Ailələrin dağılmasının çox hissəsi qadınlar tərəfindən gerçəkləşdirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova maraqlı açıqlama verib. Onun sözlərinə görə, müasir dövrdə ailələrin dağılmasının əsas səbəbi heç də maddi durum deyil. Erkən və qeyri-rəsmi nikahlar, uşaqların qüsurla doğulması və ya uşağın olmaması ailələrdə boşanma hallarına səbəb olur.
Komitə sədri məsələ ilə bağlı müvafiq təhlillərin aparıldığını da bildirib. Onun sözlərinə görə, belə ailələrdə köməksiz qalan qadınların hüquqlarının müdafiəsi məsələni aktuallaşdırır: "Hazırda dünyada ekstremizm, qarşıdurmalar ailə institutuna mənfi təsir göstərir, onu zəiflədir. Amma bununla belə, Azərbaycanda ailə institutu qorunub saxlanılır. Bu gün ailə institutuna təsir edən hallar var. Bəzi hallarda ailədə ünsiyyət problemləri, sosial-psixoloji mühitin gərginliyi, erkən və qeyri-rəsmi nikah, məişət zorakılığı, uşaqların təhsildən yayınması ailənin zəifləməsinə, dağılmasına gətirib çıxarır. Amma bəzən də biz valideyn və uşaqların məsuliyyət hissinin zəif olması hallarına rast gəlirik”.
Qüsurlu uşaqların doğulmasının boşanma olaraq əsas gətirilməsi nə qədər təəssüfləndirici olsa da, bu hal cəmiyyətimizdə ailə modelinin məhv olunması deməkdir. Bəs tərəflərin laqeyd yanaşmasına səbəb nədir? Sırf övladı qüsurludur deyə evliliyini bitirən insanlara necə münasibət göstərməli?
"Sağlam Toplum” İctimai Birliyinin sədri, sosioloq-jurnalist Lalə Mehralının "Şərq”ə açıqlamasına görə, maddi imkanı bəhanə edib boşanan onlarladır, amma sonsuzluq, zorakılıq kimi faktorlar yüzlərlə ailəni dağıdır:
"Bəzən birmənalı olaraq boşanmalarda maddi vəziyyəti səbəb göstərirlər. Maddi vəziyyət də səbəblərdən biri ola bilər, amma tək səbəb ola bilməz. Boşananlar arasında hamı yoxsuldur deməli? Axı elə deyil. Biz ki işin içindəyik, hər gün nələrə şahid oluruq, nə talelər yazırıq. Boşanmalarda erkən nikahın, zorakılığın, sonsuzluğun da payı çoxdur, hətta maddi imkanın zəif olmasına görə boşananlardan qat-qat çoxdur.
Şərq mədəniyyətində qadına əl qaldırmaq kişinin hökmranlığını qorumaq üçün bir vasitə hesab edilir, kişi qadınına əl qaldıra bilər və bu, cəmiyyətdə normal qəbul edilir. Amma artıq qadınlarımız bunu qəbul etmir.
Zərərli vərdişləri olan, işləməyən ərə baxmaq, işləyib onun siqaretinə, arağına pul vermək qadınlarımız üçün əvvəl normal görünürdü, amma daha qəbul edilmir. Tam haqlıdırlar. Bu o demək deyil ki, bütün hallarda qadın haqlıdır. Ailələrin dağılmasının çox hissəsinin qadınlar tərəfindən gerçəkləşdiyini etiraf etmək lazımdır.
Burda maddi faktor da var, ərə pul maşını kimi baxanlar da. Daha yaxşı geyinib-gəzmək istəyənlər, azad qadın olmaq istəyənlər də var, ərinin geyiminə qarışmasından bezənlər də, övlad həsrəti çəkib ana ola bilməyənlər də, hər gün döyülüb-söyülənlər də. Əvvəllər boşanma ən son anda çarə olaraq qəbul edilirdi, indi dəb olub. Hər boşanan qadın azad olacağını, iş imkanlarının genişlənəcəyini düşünür və az keçməmiş yanıldığını da anlayır.
Deməliyəm ki, qüsurlu uşaqlar doğulanda da ailələrdə problemlər yaranır. Ananın o körpə üzərində əməyini, rolunu burda danmaq insafsızlıq olardı. Mində, milyonda bir ata qüsurlu övladına anasının çəkdiyi qədər əziyyət çəkə bilər. Əlil uşağını atıb gedən ana da çox nadir olur, amma atalar boşanmaqla bu məsuliyyətdən yaxa qurtarmağı asan hesab edirlər.
Cəmiyyətimiz elə bir həddə çatıb ki, ən sadə mübahisə belə ailənin divarlarını çatlada, daşlarını tökə bilir. Dözümsüzlük, səbr yoxdur gənc ailələrdə. Hər fürsətdə nəfəsini ya atası evində, ya da məhkəmədə dərən yüzlərlə gənc qadın var. Təəssüflə qeyd edim ki, daha çox qadınlar boşanmaq üçün müraciət edir və çox vaxt da səbəbləri gülünc olur”.
Yeganə Bayramova