Ət və toyuq bulyonları ən ağır xəstəliklər yaradır

Şəmsiyyə Namazlı qurudulmuş qidaların insan sağlamlığına zərərli olduğunu təsdiqləyib
"Ətsiz yeməklər və ya şorbalar bişirəndə həmin xörəyin içinə, adətən, mağazalarda satılan hazır ət bulyonları alıb qatılır. Mütəxəssislər isə bu bulyonların yeməklərə dad qatması ilə bərabər, sağlamlıq baxımından zərərli olduğunu bildirirlər. Məlumata görə, ət bulyonlarının səbəb olduğu xəstəliklər arasında parkinson, epilepsiya, köklük və alzheimer kimi xəstəliklər var. Ət və toyuq bulyonlarının bu qədər çox zərərli olmasının səbəbi isə tərkibində yer alan mono sodium qluatamat (MSG) maddəsidir.
Bulyonların  fəsadı haqqında "Sherg.az”a danışan tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, həkim-dietoloq Şəmsiyyə Namazlı bu cür qurudulmuş qidaların insan sağlamlığına zərərli olduğunu təsdiqləyib.
Ş. Namazlının sözlərinə görə, bu fakt həmin qidaları istehsal edən ölkələrin özündə də təsdiq olunub:
"Bulyonlar və buna bənzər qidalar uzun müddət saxlana bilirsə, deməli, onların tərkibinə əlavə mikroelementlər, keyfiyyətin saxlanması, dad verilməsi üçün xüsusi maddələr qatılır. Bu qatqılar isə insanın hormonal tarazlığına, ümumi orqanizmin fəaliyyətinə ciddi təsir edir. Belə qidaların mütəmadi istifadəsi piylənmə kimi problemlərə gətirib çıxarır.
Çalışmaq lazımdır ki, bulyonların əvəzinə təbii ədviyyatlardan, göyərtilərdən istifadə edilsin. Qeyd etməliyik ki, dadlandırıcı bulyonlar məhz bitki örtüyü, təbii qida mühiti zəngin olmayan ölkələrdə istehsal olunur”.
Azad İstehlakçılar İctimai Birliyinin (AİİB) sədri Eyyub Hüseynov isə Azərbaycana xaricdən idxal edilən bu məhsulların keyfiyyətinin yoxlanıb-yoxlanmaması barədə məlumat verib. Onun sözlərinə görə, bu qidaların təhlükəsizliyi təmin olunur və ölkəyə idxal edilərkən mütəmadi yoxlanılır:
"AİİB qurudulmuş bu cür qidaların satışının əleyhinədir. Çünki belə qidalar insanların sağlamlığı üçün xeyirli hesab edilmir. Bulyonlar arzuolunmaz qidalar siyahısında yer alır”.
Aysel Aslan