimyəvi silah mənbəyi Avropa imiş
Belçikanın nüfuzlu "Knack” jurnalı maraqlı məqalə dərc edib. Məqalədə vurğulanıb ki, 2014-2016-cı illər arasında Suriyaya külli miqdarda kimyəvi maddə ixrac edən 3 şirkət barəsində cinayət işi açılıb. Göstərilən müddət ərzində Suriyaya 24 dəfə kimyəvi maddə ixrac edilib. Vurğulanıb ki, 2013-cü ildə Kimyəvi Silah Konvensiyasına qoşulan Suriyanın əlindəki bütün maddələrin məhv etməsi tələb edilmişdi. Bundan sonra Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatı Suriyada 133 ton izopropanolun məhv edildiyini açıqlamışdı. Lakin Əsəd rejiminin kimyəvi silah tətbiqindən göründüyü kimi, hökumət qüvvələrinin əlində hələ də kimyəvi silahlar qalıb.
Suriyaya zərbədən öncə Rusiya və ABŞ arasında şok razılaşma
Rusiyalı jurnalist və siyasətçi Andrey Piontkovski iddia edib ki, Suriyaya hücumdan öncə Rusiya və ABŞ bir-bir ilə razılaşıblar. Onun sözlərinə görə, tərəflər arasındakı razılaşmaya əsasən Amerika qırıcıları rus bazalarını hədəf almayıb: "Amerikalılar ehtiyat edirdilər ki, Rusiya hərbçilərinin olduğu yerə zərbə olmasın. Niyə Rusiya Hərbi-Hava Qüvvələri suriyalı qardaşlarını müdafiə etmədilər? Çünki Qərbin raketləri rusların olduğu ərazilərə uçmurdu. Ancaq iki həftə öncə bizi inandırırdılar ki, Suriyanın bütün səması S-300 və S-400 sistemləri ilə qorunur. Bu onu göstərir ki, ABŞ və Rusiya arasında əvvəlcədən razılaşma əldə edilib. Gördüklərimizin hamısı bir oyundur”.
İsmayıl