“II Qareginin erməni hakimiyyətinə təsir göstərmək gücü yoxdur”
Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə ilə bütün ermənilərin katolikosu II Qaregin arasında görüş olacaq. Görüşün sentyabrın 8-i Moskvada keçirilməsi gözlənilir. Məlumata görə, təklif Moskva və bütün Rusiyanın patriarxı Kirilldən gəlib. Görüşdə əsasən Dağlıq Qarabağ münaqişəsi ətrafında fikir mübadiləsi aparılacaq.
Dini liderlər münaqişənin dini müstəviyə keçməməsi, o cümlədən münaqişə ilə əlaqədar baş verən gərginliklərin təkrarlanmaması, problemin həllinə dini liderlərin hansı töhfələri verə biləcəyinə dair məsələləri müzakirə edəcəklər. QMİ mətbuat xidməti belə bir görüşün keçiriləcəyini təsdiqləyib. Xatırladaq ki, dini rəhbərlərin bir araya gəlməsi ilə bağlı birmənalı fikir yoxdur. Az bir qisim bu cür təmasların faydalı olacağını iddia etsə də, əksəriyyət faydasız olacağını deyir.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa görüşün məna kəsb etmədiyini bildirib. Deputatın sözlərinə görə, Ermənistanın dini lideri müstəqil şəxs deyil:
"II Qareginin erməni hakimiyyətinə təsir göstərmək gücü yoxdur. O cür şəxslərin hamısı sovet kəşfiyyatının təmsilçiləridir. Ermənistan isə tamamilə Rusiyanın forpostudur. Düşmən ölkənin istər siyasi quruluşu, istərsə də dini quruluşu Moskvadan tam asılıdır. İrəvan Kremldən konkret təlimat almazsa, belə görüşlər Dağlıq Qarabağ münaqişəsinin həllində faydalı ola bilməz. Lakin hesab edirəm ki, faydasız olsa da, bu cür görüşlərdən qaçmaq olmaz. Ən azı görüntü xatirinə görüşlərin reallaşması vacibdir. Yəni düşmənçilik aurasının daha artıq genişlənməməsi və çox kiçik problemlərin dini liderlər səviyyəsində həlli üçün, o cümlədən əsir və girovların taleyinin öyrənilməsi istiqamətində belə görüşlərdə nələrəsə ümid bəsləmək olar”.
Milli Məclisin üzvü, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə isə dini liderlərin bir araya gəlmə ehtimalını münaqişə tərəflərinin növbəti təması kimi qiymətləndirib: "Azərbaycan tərəfi hər zaman bəyan edib ki, düşmən ölkə ilə müxtəlif səviyyəli görüşlərə hazırdır. Rəsmi Bakı görüşlərdən qaçmır və münaqişənin həlli istiqamətində danışıqların davam etdirilməsini dəstəkləyir. Biz sülh əldə etmək üçün bütün imkanlardan istifadə edirik. Lakin düşmən ölkə qeyri-konstruktiv mövqeyindən əl çəkmir”.
İsmayıl