Fazil Məmmədov yeni vəzifəyə təyin edilə bilərmi? - Deputat danışır

Tahir Kərimli:"Bu,ölkə başçısının səlahiyyətindədir. Amma belə kadr dəyişikliyi baş verdikdə insanlarda ümid yaranır"
"Bildiyimə görə, sabiq nazir Fazil Məmmədov səhhəti ilə bağlı vəzifəsindən azad olunub”.
Bunu "Sherg.az”a ötən gün ölkə başçısının iki nazirlə bağlı verdiyi sərəncama münasibət bildirərkən millət vəkili Tahir Kərimli deyib. 
Onun sözlərinə görə, təhsil naziri özünü korrupsiyaya bulaşmadığını göstərə bilib:
"Təhsildə mövcud olan problemləri inkar edə bilmərik. Amma nazirin bu keyfiyyəti danılmazdır. Mikayıl Cabbarov islahatçıdır. 2000-ci illərin əvvəlində iqtisadiyyat nazirinin müavini vəzifəsində də çalışıb, təcrübəsi var. Dəqiq deyə bilmərəm ki, vəzifə dəyişikliyində ölkə başçısı hansı kateqoriyaları əsas götürüb. Fikrimcə, vergi sistemində yeni nazirin təyin olunması, daha dərin, demokratik islahatların keçirilməsi, vergi qanunvericiliyinin tam mənimsənilməsi, mütərəqqi islahatların ölkədə tətbiq edilməsinə kömək göstərəcək. Nazirin özünün də humanist obrazı var. Prezident bu addımı ilə vergi islahatlarının yönünü göstərdi. Aqressiyanın olmaması, yumşaq təsir mexanizmlərinin işə salınması, sahibkarların investisiya yatırıb, inkişafa can atmasına həvəsləndirməsi üçün kadr islahatının mühüm əhəmiyyəti var.
Keçmiş nazirə uğurlar arzu edirəm. Uzun müddətdir, o bu sahədə çalışır. Onun səhhəti yaxşılaşarsa, yeni vəzifəyə təyin edilib, edilməyəcəyi ölkə başçısının səlahiyyətindədir. Belə kadr dəyişikliyi baş verdikdə insanlarda ümid yaranır. Dəyişikliklərin pozitiv yöndə istiqamətlənməsinə insanlar daha çox inanır”.
Qeyd edək ki, Prezident İlham Əliyevin dekabrın 5-də imzaladığı sərəncama görə, vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edilib. Ölkə başçısının digər sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov da vəzifəsindən azad olunub, o, başqa bir sərəncamla vergilər naziri təyin edilib.
Aysel Aslan