Əzbərçilikdən və köhnə metodikadan çıxa bilmirlər

Orta məktəblərdə ingilis dilini tədris edən müəllimlərin səviyyəsi çox aşağıdır
Ona görə də Bakı Təhsil İdarəsinin keyfiyyətin yüksəldilməsi məqsədilə imtahanlara və yeni təlimlərə başlaması təqdir olunmalıdır


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri üçün Beynəlxalq Aptis İmtahanına start verilib. İdarədən verilən məlumata görə, "Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Beynəlxalq Aptis İmtahanının keçirilməsinin məqsədi ingilis dili müəllimlərinin dil və tədris bacarıqlarının yoxlanılması, müəllimlərin əldə etdikləri nəzəri biliklərin dərslərdə tətbiqinin daha da təkmilləşdirilməsindən ibarətdir. İmtahanda layihənin tətbiq edildiyi 68 ümumi təhsil məktəbindən 600 nəfər ingilis dili müəlliminin iştirakı nəzərdə tutulub. Bakı şəhərinin 12 inzibati rayonu üzrə layihəyə cəlb olunmuş ingilis dili müəllimlərinin yazı, oxu, dinləmə, danışıq bacarıqları, söz ehtiyatı və qrammatika üzrə bilikləri qiymətləndirilir. İmtahanda iştirak etmiş müəllimlər tədris ili ərzində dil təkmilləşdirmə, metodologiya və məktəb əsaslı peşəkar təlimlərə cəlb olunacaqlar. Təlimlərdən sonra layihəni uğurla başa vuran müəllimlərə sertifikat təqdim ediləcək. Qeyd edək ki, "Uğur üçün tədris” (SPEX) layihəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi və "British Council” təşkilatının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Hazırda Azərbaycanda orta ümumtəhsil məktəblərində xarici dilin, xüsusən də ingilis dili tədrisinin çox aşağı səviyyədə olduğunu bildirən təhsil eksperti Kamran Əsədov "Şərq"ə açıqlamasında deyib ki, bu qüsurlar konkret olaraq Təhsil Nazirliyinin 2014-2017-ci illərdə keçirdiyi müəllimlərin diaqnostik imtahanlarında da ortaya çıxıb. İmtahanın nəticəsinə əsasən məlum oldu ki, orta ümumtəhsil məktəblərində çalışan ingilis dilini tədris edən müəllimlərin nəticələri digərləri ilə müqayisədə çox aşağı idi:

 "Ali məktəblərə qəbul imtahanlarında bütün ixtisas qrupları üzrə ən aşağı nəticə məhz xarici dil, xüsusən də ingilis dili fənnində özünü göstərdi. Bu onu sübut edir ki, orta ümumtəhsil məktəblərimizdə xarici dili tədris edən müəllimlərin bilik və bacarıqları həm yerli tələblərə, həm də dünya standatlarının tələblərinə cavab verə bilmir. Yəni müəllimlərimizin bilik və bacarıqları tələb olunan səviyyədən aşağıdır. Bilirsiz ki, müəllimlərimiz daha çox repetitor fəaliyyəti göstərirlər. Onlar əzbərçilik və köhnə metodikadan istifadə etməklə xarici dilin tədrisini həyata keçirirlər. 

Nəzərə alsaq ki, 2019-cu ildən etibarən Dövlət İmtahan Mərkəzi həm 9, həm 11-ci siniflərdə buraxılış və qəbul imtahanlarının 1-ci mərhələsini tamamilə yeni formatda, dünya təhsil çağırışlarına cavab verəcək tərzdə həyata keçirirdi. Yəni şagirdlərin təkcə oxu bacarıqlarını yox, eyni zamanda dinləmə bacarıqlarını da yoxlamaq üçün test tapşırıqlarından istifadə olundu. Bu yeni qaydalar bir neçə ay əvvəl bizdə tətbiq olunanda orta ümumtəhsil məktəblərimizdə xarici fənn müəllimləri ciddi etiraz etməyə başladı ki, bizim uşaqlarımızın dinləmə bacarıqları yoxdur. Şagirdlər bu tipli test tapşırıqlarına necə cavab verəcəklər? 

Əslində onlar o etirazları uşaqlarına görə etmirdilər, ona görə edirdilər ki, özlərinin bu bacarıqları yoxdur. Yeri gəlmişkən, Dövlət İmtahan Mərkəzi tamamilə dövlətin standartlarını yerinə yetirmək məqsədilə bu tipli test tapşırıqlarını verir. Təəssüf ki, bizdə orta ümumtəhsil məktəblərində çalışan ingilis dilini tədris edən müəllimlərin böyük əksəriyyəti daha çox dərsdə boş-boş danışığa, söhbətlərə yol verdiklərinə görə keyfiyyətli təhsil apara bilmirdilər. Ona görə də Bakı şəhəri Təhsil İdarəsi orta ümumtəhsil məktəblərimizdə xarici dilin tədrisinin aşağı səviyyədə olduğunu nəzərə alıb keyfiyyətin yüksəldilməsi məqsədilə bu imtahanlara və yeni təlimlərə başlayıb. Bu təlimləri çox yüksək qiymətləndirirəm, düşünürəm ki, əsasən xarici dilin keyfiyyətinin artması əsas hədəflərdən biri olmalıdır. Ümid edək ki, bu təlimlərin nəticələri yaxşı olacaq. 

Təbii ki, bu təlimlər müasir standartlar çərçivəsində qurulmalı və təkcə sertifikat vermək naminə işə nəzarət olunmamalıdır. Yekunda isə müəllimlərin bilik və bacarıqları düzgün qiymətləndiriləcək. Çox güman ki, bu təkcə cari tədris ili üçün deyil, mütəmadi olaraq həyata keçirilməsi məqsədi daşıyacaq. Bakı Şəhər Təhsil İdarəsinin keçirəcəyi bu təlimlərdən, imtahanlardan sonra müəllimlərin keyfiyyət göstəricisi də yüksələ bilər. Müəllimlərin ingilis dili bilik və bacarıqlarının kompitensiyaları artar".

K.Əsədov həmçinin onu da qeyd edib ki, Təhsil Nazirliyinin digər məqsədi də ondan ibarətdir ki, bilik və bacarıqları tələblərə cavab verməyən müəllimlər sistemdən kənarlaşdırılsın. "Onların əvəzinə məktəblərə daha müasir, daha yüksək nəticəli, daha çevik və müasir çağırışlara cavab verən müəllimlər cəlb olunsun. Əsas işin məqsədi məhz bundan ibarətdir. Hesab edirəm ki, bu addımı dəstəkləmək vacibdir. Çünki təhsilin keyfiyyətinə, inkişafına ciddi və müsbət təsirini göstərəcək".

İlahə Əhmədqızı