Evlilik yaşına qədəm qoyan gənclərin sayı azalıb

Bir var gənclər 20 yaşında evlənsinlər, bir də var 35 yaşında ailə həyatı qursunlar
Bu amil istər-istəməz doğum səviyyəsinin aşağı düşməsi ilə nəticələnir, demoqrafik duruma mənfi təsir edir

Son illər Azərbaycanda demoqrafik vəziyyətlə bağlı mənfi tendensiyaların müşahidə edildiyi bildirilir.
Statistik göstəricilərə görə, Azərbaycanda əhalinin təbii artımı davam etsə də, son 27 il ərzində təbii artım əmsalı 2 dəfədən çox azalıb. Son 27 ildə Azərbaycanda əhalinin ən yüksək təbii artım əmsalı 1990-cı ildə qeydə alınıb. Əhalinin yaş strukturu üzrə proqnozlar əsasında müəyyən olunub ki, növbəti illərdə ölkə əhalisinin təbii artımı nisbətən azalacaq və bu, 15 yaşadək olanların xüsusi çəkisinin 2025-ci ildən sonra aşağı düşməsi ilə nəticələnəcək.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev hazırda ölkəmizdə müsbət demoqrafik vəziyyətin olduğunu, əhalinin təbii artım tempinin davam etdiyini bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İqtisadiyyat İnstitutunun demoqrafiya və iş qüvvəsinin təkrar istehsalı problemləri şöbəsinin baş elmi işçisi Çingiz Baxış "Şərq”ə açıqlamasında müşahidə edilən mənfi tendensiyanın səbəblərini izah edib. Onun sözlərinə görə, Azərbaycanda əhalinin təbii artım əmsalının iki dəfədən çox aşağı düşməsinin əsas səbəbi əhalinin yaş tərkibində baş verən dəyişiklikdir:

 "Digər səbəb isə evlilik yaşına qədəm qoyan gənclərin sayının getdikcə azalmasıdır. Tutaq ki, bir var gənclər 20 yaşında evlənsinlər, bir də var 35 yaşında ailə həyatı qursunlar. Bu amil istər-istəməz doğum səviyyəsinin aşağı düşməsi ilə nəticələnir, demoqrafik duruma mənfi təsir edir.
Bir tərəfdən də ailələr 2-dən artıq uşaq istəmir. Bütün bunlar da üst- üstə gəldikdə əhalinin təbii artım sayında ciddi azalmalara səbəb olur”.

Ç.Baxışın dediyinə görə, təbii artım faizinin 2 dəfədən çox azalması gələcəkdə ölkəmizdə demoqrafik problem yarada bilər:

 "Demoqrafiyada toplam doğum əmsalı deyilən göstərici var. Bu, uşaq dünyaya gətirmək qabiliyyətində olan qadınlara orta hesabla neçə uşaq düşdüyünü müəyyənləşdirmək üçündür. Burada göstərici 2-dən aşağı olarsa, deməli, o ölkənin əhalisi demoqrafik problemlə üzləşə bilər. Çünki qadınların 2-dən az uşaq dünyaya gətirməsi artıq təhlükəli tendensiya sayılır, deməli, həmin ölkədə əhali artmayacaq və demoqrafik qocalma prosesi sürətlənəcək”.

Demoqrafiyada ailənin möhkəmliyi məsələsinin də önəmli rol oynadığını deyən böyük elmi işçi hesab edir ki, boşanmaların sayının kəskin artması da əhali artımının həm əmsalını, həm də mütləq sayını aşağı salır: "Azərbaycanda ailə institutu çox zəifləyib. Mütləq boşanmaların qarşısını almaq lazımdır. Gənclər cüzi səbəblər ucbatından boşanırlar. Biz çalışmalıyıq ki, milli dəyərlərimizi daha geniş təbliğ edək. Boşanmalara səbəb olan amillərdən biri də Azərbaycan ailələrində uşaqların sayının az olmasıdır. Əgər bir ailədə 3 və daha artıq uşaq olarsa, cütlüklərin ayrılma ehtimalı daha az olur. Bir uşaqla ailə dağıtmaq asandır, orada üç uşaq olanda tərəflər onların gələcəyi üçün biri-birinə güzəştə getmək məcburiyyətində qalır”.

Bir çox ekspertlərdən fərqli olaraq Ç.Baxış qız uşaqlarının ana bətnində məhv edilməsinin demoqrafik göstəricilərdə mühüm rol oynamadığı qənaətindədir: 

"Düzdür, qız uşaqlarının abort edilməsi demoqrafik balansın təbii formada tənzimlənməsinə maneçilik törədir, amma indiki rəqəmlər mövcud durumun elə də faciəli olmadığını göstərir”.

Sadalanan səbəblərdən Azərbaycanın artıq əhalisi gənc olan ölkələr sırasında yer almadığını vurğulayan AMEA əməkdaşının fikrincə, bir neçə ilə əhalimiz yaşlanacaq: "Əhalinin tərkibində 65 yaş və ondan yuxarı olanların xüsusi çəkisi 7 faizi keçəndə əhali qocalmış sayılır. Biz isə yaşlanmanın astanasındayıq, artıq bu rəqəm 6,9 faizə yüksəlib. Əhalinin qocalmasının qarşısını almaq üçün çoxuşaqlı ailələrin azalmasının qarşısı alınmalıdır”.

Şəymən