"ETSN tətbiq etdiyi cərimələrin ödənilib- ödənilməməsi ilə bağlı təftişlər aparmalıdır”




"Tətbiq edilən cərimələr ödənilirsə, nazirliklərin bu təşəbbüsü yaxşı haldır”

Bu barədə "Sherg.az”a son zamanlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN ) qanunu pozanlara tətbiq etdiyi cərimələrdən danışarkən ictimai-siyasi xadim Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycanda tətbiq etdiyi vergilər ödənilmir:

"Ən çox cərimələri tətbiq edən qurum ETSN-dir  Bəlkə də, onların cərimə ilə bağlı on minlərlə qərarları var. Amma bu qəraraların əksəriyyəti icra edilməyib. ETSN əvvəlcə vətəndaşlara cərimə müəyyən etmək əvəzinə onların ödənilməsi istiqamətində işlər aparmalıdır. Xəzər dənizinin sahillərində monitorinqlərin keçirilməsinə gəldikdə, bu, çox yaxşı haldır. İlin bu vaxtı Xəzər dənizi sahillərində biz də bir qurumla reydlər keçirdik. Reydlər zamanı qanunsuz dənizə maye şəklində çirkabların axıdılmasını və tullantıların sahilə atılması hallarını müşahidə etmişik. Bütün bunların hamısını Xəzər dənizinin sahil zolağında müşahidə etmək olar. Həmçinin tullantılara yaşayış məntəqələrinin olduğu və ya onlara yaxın ərazilərdə rast gəlinir. Nazirliklərin cərimə etməyi yaxşı haldır. Amma onun ödənilməsinin baş tutmursa,bu tədbirin heç bir təsiri olmayacaq. Ilk əvvəl ETSN tətbiq etdiyi cərimələrin ödənilib- ödənilməməsi ilə bağlı təftişlər aparmalıdır”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə Xəzər dənizinin sahil zolağında sanitar-gigiyena qaydalarına riayət edilməsi sahəsində nəzarətin gücləndirilməsinə dair Tədbirlər Planına uyğun olaraq Xaçmaz rayonu ərazisində reydlər keçiriblər.Daxili İşlər Nazirliyindən "Sherg.az"a verilən məlumata görə, reydlər zamanı İnzibati Xətalar Məcəlləsinin 271-ci və 264-cü maddələrinin tələblərini pozmuş 12 fiziki və 1 hüquqi şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib. Onlara tətbiq olunan cərimələrin məbləği 9.400 manat təşkil edib.Ümumilikdə cari ilin 6 ayı ərzində şəhər, rayon polis orqanları tərəfindən həyata keçirilən belə tədbirlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozan 493 fiziki, hüquqi və vəzifəli şəxs müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilib, onlara ümumilikdə 37.950 manat cərimə tətbiq olunub.

Kənan Eynuroğlu