Əvvəl icra hakimiyyətləri ailənin vəziyyətini yoxlayacaq

Bundan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər dövlət dəstəyi ilə təmin olunacaqlar


Azərbaycanda uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərə dəyişiklik
edilir. Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında
bununla bağlı "Dövlət qulluqçularının ayrı-ayrı kateqoriyaları üçün qısaldılmış iş vaxtı
haqqında” qanuna dəyişiklik müzakirə olunub. 

Layihəyə əsasən "yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt "3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlərə” sözləri ilə əvəz edilir.
Qanunun hazırkı variantına görə, hazırda dövlət qulluğunda olan I və II qrup əlillərə, sağlamlıq
imkanları məhdud 18 yaşınadək şəxslərə, hamilə və yaşyarımadək uşağı olan qadınlara vəyaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən
atalara, habelə uşaqların qəyyumlarına, himayədarlarına həftədə 36 saat iş vaxtı müəyyən edilir.
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Qeyd edək ki, son illər Azərbaycanda müxtəlif səbəblərdən uşaqlarını təkbaşına böyüdən
valideynlərin sayı artır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran
Hüseynova da "Müstəqillik dövründə ailə siyasətinin formalaşması - ənənələr, perspektivlər”
adlı elmi-praktiki konfransda çıxışı zamanı müasir Azərbaycan ailəsinin öz quruluşunda əvvəlki
ənənəvi ailələrdən əhəmiyyətli dərəcədə fərqləndiyini və təkvalideynli, təkuşaqlı ailələrin
sayının artdığını qeyd etmişdi.

Azərbaycanda uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərə edilən
dəyişiklikləri "Şərq”ə şərh edən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri
Sahib Məmmədovun sözlərinə görə, əvvəlki qanunvericilikdə sözügedən güzəştlər sadəcə
kişilərə aid edilirdisə, indi "tənha ana”lar da bu güzəştlərdən faydalana biləcəklər: 

"Çox güman ki, əksərən uşaqları qadınlar təkbaşına böyütdükləri üçün qanunvericilikdə belə bir dəyişikliklərə ehtiyac duyulub. Bildiyim qədəri ilə beynəlxalq qanunvericilikdə də bu güzəştlər təkbaşına uşaq böyüdən valideynlərə aid edilir”.

Qanunun icra mexanizminə gəldikdə isə S.Məmmədov dövlət qurumlarında çalışan insanların bu
güzəştlərdən faydalanmaları istiqamətində elə bir ciddi problem olmadığını deyib: "Müəyyən
pozuntular olsa da, büdcədən maliyyələşən təşkilatlarda əmək münasibətləri sahəsində ciddi
problemlər yoxdur. Bu münasibətlər həm "Dövlət qulluğu haqqında” qanun, həm də "Əmək
Məcəlləsi” ilə tənzimlənir. Özəl sektorda isə ciddi çatışmazlıqlar var. Hesab edirəm ki, bu
istiqamətdə də müəyyən tənzimləmə mexanizmləri işlənib hazırlanmalıdır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, millət vəkili Tahir Kərimlinin sözlərinə görə,
uşağını təkbaşına böyüdən valideynlərə verilmiş xüsusi güzəştlərdən kimlərin istifadə edib￾etməyəcəyi müvafiq icra hakimiyyətlərinin yoxlamalarından sonra müəyyən ediləcək: "Müraciət edən şəxsin həyat şəraiti yoxlanılandan sonra 3 yaşınadək uşağını təkbaşına böyüdən valideynlər dövlət dəstəyi ilə təmin olunacaqlar. Dəyişikliyin əsas mahiyyəti də anaların diqqətdən kənar qalmamasıdır. Əslində əvvəllər qanunda belə güzəştlər yox idi. "Yaşyarımadək uşaqlarını
qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına böyüdən atalar” maddəsi də mövcud
qanunvericiliyə sonradan əlavə olunmuşdu. Bu gün isə dövrün tələblərinə uyğun olaraq "atalar”
sözünü "valideynlər”lə əvəz etməli olduq. Əks halda, qadınların hüquqlarını pozmuş olardıq”.

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov isə bildirib ki, həm
boşanan, həm də həyat yoldaşı vəfat edən insanların, xüsusən də qadınların çoxu sonradan ailə
yükünü təkbaşına daşıdığından onlar üçün həyat daha da çətinləşir. Məhz bu səbəbdən də
psixoloq yaşyarımadək uşaqlarını qanunvericiliklə müəyyən edilmiş səbəblərdən təkbaşına
böyüdən atalar” üçün nəzərdə tutulan güzəşt "3 yaşınadək uşağını təkbaşına böyüdən
valideynlərə” sözləri ilə əvəz edilməsinin müsbət təklif olduğunu deyib: "Təkbaşına uşaq
böyüdən qadınlara sosial qayğının artırılması vacibdir. Bəzən tənha qadınlarla bağlı cəmiyyətdə
xoş olmayan fikirlərin səsləndirilməsi onların həyatını daha da çətinləşdirir. Əslində ailə
həyatının qurulması dinimizdə də uyğun görülən bir haldır. Bu istər ilk evlilik olsun, istərsə də
ikincisi, islama görə məqbul sayılır. Şübhəsiz ki, müəyyən şərtlər daxilində yeni izdivac yarana
bilər. Çünki ailə qurulmadığı təqdirdə ailə yükünü daşımaq həyat yoldaşını itirmiş şəxs üçün
çətinləşir. İnsan düşüncələrini, dərdini və hisslərini paylaşa biləcəyi bir insana ehtiyac hiss edir.
Əks təqdirdə, cəmiyyətdə xoşagəlməyən hallar yaşanır. Bəzən həyat yoldaşı vəfat edən xanımlar
və ya kişilər haqqında doğru olmayan fikirlər səsləndirilir. Düşünürəm ki, bu cür hallardan
sığortalanmaq üçün sosial cəhətdən təmin olunmuş bir ailənin qurulması yaxşı olardı”.

Şəymən